Üç il bundan əvvəl 75 yaşını qeyd etmişdik, yüz illiyini Qarabağda qarşılamağı arzulamışdıq. Söz verdi ki, Qarabağı, doğulub boya-başa çatdığı Hüngütlü kəndini görməmiş ölməyəcək. Onda heç Qarabağımızın belə tezliklə işğaldan azad ediləcəyi ağlımıza gəlməzdi. Hadisələr çox sürətlə cərayan etdi, müzəffər Ordumuz 30 il idi ki tapdalanan torpaqlarımızı düşmənlərdən təmizlədi və qarabağlı soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışına daha heç bir əngəl qalmadı, ancaq sayılı günlər qalır. Hüseyn müəllim də daxili bir sevinc, fərəh hissilə o günləri sayırdı, amma gör fələk nə saydı...
Dünən onun həyata həmişəlik göz yumduğunu eşitdik. Dünyada tüğyan edən, bizim də bir çox görkəmli şəxsiyyətlərimizə aman verməyən karonavirus kabusu Hüseyn müəllimi də aramızdan apardı və daha bir ləyaqətli, millətsevər ziyalımızın ömrünə son qoydu, onun azad Qarabağa, ata yurduna getmək arzusunu gerçəkləşdirməyə imkan vermədi. Biz isə qayğıkeş iş yoldaşımızı, dostumuzu, maraqlı həmsöhbətimizi, zəhmətkeş alimimizi itirdik.     
Hüseyn Ağamalı oğlu Xəlilov 1942-ci ildə Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuş, 1959-cu ildə həmin rayonun Əhmədalılar kənd orta məktəbini, 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsinin geologiya şöbəsini bitirmişdi. Bir müddət  Qazaxstanda işləmiş, oradan hərbi xidmətə çağrılmış və ordudan tərxis olunduqdan sonra Azərbaycana qayıdıb 1969-cu ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda işləyirdi. 2015-ci ildən  “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri və həm də “Azərbaycan Ensiklopediyası” NPB-də məsləhətçisi idi.      
Hüseyn müəllim Coğrafiya İnstitutunda elmi fəaliyyətə başladığı ilk günlərdən geomorfologiyanın ən müasir və perspektivli sahələri olan morfostrukturşünaslıq, paleogeomorfologiya və ekogeomorfologiya, eləcə də Xəzər dənizi səviyyəsinin tərəddüdü və ekoloji turizm məsələləri ilə məşğul olmuş, 1980–ci ildə  namizədlik, 2004-cı idə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapmışdır, “Kiçik Qafqazın şərq hissəsinin morfostrukturları” monoqrafiyası isə  geomorfoloqların masaüstü kitabıdır. 
H.Xəlilov bir sıra çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri, yerinə yetirilən plan və təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin və hesabatların əsas icraçısı olmuşdur. Onlardan “Qafqazın regional geomorfologiyası” (Moskva, 1979), “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası” (3 cilddə, Bakı, 1996, 1999, 2000), “Azərbaycanın paleogeomorfologiyası” (Bakı, 2011), “Azərbaycanın neotektonik xəritəsi”(Moskva, 1991), “Azərbaycanın geomorfoloji xəritəsi” (Bakı, 1996), “İzahlı geomorfologiya lüğəti” (2012), “Geomorfoloji oçerklər” (Bakı, 2020) və s. əsərləri xüsusi qeyd etmək lazımdır.     
H.Xəlilov 200-dək elmi  və  müxtəlif kütləvi informasiya vasitələrində təbiətlə bağlı çoxlu sayda silsilə elmi-kütləvi məqalələrin müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə “Ensiklopedik coğrafiya lüğəti” nəşrə hazırlanmış, “Uşaqlar üçün Ensiklopediya. Geologiya” tərcümə kitabında təbiət abidələri haqqında məqalələri Azərbaycan dilinə tərcümə etmiş və bir sıra məqalələrin müəllifi olmuşdur. O, həmçinin,  “Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası”, “Qarabağ” və üç cilddən ibarət fundamental “Türk dünyasının coğrafiyası və etnosu” kitablarının ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərmiş, onların hazırlanmasında əsas icraçılarından biri olmuşdur.      
Hüseyn Xəlilov geomorfoloq alim kimi xaricdə də tanınır. O, bir sıra beynəlxalq konfransların iştirakçısı olmuş, əsərləri Rusiya, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan, Yaponiya və İngiltərədə çap olunmuşdur.
Hüseyn müəllim gənc elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. O, müxtəlif illərdə Azərbaycan Dövlət Pedoqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən BDU-nun Coğrafiya fakultəsinin “Fiziki coğrafiya” kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs aparırdı. H.Xəlilov Coğrafiya İnstitutunun Elmi Şurası və Dissertasiya Şurasının üzvü və həmin şuranın ixtisaslaşdırılmış Elmi Seminarının rəhbəri idi və son illərdə Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti seçilmişdi. Onun rəhbərliyi altında 2 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 6 nəfər doktorant dissertasiya işlərini başa çatdırmış, 8 nəfər isə dissetasiya üzrə işlərini davam etdirirlər.  Qonşu İran İslam Respublikasının coğrafiya üzrə gənc kadrların yetişməsində də Hüseyn müəllimin xeyli xidmətləri olmuşdur.
Ömrünün  50 ilindən çoxunu Azərbaycanda geomorfologiya elminin inkişafına həsr etmiş Hüseyn müəllim son günlərə qədər fəal elmi fəaliyyət göstərir, çöl ekspedisiyalarına çıxır, gənc kadrlar hazırlayır və elmi axtarışlarını davam etdirirdi. İnstitutun “Qarabağın coğrafiyası” kollektiv monoqrafiyanın şöbəyə aid hissəsi üzərində həvəslə işləyirdi.
Təbiət elmləri arasında xüsusi yeri olan geomorfologiya - geologiya və coğrafiya elmlərinin təmasında yaranıb və relyefin quruluşu, əmələgəlməsi və inkişaf qanunauyğunluqlarını  öyrənir. Bu səbəbdən, həm geoloq, həm də coğrafyaçı kimi Hüseyn müəllim öz tədqiqatları ilə geologiya və coğrafiya  elmlərinə xeyli dəyərli töhfələr vermişdir. Onun bu xidmətlərini  xalq heç vaxt unutmayacaq, qoyub getdiyi elmi irsdən yeni gələn nəsillər daim bəhrələnəcək və o onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Təəssüf ki, Hüseyn müəllim çox sevdiyi Qarabağa özü gedə bilmədi, onu çiyinlərdə apardılar, orada, öz vəsiyyətinə uyğun olaraq, kənd qəbristanlığında dəfn etdilər. Allah rəhmət eləsin! 

Rəşid Fətəliyev

AMEA, akad. H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Bakı, 09.05.2021

Modern.az