“Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

İlham Əliyev

İmişli İcra başçısının həbsi ilə əlaqədar kadrlara baxanda ilkin olaraq adamda elə təsəvvür yaranır ki, Mərkəzi Bankın anbarından reportaj hazırlanıb və vəzifələrinin mahiyyətini anlamayan bu insanların işi-peşəsi ancaq siyahı tutub camaatdan bac-xərac yığmaq imiş.  Hörmətli Prezidentimizin sözlərilə desək: “Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz.”

Ancaq qəribə də olsa, ölkə başçısının xəbərdarlıqları, digər həmkarlarının acı aqibəti bunlara təsir etmir, dərs olmur. Nə qanundan qorxurlar, nə də Allahdan. 

Baxırsan, dəhşətə gəlirsən, hansı yüksək vəzifədə olanı tərpədirsən altından milyonlar, xalqdan oğurlanmış fantastik sərvət, mal-mülk çıxır. Kasıb, imkansız insanlara dövlətin dəstəyi kimi verilən kartları seyflərində gizlədənlərə nə deyəsən!? 

 

Onların bu çirkin fəaliyyətlərinə ən sərt qiyməti Prezident mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı vermişdir: "Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. ...Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır".

Hər bir vicdanlı insan  onların bu eybəcər hərəkətlərindən dəhşətə gəlir. Bunlar azmış kimi oğurladıqları sərvəti də utanmadan, şəstlə xalqın gözünə soxaraq insanları qıcıqlandırır və cəmiyyətdə narazılıqlar, etirazlar doğururlar. Başa düşmək olmur, rayonda fironluq edən icra başçısı, gec-tez belə miskin vəziyyətə düşə biləcəyini qabaqcadan niyə anlamır?

Bu bir həqiqətdir ki, milləti millət kimi formalaşdıran onun həqiqi savadlı, hərtərəfli qabiliyyətə malik, milli qeyrətli, müstəqil fikri olan, vətənpərvər ziyalıları, işadamları, rəhbərləridir. Haradadır onlar? Təəssüf ki, bir çox hallarda belə keyfiyyətlərdən uzaq olanlar, saxta diplom alanlar, ali məktəbləri sürünə-sürünə bitirənlər müxtəlif yollarla yüksək vəzifələrə dürtülərək onları hər yerdən sıxışdırıb çıxardır, kölgədə qoyurlar.

 

Göründüyü kimi, inzibati idarəetmədə boşluqlar mövcuddur, xüsusən də rayon idarəçiliyi prinsipi artıq özünü doğrultmur və onu dəyişməyə ciddi ehtiyac var. Ölkə Prezidenti İlham Əliyevin icra başçılarının həbsi ilə əlaqədar çıxışlarından gətirdiyimiz yuxarıdakı sitatda da “korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq” deməsi məhz bu kimi məsələləri nəzərdə tutur.

Çıxış yolları nədən ibarətdir?

Burada məsələnin iki tərəfi var: maddi-mənəvi və iqtisadi-coğrafi. Mənəvi tərəf deyəndə, əlbəttə ki, ilk növbədə rəhbər vəzifəyə qoyulan adamın savadı, iş bacarığı, insanlarla münasibəti, dövlət dilinə, vətəninə bağlılığı və s. keyfiyyətlər nəzərdə tutulur.

Qəti əminəm ki, əsil savadlı, ziyalı, vətənpərvər insan mənəviyyatsız ola bilməz, yetimin malına göz dikməz, xalqını talamaz, millətinin başını aşağı eləməz. Belələri, Konfutsi demiş, ölkədə həmişə var, sadəcə, onları tapıb yerinə qoymaq lazımdır.

Tapmağın isə hələlik bir yolu - test imtahanıdır. Yaxşı olar ki, bütün rəhbər vəzifələrə namizədlər Azərbaycan dili və tarixi fənlərindən, iqtisadiyyatdan və qanunvericilikdən, idarəetmədən və rəhbərlik edəcəyi sahənin “əlifbasından” imtahan versinlər.

Müsahibə üç nəfərin iştirakı və videoçəkilişlə aparılsın və qərarverən şəxsə namizədin şəxsi məlumatları ilə bərabər imtahan və müsahibə materialları da təqdim olunsun. Rəhbər vəzifələrə təyinatlar belə icra olunarsa, ümid etmək olar ki, 2-3 ildən sonra idarəetmədə neqativ hallar tam yox olmasa da, xeyli azalar.

Məsələnin maddi tərəfi isə rəhbər vəzifəli şəxslərin layiqli yaşayışının təmin edilməsi üçün onların maaşlarının artırılmasından ibarətdir. Çünki onun gözünün başqasının əlində və ya cibində olmaması üçün məsuliyyətinə uyğun maddi təminatının ödənilməsi mütləqdir. Təbii ki, burada bunlarla bərabər, onlara ictimai nəzarətin gücləndirilməsi məsələlərinə də düqqət etmək lazımdır.

