Necə edək ki, Qarabağda tikiləcək evlər, kəndlər, şəhərlər bir-birinə oxşamasın?

Qarabağın işğaldan azad olunması tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşımıza həkk olundu. Əzilmiş milli qürurumuzu bizə qaytaran, əyilmiş qamətimizi dikəldən müzəffər Ordumuza, öz canından və qanından keçən əsgər və zabitlərimizə, Ali Baş Komandanımıza minnətdarlığımız sonsuzdur. Onlar öz müqəddəs vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirdilər.

İndi növbə bizimdir: fəhləsindən tutmuş aliminə, kəndlisindən tutmuş mühəndisinə, iş adamından tutmuş dövlət qulluqçusuna qədər hamımız düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş o yerləri dirçəltmək, yenidən cənnətə çevirmək üçün hərə əlindən gələni əsirgəməməli, quruculuq-bərpa işlərinə öz kiçik də olsa töhfəsini verməlidir. 

Vətən müharibəsiində olduğu kimi, hamımız bir yumruq olub, əl-ələ verib doğma Qarabağımızın çiçəklənməsi üçün çalışmalıyıq, elə ölkəmizin Prezidenti hörmətli İlham Əliyevin söylədiyi kimi: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.”

Artıq dövlət tərəfindən bu itiqamətdə işlərə start verilib, müvafiq qanunverici baza yaradılıb, idarəetmə strukturlarının, bərpa-yenidənqurma işlərinin konsepsiyası müəyyən edilib və müxtəlif infrastruktur layihələri işlənib hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılması haqqında Prezident Fərmanı imzalanıb. 

Bunlarla bərabər, ərazilərin minalardan təmizlənməsinə, infrastruktur obyektlərin yaradılmasına, Şuşaya və Kəlbəcərə yolların çəkilişinə, Füzuli şəhərində hava limanının tikintisinə başlanıb və işlər sürətlə davam etdirilir.

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı daha bir sənəddə beş ən mühüm prioritet sırasında “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı bəndin yer alması da dövlət başçısının bu bölgəyə xüsusi diqqətinin bariz nümunəsidir.

Göründüyü kimi, istər maddi, istərsə də mənəvi cəhətdən görüləsi işlərimiz kifayət qədərdir və bütün bu işlərin yerinə yetirilməsi üçün çox böyük vəsaitlərin xərclənməsi tələb olunur. Ancaq bu xərclərin azaldılmasının bir yolu da özəl sektoru cəlb etməklə yerli xammala əsaslanan istehsalat sahələrinin yaradılmasıdır. 

Aydındır ki, istənilən ərazinin, xüsusilə dağ regionlarının iqtisadi yüksəlişində yerli mineral - xammal mənbələrinin mövcudluğu və onlardan səmərəli istifadə önəmli amillərdəndir. Bəs görəsən, dirçəltmək istədiyimiz Qarabağda hansı mineral resurslara malikik və onlardan istifadə nə dərəcədə mümkündür?

Geologiya elmi öyrədir ki, Yer kürəsində faydalı qazıntılar bərabər olmasa da müəyyən geoloji qanunlara uyğun şəkildə yayılıblar və hər bir konkret ərazinin minerallarla zənginliyi və ya kasıblığı o yerin geoloji inkişaf tarixi, tektonik quruluşu və metallogenik xüsusiyyətləri ilə bağlıdır. Bu cəhətdən Qarabağ, xüsusən onun dağlıq hissəsi mineral ehtiyatlarla zəngin ərazi hesab edilə bilər.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğalaqədərki dövrdə bu ərazidə ehtiyatları təsdiq olunmuş müxtəlif növ 167 faydalı qazıntı yatağı mövcud olub və ümumiyyətlə, geoloqlarımız tərəfindən 561 yataq və mineral təzahürü aşkar edilərək qeydiyyata alınıb. Onlardan 5-i qızıl, 2-si mis, 7-si civə, 12-si bəzək daşları, 9-u gil, 20-si sement xammalı, 10-u mişar daşı, 4-ü qum, 11-i mineral su və s. yataqlardan ibarətdir. 

Şübhəsiz ki, düşmən işğal müddətində bu yataqların bir qismini istismar edib talayıbdı, xüsusən də qızıl yataqlarını. Hələlik bizim əlimizdə o yataqların indiki vəziyyəti, talanmanın parametrləri haqqında səhih bilgilər olmasa da kosmik çəkilişlərdən və digər mənbələrdən alınan məlumatlara görə demək olar ki, ən çox istismara məruz qalan Kəlbəcərdəki Söyüdlü (Zod) və Ağduzdağ, keçmiş Ağdərə rayonundakı Qızılbulaq və Zəngilandakı Vejnəli qızıl yataqlarıdır – bunlar isə ayrıca söhbətin mövzusudur.

