2 aprel 1993-cü il. Düz 27 il bundan qabaq Vətənimizin ən gözəl guşələrindən biri, xatirələrimə əbədi həkk olunmuş Kəlbəcər rayonu işğala məruz qaldı. İnsanlar illərlə yaşadıqları yurd-yuvalarından didərgən düşdülər, ailələr pərən-pərən olub ölkəmizin digər bölgələrinə səpələndilər, bir qismi isə həlak olub Allahın dərgahına qovuşdu. Onların arasında vaxtılə mənim də tanıdığım, təmas qurduğum insanlar vardı. İndi onlar haradadır bilmirəm, yaşayırlarmı onu da bilmirəm. Amma onlar cismən bu dünyada olmasalar da, bu illər ərzində həmişə mənim xatrələrimdə yaşayıblar, indi də yaşayırlar. Yaddaşımda iz buraxmış belə insanlardan biri də Süleyman dayıdır. Onun illər öncə mənə verdiyi bir ustad dərsini heç unutmuram... 

Səhər yeməyindən sonra Vaqif müəllim hərəyə bir iş, mənə də Süleyman dayı ilə gedib təzə qazılmış xəndəklərdən sınaqlar götürməyi tapşırdı. Mənim təəccüb və narazı halda ona baxdığımı görüb:

- Nə oldu, nədən narazısan?- deyə soruşdu.

- Axı, mən bacarmaram, sınaqların haradan və necə götürülməyini görməmişəm, bilmirəm, birdən düz eləmərəm, - dedim. O isə gülə-gülə: 

- Narahat olma, Süleyman kişi bu işlərin ustasıdır. O özü hər şeyi yaxşı bilir, diplomsuz geoloqdur, sən də diqqətlə bax, öyrən, - dedi. Qulaqlarıma inanmadım, bir anlığa duruxub qaldım – “əcaba, doğrudanmı, Süleyman dayı bu işləri geoloq səviyyəsində bilir, yoxsa, Vaqif müəllim zarafat edir?” – deyə düşündüm. Axı, sınaqların necə gütürülməsini, yəni hansı analiz üçün, hansı süxurdan nə qədər götürülməsini geoloq müəyyən edir, sınaqgötürən isə onun tapşırığını fiziki olaraq yerinə yetirir. Süleyman dayı da sınaqgötürən, yəni fəhlə idi. Bu səbəbdən Vaqif müəllimin dediklərinə heç inanmağım gəlmədi. Amma Vaqif müəllim dəstəmizin baş geoloqu idi, ciddi adam idi, həm yaxşı mütəxəssis, həm də yaxşı insan kimi dəstə işçiləri arasında xüsusi hörməti vardı. Mən isə çöl təcrübəsi keçməyə gəlmiş    tələbə. Düzdür, onun sözləri qəlbimin dərinliklərində bir balaca qüruruma toxundu, amma özümü incik göstərmədim və daha heç nə deməyib tapşırığın yerinə yetirilməsi üçün yol hazırlığına başladım. Müxtəlif  analizlər üçün sınaq torbaları, etiketlər, çəkic, çöl dəftəri, qələm, bel çantası və bir qədər də yemək götürıb yola düşdük.

Xəndəklər qaldığımız yerdən uzaq olduğundan xeyli yol getdik. Yolboyu Suleyman dayı ilə ordan-burdan danışdıq, mənə maraqlı əhvalatlar söylədi və mən qarabaq, ağırxasiyyət kimi bildiyim bu adamın əslində söhbətcil və ünsiyyətli bir insan olduğunu gördüm. O, Zar kəndi tərəfdə Ağduzdağ geoloji-kəşfiyyat dəstəsinin bazasına yaxın kəndlərin birində yaşayırdı və uzun illər idi ki, geologiya-kəşfiyyat sistemində çalışırdı. Tanınmış neçə-neçə geoloqlarla birgə işləmiş, Kəlbəcərin bir çox faydalı qazıntı yatağının aşkar edilməsində onun da müəyyən xidmətləri olmuşdu. Bu müddət ərzində o öz  zəhmətkeşliyi və diqqətcilliyi ilə onlardan çox şey öyrənmişdi. Həm də yaxşı hafizəsi vardı, eşitdiklərini, öyrəndiklərini yadda saxlamağı bacarırdı. Düz-əməlli orta təhsil almamışdı, adi fəhlə idi, amma işə ciddi münasibəti sayəsində bəzi işləri mühəndis səviyyəsində yerinə yetirə bilirdi. Bu səbəbdən  onu tanıyan geoloqlar, o cümlədən Vaqif müəllim, çəkinmədən ona vacib tapşırıqlar həvalə edir, ona güvənir və onun qabiliyyətinə inanırdılar.

Süleyman dayı ucaboy, qarayanız, cüssəli kişi idi. Çox vaxt üzü tüklü olduğundan yaşını təyin etmək çətin idi, haradasa 45-50 yaşı olardı, iri əlləri, yoğun biləkləri vardı. Bariton səslə asta-asta danışardı. Saçları heç ağarmamışdı, qalın qaşları altındakı tünd qara gözləri onun hələ cavanlıqla vidalaşmaq istəmədiyindən xəbər verirdi.

