XX əsrin axırları, XXI əsrin əvvəllərində Xəzər dənizinin səviyyə tərəddüdləri, axınları, dəniz səthinin və su hövzəsi üzərində havanın temperaturu, dərinliyə doğru temperaturun paylanması, gətirmə və qovulma prosesləri, suda neft ləkələrinin yayılma sürəti, dənizdə baş verən ekoloji proseslər, səviyyənin qalxıb enməsi proseslərinin Azərbaycana vura biləcəyi iqtisadi və ekoloji zərərlər və s. kimi problemlərin öyrənilməsi akademik Ramiz Məmmədovun adı ilə bağlıdır. Bəs bu yol necə və haradan başlayıb, bu elmi uğurlar necə qazanılıb, bu yol necə davam etdirilir?

Bu suallara cavab vermək üçün təqribən 45 il geri qayıdıb onun həyat yolunun başlanmasını izləmək kifayətdir!

R.M.Məmmədov 1972-ci ildə o zamankı Azərbaycan, indiki Bakı Dövlət Universitetini bitirir və təyinatla Quba rayonuna müəllim göndərilir. Burada isə rayon mərkəzindən təqribən 50 km məsafədə yerləşən və ən ucqar kəndlərdən hesab edilən Dərk kəndinə fizika-riyaziyyat müəllimi təyin edilir. Bir qədər orada işləyəndən sonra Bakıya qayıdır.

Mərkəzə işə R.Məmmədov 1975-ci ildə o zamankı SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutuna təcrübə keçməyə (stajyor) göndərildi və orada əyani aspiranturaya qəbul edildi.

R.Məmmədov elmi fəaliyyətə başlayarkən açıq dənizdə (Xəzərdə) turbulentliyin birbaşa ölçülməsi məsələsi onun diqqətini cəlb etdi və bu ölçmələrin nəticəsi olaraq onun dənizdəki proseslər haqqında ilk elmi məqaləsi SSRİ Elmlər Akademiyasının «Xəbərlər» jurnalının «Atmosferin okeanların fizikası» seriyasında çap edildi. 

R.Məmmədovun öyrəndiyi və mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də, Xəzərdə cərəyanların, axınların instrumental müşahidələr nəticəsində turbulentlik parametrlərinin qiymətləndirilməsidir. Bu sahədəki tədqiqatlar dənizdə müxtəlif axınların sxeminin müəyyənləşdirilməsi, həmin axınların sahillərin geomorfologiyasına, ekoloji şəraitinə təsirinin qiymətləndirilməsinə və müvafiq qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaratmış olur.

Məlum olduğu kimi, Xəzərin ekoloji və məskunlaşma baxımından ən problemli sahillərindən  biri Abşeron yarımadasıdır. Məhz bu ərazidə axınların sahilə təsirinin öyrənilməsi də gələcəkdə  burada məskunlaşmanın tənzimlənməsinə kömək edə biləcək tədqiqatlardandır.

Elmi baxımdan Xəzərin hidrofiziki sahələrinin öyrənilməsi (Ə.Əliyev və A.Hümbətovla birlikdə), onun tədqiqi yollarının müəyyənləşdirilməsi, metodikasının hazırlanması məsələləri də dövrün əsas promlematik məsələlərindəndir. Çünki, hidrofiziki xüsusiyyətlərə əsaslanmaqla qapalı su hövzələrinin bir sıra fiziki xassələrini öyrənmək mümkündür.

Alim Xəzərin səviyyə tərəddüdlərinə günəş aktivliyinin təsirini də (Ə.Əfəndiyeva və b.) diqqətdən kənarda qoya bilməzdi. Burada onlar günəş fəallığı ilə yanaşı günəş sirklərinin səviyyənin dəyişməsinə təsirini də müəyyən qədər qiymətləndirə bilmişlər və bununla da gələcəkdə elmi tədqiqatçıların bu istiqamətdə fəaliyyət göstərmələrinə bir vəsilə yaratmışlar.

Xəzər dənizi meredional istiqamətdə 1200 km-dən artıq uzanır. Meteoroloji, fiziki-coğrafi, hidrofiziki, geoloji, hətta ekoloji baxımdan belə onu üç hissəyə bölmək olar (şimal, orta, cənub). Bütün əlamətlərinə görə bir-birindən fərqlənən bu üç hissədə səviyyənin dəyişməsi onlar arasında istilik mübadiləsinə də səbəb olur. Təbii ki, bu mübadilə Xəzərdə həm üzvü aləmin, və həm də suyun fiziki və kimyəvi elementlərinin də qarışmasına səbəb olur. Bu problem də ilk dəfə R.Məmmədovun diqqətini cəlb etmiş və buna aid xüsusi məqalə hazırlanıb çap etdirilmişdir (R.Reyfmanla birgə).

Hələ XX əsrin 80-cı illərində Xəzərin səviyyə tərəddüdlərinin respublikanın təsərrüfatına təsirini nəzərə alan alim (A.Kərimov və A.İsrafilovla birgə) səviyyə tərəddüdlərinin proqnozunu hazırlamışdır ki, həmin proqnoz indi də özünü doğruldur. Bakı bulvarının genişləndirilməsi, Ələt limanının tikilməsi layihələri hazırlanarkən o proqnozdan istifadə edilmişdir.