 

Bu yaxınlarda ETSN-nin Milli Geoloji-Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin ictimaiyyətə verdiyi açıqlamada həmin ərazidəki yataqların diaqnostikasına (incələnməsinə) başlanılacağı bildirildi. Aydındır ki, yataqların vəziyyətini dəyərləndirmək üçün yerində müşahidələr və ölçmələr aparmaq, müxtəlif analizlər üçün nümunələr götürmək, onların nəticələrini təhlil etmək və s. bu kimi işlərə bir qədər zaman tələb olunur. 

Təbii ki, bölgənin faydalı qazıntıları arasında ən qiymətlisi qızıl və mis yataqlarıdır ki, işğal altında olmuş ərazilərdə onların ümumi ehtiyatları 205,3 ton qızıl, 251,1 ton gümüş, 561,4 min ton mis, 18,5 min ton molibden təşkil edirdi. Bu ehtiyatların bir qismi işğalçılar tərəfindən qanunsuz olaraq, xaincəsinə çıxarılıb mənimsənilsə də, güman edirik ki, hələ onların xeyli hissəsi yerin təkində qalmaqdadır. Nəzərə alsaq ki, hazırda dünya bazarında əksər metalların, xüsusən də qızılın qiyməti hədsiz yüksəkdir (1 unsiyası 1800 ABŞ dolları), o yataqların tezliklə özümüz tərəfindən istismara cəlb edilməsi Qarabağın dirçəldilməsinə tutarlı maliyyə dəstəyi olardı.

Bununla belə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində işlənən ən vacib tikinti materiallarından sayılan qumun, çınqılın, əhəngdaşının, mişar daşının, gilin, sement xammalının, üzlük daşının və s. bu kimi faydalı qazıntı növünün milyon kub metrlərlə ölçülən ehtiyatları mövcuddur. Həm də metal faydalı qazıntılarından fərqli olaraq bu tip yataqlara demək olar ki, azad edilmiş bütün rayonların ərazisində rast gəlmək mümkündür. Məsələn, Ağdamda nəhəng Şahbulaq, Kəlbəcərdə Kilsəli, Laçında Əhmədli, Qubadlıda Hacılı, Cəbrayılda Tuluz, Füzulidə Dövlətyarlı mişar daşı yatağını və s. misal göstərmək olar. 

 

 

Zəngin gil yataqlarının bazasında kərpic istehsalı sexləri, qum-çınqıl yataqlarında isə karxanalar təşkil edilərsə, bu materialların xeyli uzaqlardan daşınıb gətirilməsinə ehtiyac qalmaz. Ağdam rayonunda külli miqdarda ehtiyatlara malik sement xammalı yataqları (Çobandağ, Boyəhmədli, Şahbulaq) burada region üçün çox vacib sement zavodunun inşaası üçün əsas ola bilər. Mövcud çoxsaylı mineral sulardan (İstisu, Keşdək, Tutqun - Kəlbəcər, Minkənd - Laçın) səmərəli istifadə olunarsa bölgənin iqtisadi tərəqqisinə dəstək olar, yeraltı şirin su ehtiyatları isə işğaldan azad edilmiş şəhər və kəndlərimizin su təminatını ödəmək üçün yetərli mənbələrdir.

Göründüyü kimi, Qarabağda bərpa-quruculuq işləri üçün kifayət qədər yerli mineral-xammal eytiyatları mövcuddur və onlardan məqsədyönlü istifadə edilməsi işlərin sürətləndirilməsinə və maya dəyərinin aşağı düşməsinə imkan verərdi.

O yerlərə az-çox bələd olduğumdan mövzu ilə əlaqədar bir məsələyə də toxunmaq istərdim. Qarabağ əsasən dağlıq və dağətəyi ərazilərdən ibarətdir və aran yerlərdən fərqli landşaft xüsusiyyətlərinə malikdir. Əsrlərlə bu yerlərdə yaşayan əhali də əsasən yerli materiallardan – çaylaq daşı, qaya daşı, tuf, but daşı və s. istifadə etməklə relyefə, imkan və zövqlərinə uyğun evlər tikmiş, kəndlər, şəhərlər salmışlar. Bu səbəbdən oralarda insan əməyinin məhsulu və təbiət arasında bir harmoniya, hər kəndin, şəhərin özünəməxsus kaloriti, aurası hiss olunurdu. 

Çox yaxşı olardı ki, bərpa-quruculuq işlərində o xüsusiyyətlər mümkün qədər saxlanılsın – tikiləcək evlər, kəndlər, şəhərlər bir-birinə oxşamasın və turistlər üçün də maraqlı məkana çevrilsin. Bu üzdən düşünürəm ki, imkanı və istəyi olan insanlara o yerlərdə ev tikmək, fərdi təsərrüfat qurmaq üçün şərait yaradılmalı, dövlət tərəfindən müəyyən yardımlar edilməlidir. Nəticədə həm Qarabağın dirçəlişi prosesi sürətlənər, həm dövlətə düşən yük azalar və həm də yaşayış məntəqələrimiz bir-birindən fərqli, gözəyatımlı görkəm alar.

Rəşid Fətəliyev

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Bakı, 08.02.2021