Nəhayət, gəlib xəndəklər qazılan yerə çatdıq. Burada dəstəmizin qazmaçıları tərəfindən eni təxminən 50-60, dərinliyi 60-70sm, uzunluğu isə 30-40m olan, bir-birindən 100-150m aralı dörd xəndək qazılmışdı. Ümumiyyətlə, xəndəklər torpaq qatı altında yatan köklü və ya ana süxurları açmaq, onları tədqiq etmək, onlardan müxtəlif təyinatlı analizlər götürmək üçün qazılır və mühəndis-geoloqlar tərəfindən sənədləşdirilir. Qısa hazırlıqdan sonra vaxt itirmədən başladıq xəndəkləri sənədləşdirməyə: Süleyman dayı süxurları çəkiclə qırıb torbalara doldurur, mən isə sınaqların nömrəsini kiçik kağız parçalarına yazıb, dörd qatlayıb torbaların içinə atır və hər sınaq haqqında müvafiq məlumatları, yəni haradan götürüldüyü, ölçüləri, süxurun adı və tərkibi haqqında məlumatları çöl dəftərimə qeyd edirdim. Amma çöl şəraitində ilk dəfə gördüyüm bu cürbəcür rəngli süxurlar məni lap çaşdırmışdı. Arabir petroqrafiya (süxurlar haqqında elm) və mineralogiya (minerallar haqqında elm) fənlərindən öyrəndiyim nəzəri biliklər sanki itib-batırdı və bu zaman Süleyman dayının qalın səsi köməyimə gəlirdi:

- Bu, qranodiorit–porfir daykasıdır, bax, bu da onun kontaktıdır (təması), görürsənmi, necə dəyişibdi. Hə... bax, bu da zonadır, bunlarda yaxşı qızıl olur, ona görə gərək bu hissədən böyük sınaqlar götürək,- deyib çəkiclə daşları xırdalayır və torbalara doldururdu. Mən də dinməzcə nömrələri yazıb, qeydlərimi edirdim. Ona nə deyəcəyimi də bilmirdim, onun dedikləri məni sanki gipnoz etmişdi, amma istidən qulaqlarımın yandığını hiss edirdim. Görünür, utandığımdan və həsəddən – “bunları mən niyə bilmirəm”- istəyi qulaqlarımı qızartmışdı.

Növbəti xəndəyi sənədləşdirində Süleyman dayı bir az da irəli gedərək:

- Bax, bu da kvars damarıdır, əla damardır, - deyib ağ, süd rəngli kvars mineralından ibarət, eni təqribən 30sm olan damardan bir parça qoparıb mənə sarı uzatdı və - içindəki bu sarı, parıltılı, xırda dənələri görürsənmi, bunlar piritdir,- dedi.

- Hə, çox gözəldir, lap elə qızıla oxşayır, - dedim. Tərkibi dəmir və kükürd elementindən ibarət olan pirit mineralını tanımamaq mümkün deyil, təbiətdə ən çox yayılmış metal minerallardandır. O isə qiymətli bir yataq tapmış geoloq kimi gülümsəyərək:

- Bax, qızıl ən çox onlarla birlikdə olur, bir də xalkopiritdə. Ona görə də biz bu hissədən kimyəvi analiz üçün mütləq sınaq götürməliyik, - deyib çəkiclə kvars damarını döycələməyə başladı.

Quruyub qalmışdım. Süleyman dayı bir geoloq kimi və ya tələbələrini çöl təcrübəsinə aparmış bir müəllim kimi danışırdı. Mənim Universitet auditoriyalarında müəllimlərdən eşitdiyim və kitablardan oxuduğum nəzəri biliklərin tətbiqini Süleyman dayı təcrübi olaraq mənə göstərirdi. Uzun müddət geoloqlarla işləyərək savadsız bir kənd adamının qazandığı bu geoloji bilik, təcrübə  o zaman məni valeh etmişdi. Onun bu qabiliyyəti, hətta məni bir qədər özüm üçün utandırmışdı.

Beləcə, xəndıkləri sənədləşdirdik, sınaqları-süxur dolu torbaları sabah atla gəlib aparacaqdılar deyə bir yerə yığdıq. Artıq günəş dağların arxasına çəkilmişdi, biz də  işimizi tamamlamışdıq, bazaya dönməyə hazırlaşırdıq. Birdən Süleyman dayı narahatlıqla:

- Aaa, deyəsən, axı, bir şeyi unutduq,- dedi.

- Nəyi? – mən təəccüblə soruşdum.

- Nümunə, Vaqif müəllim üçün bayaqkı kvars damarından yaxşı bir nümunə.

- Lazımdırsa götürək.

- Hə, mütləq lazımdır. Vaqif müəllim baş geoloq kimi gərək o nümunəyə baxsın və ilkin olaraq bu yeri qiymətləndirsin. Nümunə aparmasaq yaxşı olmaz, bizi də danlayar, - deyib kvars damarı olan xəndəyə doğru getdi.

Bəlkə də başqası “nəyimə gərəkdir” məntiqilə bunu etməzdi, amma Süleyman dayının  ümumi işə belə can yandırması, qayğısı mənim diqqətimdən yayınmadı, ona hörmətim daha da artdı. Süleyman dayı tezliklə əlində iri bir kvars nümunəsi ilə qayıtdı və biz gəldiyimiz cığırla geriyə – geoloji bazaya yola düşdük.

Baxmayaraq ki, çox yorulmuşdum, amma işin nətcəsindən razı idim, xüsusən də Süleyman dayının ustad dərsindən. Onun bilavasitə çöldə verdiyi bu dərs mənim auditoriyalarda öyrəndiklərimdən də faydalı oldu. Mən onun  praktiki bildiklərindən xeyli bəhrələndim və  sonralar bu təcrübə geoloji-axtarış işlərimdə həmişə mənim karıma gəlirdi.

P.S. Bu yazını “Qarabağı, Kəlbəcəri unutmayaq” harayına dəstək olsun deyə qələmə aldım. Nə düşmən işğalı, nə də koronavirus onu bizə unutdurmamalıdır.  Mən unutmadım, siz də unutmayın!

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu, dosent

Rəşid Fətəliyev

Modern.az

02.04.2020

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024