Xəzər dənizi səviyyəsinin proqnozunun metodoloji əsaslarının hazırlanması (B.Budaqov və A.Hümbətovla birgə) ideyası da ona məxsusdur. Bu metodoloji əsasdan istifadə etməklə, gələcəkdə də səviyyə dəyişmələrinin qısa müddətli proqnozlarını hazırlamaq olar. Bunlarla yanaşı o, Xəzərin səviyyə tərəddüdlərinin səbəbləri haqqında da tədqiqat işləri aparmış və bunu daha çox iqlim dəyişmələri ilə əlaqələndirmişdir.

Onun Xəzər dənizinin coğrafi problemlərinə həsr olunmuş ümumiləşdirilmiş məqaləsi bu istiqamətdə aparılmış tədqiqatların çox vacibliyini bir daha diqqətə çatdırır. Bu məqalə ilə alim Xəzərin problemlərinin təkcə elmi-tədqiqatçıları deyil, həm idarəedici orqanları və həm də hər bir vətəndaşı narahat edən bir problem olduğunu bir daha qabardır, və göstərir ki, Azərbaycan əhalisinin 50%-ə qədəri dəniz sahillərində yaşayır, və bilavasitə onunla əlaqədardır. Buna görə də Xəzər İnstitutunun yaradılması və onun kompleks tədqiqatlarla məşğul olması ən aktual məsələlərdən biridir.

Alimin bir sıra əsərləri Xəzərin beynəlxalq statusuna həsr edilmişdir ki, burada o beynəlxalq hüquqa əsasən Xəzəryanı ölkələr arasında göl prinsipi ilə bölüşdürülməsinin daha ədalətli olduğunu elmi şəkildə sübut etmişdir.

R.Məmmədov təkcə Azərbaycan alimləri ilə deyil, xarici ölkə alimləri ilə də çox sıx əlaqədə elmi fəaliyyət göstərir. Onun rusiyalı alimlərlə çoxlu sayda məqalələri çap edilsə də, Q.N.Ranin və İ.V.Mitrofanovla birlikdə çap etdirdiyi «Xəzər dənizinin müasir vəziyyəti» (rus dilində, Moskvanın «Nauka» nəşriyyatı) monoqrafiyasının xüsusi əhəmiyyəti vardır. Çünki bu kitabda Xəzərin müasir vəziyyəti və gələcəkdə gözlənilən problemlər hərtərəfli şəhr edilir, sanki qarşıda duran aktual problemlərin həlli yolları göstərilir.

Xəzər dənizinin tədqiqinə dair R.Məmmədovun əsərlərinin ümumiləşdirilmiş nəticəsi «Xəzər dənizinin hidrometeoroloji atlası»dır desək yəqin ki, yanılmarıq. Çoxlu sayda xəritə, cədvəl və diaqramdan ibarət olan bu atlas Xəzəri öyrənən hər bir tədqiqatçının, Xəzərlə maraqlanan hər bir kəsin (ölkəsindən, vətəndaşlığından asılı olmayaraq) əsaslandığı ən ciddi elmi mənbədir. Atlas Azərbaycan və ingilis dillərində çap edilmişdir.

Alimin ən böyük arzularından biri, Azərbaycanda Xəzərlə məşğul olan, onu kompleks şəkildə  öyrənən bir İnstitutun yaradılmasıdır. Çünki, buna Azərbaycanın hüquqi, coğrafi, iqtisadi və s. kimi haqqı vardır. Həm də Xəzər dənizi hələ Sovet hakimiyyəti illərində belə ətraf respublikalara nisbətən ən çox Azərbaycan alimləri və geoloqları tərəfindən tədqiq edilmişdir.

Ramiz Məmmədov qədər Xəzərə aid elmi əsər yazmış alim yoxdur. Onun ümumi elmi əsərlərinin (300-dən çox) 141-i və ya 50%-ə yaxını Xəzər dənizinin problemlərinə həsr edilib ki, onun da 31-i Qərbi Avropa ölkələrində çap edilmişdir.

Bütün bunlara görə akademik Ramiz Məmmədovun «Xəzərin xanı» adlandırılması təbii olaraq heç kəsdə təəccüb doğurmur.

Ömrünün 70 ilini başa vuran alimin elmi fəaliyyəti Azərbaycan Dövləti tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, 2016-cı ildə onun rəhbərliyi ilə bir neçə coğrafiyaçı alim Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə Elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.

Hazırda akademik Ramiz Məmmədov yaradıcı ömrünün ən məhsuldar dövrünü keçirməklə təkcə Xəzərin deyil, bütün Azərbaycanın coğrafi-ekoloji problemlərini öyrənmək, onların həlli yollarını müəyyənləşdirmək və elmi təkliflərini irəli sürməkdədir. Onun tez-tez təkrarladığı bir ifadə var: «Bizim tədqiqat laboratoriyamız bütün Azərbaycan ərazisidir».

Bir daha AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin Prezidenti, akademik Ramiz Mahmud oğlu Məmmədovu anadan olmasının 70 elmi-pedaqoji və  ictimai fəaliyyətinin 45 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, sağlam həyat və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 AMEA-nın həqiqi üzvü     Fəxrəddin Qədirov,

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun elmi işlər üzrə direktor
müavini, c.ü.f.d, dosent, Azərbaycan
Respublikasının Dövlət mükafatı laureatı  Məhərrəm Həsənov
 
Elm qəzeti, 30 yanvar 2020-ci il

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020