Məsələnin o biri tərəfi, dediyimiz kimi, iqtisadi - coğrafi yanaşmadır. Düzdür, Azərbaycan ərazisi 10 iqtisadi-coğrafi əraziyə bölünübdür, amma bü bölgü əsasən elmi və statistik hesabatlar üçündür. İdarəetmə sahəsində isə mövcud “İnzibati ərazi bölgüsü təsnifatı”na yenidən baxılmalıdır. Burada bir neçə variant var ki, müzakirə edib birini qəbul etmək olar.

 

İstənilən halda, ilkin addım kimi, köhnə Sovet dönəmindən qalmış “rayon” anlayışından imtina etmək lazımdır, necə ki, keçmiş Sovet respublikalarının əksəriyyəti, o cümlədən yaxın qonşularımız çoxdan imtina ediblər. Əslində, bu, əhatəli bir mövzudur və bir kiçik yazıda bütün incəlikləri vermək imkansızdır. 

Məsələn, düşünürəm ki, “Quba rayonu” əvəzinə “Quba eli”, “Bərdə rayonu” əvəzinə “Bərdə eli” və s. işlətsək daha milli məna kəsb edər. Qardaş Türkiyədə inzibati ərazi bölgüsü kimi “il” və “ilçə” (azəb. dilində “el” və “elçə”) anlayışından istifadə edilir. İlçə bizim rayonlara uyğun gəlir, il isə təxminən 5-10, bəzən isə 15-20 rayonun birgə ərazisinə uyğundur. Əvvəllər orada il vilayət adlanırdı, yəqin ərəb sözü olduğu üçün ondan imtina etdilər.

Sonrakı addımda isə əhalinin sayından, ərazisinin sahəsindən, coğrafi mövqeyindən, tarixi bağlılığından və s. asılı olaraq, bir neçə eli “mahal” və ya “diyar” ərazi-inzibati bölgüsündə birləşdirmək məqsədəuyğundur.

Təklif edilən bu ərazi termini barədə müzakirələr aparmaq olar, keçmişdə mövcud olmuş “nahiyə”, “sancaq”, “qəza”, “dairə”, “uyezd”, “vilayət” və s. ərazi bölgüləri, məncə, indi o qədər də aktual deyil, amma digər bölgü sisteminə də baxıla bilər.

Düşünürəm ki, 10 milyon əhalisi, 87 min kv.km ərazisi olan, 73 kənd və 12 şəhər rayonundan ibarət ölkəmizi, təxminən hər birinin sahəsi 4-5min kv.km, əhalisi 300-400 min nəfər olan 20 mahalda (diyarda) və 10 respublika tabeli şəhərdə birləşdirib daha səmərəli şəkildə idarə etmək mümkündür.

 İstənilən halda, inzibati-ərazi vahidlərini iriləşdirmək zəruridir. Çünki nəticə olaraq, birincisi, nəzarət imkanı asanlaşar və talançılığın qarşısı bir qədər alınar. 

İikincisi, büdcənin yükü azalar və yerli ərazi vahidi üçün faydasız, şişirdilmiş icra aparatlarınn əvəzinə mobil, işgüzar və yüksək maaşılı icra qurumları formalaşar.

Üçüncüsü, yerlərdə kənd təsərrüfatının, biznesin, turizmin inkişafına mane olanların sayı azalar, bu sahələr daha sürətlə inkişaf edər və xalqın rifahı xeyli yaxşılaşar.

Dördüncüsü, mahal (diyar) mərkəzləri müasir infrastruktura malik şəhər kimi formalaşar, regional mərkəzlər yaranar ki, paytaxta axın zəifləyər, ölkə ərazisinin asimmetrik deyil, proporsional inkişafı təmin olunar, və s.

Digər tərəfdən, əksər rayon mərkəzlərimiz şəhər statusunda olsalar da böyük kəndləri, qəsəbələri xatırladır.

Bəzilərində nəinki əhalinin məşğuliyyəti, heç əhali sayı “İnzibati ərazi bölgüsü təsnifatı”nda şəhər üçün verilmiş standarta (15 min nəfər) uyğun gəlmir. 

Əhalisi və ərazisi təxminən bizim qədər olan ölkələrlə müqayisə edəndə bu qənaətə gəlmək olur ki, 10 milyonluq əhalisi olan ölkəmizin, heç olmasa, 10 müasir görkəmli 100 minlik şəhəri olmalıdır, ən azından Mingəçevir kimi və s.

Qısası, rayonların bir əsrə yaxındır ki, mövcud olan idarəçilik sistemində problemlər var və onların həlli istiqamətində gərəkli addımlar atılmasına, idarəetmə mexanizminin yenidən işlənilərək zamanın tələblərinə uyğun dəyişdirilməsinə zəruri ehtiyac var.

Təbii ki, bu məsələlər yeni deyil və əminəm ki, müvafiq qurumlarda bunlar haqqında düşünülür, müzakirələr aparılır. Bu yazı ilə mən məsələyə dair öz subyektiv fikirlərimi, mülahizələrimi sizlərlə bölüşdüm. Təbii ki, başqa təklflər də var, siz də bildirin ki, çıxış yollarını tapmaqda və talançılarla mübarizədə dövlətimizə dəstək olaq, xalqımıızın gələcəyi naminə, inkişafı naminə!

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun
 
aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent

Rəşid Fətəliyev

AzPolitika.info

12.05.2020.