Deyirlər yaşamaq bir sənətdir. Yaradıb yaşamaq, yüksək ideyalar, amallar uğrunda çarpışmaq bu sənətin şərəfli mənbəyidir. İnsanın xoşbəxtliyi onu əhatə edən insanlar arasında oyatdığı duyğulardan asılıdır. Yalnız insaniyyət, xeyirxahlıq, rəhimdillik , insaf, ədalət kimi fəzilətlər ətrafımızdakılarda şəxsiyyətə münasibətdə mehribanlıq, dərin hörmət və ehtiram hissləri doğurur.

İnsan təbiəti bir okeana çevrilib, kainat okeanına. İnsan elmin qüdrəti ilə bu gündə kainatın dərin keçmişinə doğru səyahət edir, hər hansı bir təbii obyektin, materiyanın və ya cismin ilkin vəziyyətini aşkar edir və o dövrün təbiətini də bu günədək izləyir.
Haqqında söhbət açdığımız şəxsiyyət, ömrünü Xəzərin ömrünə qatan, hətta onun yolunda sağlamlığını da qurban verməyə hazır olan, bir zamanlar əngin suların tədqiqatçısına çevriləcəyini heç xəyalına gətirməyən AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Ramiz Mahmud oğlu Məmmədovdur. Ömrün həyat səhifəsini vərəqlədikcə görürsən ki, ömrün hər bir ilinin öz maraq dünyası var. Bu maraq dünyanın ənginliklərinə səyahət edəndə duyursan ki, orada ayrı bir aləm var. Bu aləmin özündə isə elmə, vətənə, xalqa olan möcüzəli, rəngarəng məhəbbət dolu bir həyat durur.
Akademik Ramiz Mahmud oğlu Məmmədov 1950-ci ilin fevral ayının 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. O, 1967-ci ildə orada orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olmuş və 1972-ci ildə universitetin fizika fakültəsini bitirmişdir.
R.M.Məmmədov elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə 1975-1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor, 1977-ci ildə isə həmin institutun əyani aspirantı olmuşdur. 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu sututarlarda turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında “Okeanologiya” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
O, 1980-1985-ci illərdə Azərbaycan “Kosmik Tədqiqatlar” Elm-İstehsalat Birliyində “Xəzər elmi tədqiqat stansiyasının” müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AEA Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən həmin institutun Elmi işlər üzrə direktor müavini, 2013-cü ildən isə direktoru vəzifəsində çalışır.
1996-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Hidrologiya” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almış, 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona “hidrologiya” ixtisası üzrə “professor” elmi adı verilmişdir.
R.Məmmədov Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə-hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin geofizikası, hidrofizikası, ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.
Kür-Araz hövzəsinin transsərhəd su problemləri, ölkəmizdə ilk dəfə olaraq Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir.
R.Məmmədov nəzəri tədqiqatlar sahəsində də dəyərli nəticələr əldə etmişdir. Onun müəllifi olduğu yarımempirik modelə əsasən, dəniz səthində küləyin və istilik axınının kəmiyyət göstəricilərinə istinas edərək, dənizin müxtəlif dərinliklərində temperaturun proqnozunu vermək, okeanologiyanın ən vacib məsələlərindən biri olan termoklinin yerləşmə dərinliyini müəyyən etməyəimkan yaradır. Sonralar alimin əldə etdiyi Xəzər dənizinin sahil zonasında temperatur anomaliyalarının modelləşdirilməsi sahəsində əldə etdiyi nəticələr bu istiqamətdə aparılan tədqiqatların davamı olmuşdur.
O, Xəzər dənizinin transsərhəd çirklənməsinin modelini işləmiş və 2000-ci ildə professor Xrist Moors ilə birgə ABŞ-nın Mülkü Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülmüşdür.Alınmış nəticələr dünyada bu sahədə ən samballı nəşr sayılan “Spill Scinence Technology bulletin” elmi jurnalında çap olunmuşdur.
Xəzər dənizini çirkləndirən əsas mənbələrdən sahil zonasında yerləşmiş sənaye və məişət obyektlərindən dənizə çirkab sularının axıdılmasıdır.Alınmış nəzəri nəticələrin tətbiqi kimi R.M.Məmmədov nisbətən təmizlənmiş çirkab sularının Abşeron sahil zonasına axıdılmasının fiziki-okenaqrafik əsaslarını işləmiş və maksimal özünütəmizləməyə nail olmaq üçün zəruri olan buraxılış dərinliyini və sahildən məsafəni müəyyən etmişdir.
Xəzər dənizinin əsas problemlərindən biri onun səviyyəsinin dəyişməsi sahəsində apardığı elmi axtarışlar səviyyə dəyişilmələrinin səbəblərinə həsr edilmiş və onların kompleks model sxemi tərtib olunmuş və proqnozu verilmişdir. Xəzər dənizi səviyyəsinin kəskin qalxdığı 1978-1995-ci illərdə tədqiqatçıların onun bundan sonra da qalxacağı proqnozunu versə də 1993-cü ildə R.M.Məmmədov onun səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağı haqqında verdiyi proqnozu sonralar özünü doğrultmuşdur.
1999-cu ildən başlayaraq alimin elmi fəaliyyətlərində yeni istiqamət, Azərbaycan Respublikası ərazisinin səhralaşma problemləri xüsusi yer tutur. Bilavasitə onun rəhbərliyi və iştirakı ilə süni peyklərdən alınmış kosmik şəkillər emal edilmiş, respublikanın 35 min kv.km ərazisi üçün səhralaşmanın növü, dərəcəsi, yayılma arealının rəqəmsal xəritələri tərtib edilmiş və səhralaşmaya qarşı mübarizə tədbirləri tövsiyyə olunmuşdur.
R.Məmmədovun tədqiqatları öz novatorluğu ilə həmişə fərqlənmişdir. Bu baxımdan onun Landşaft Planlaşdırılmasına dair elmi-praktiki işləri çox səciyyəvidir. Hazırda təbiətdən səmərəli istifadənin və təbiəti mühafizənin ən müasir vasitələrindən biri sayılan bu sahədəki tədqiqatlarla o, ilk dəfə olaraq Şirvan Milli Parkı və onun ətraf əraziləri üçün landşaft planlaşdırılması aparmış, inkişafının, əsas istiqamətləri və tədbirləri konsepsiyasını hazırlamışdır.
R.Məmmədov beynəlxalq elm fondlarının dəstəyi ilə Xəzər dənizində su dövranlarının tədqiqi üçün yeni və həm də daha effektli nəticə verən “drifter” metodunu tətbiq etmişdir. Bununla yanaşı o, Yerin süni peyki ilə qurulmuş əlaqə nəticəsində alınmış məlumatlar arasında Xəzər dənizinin su dövranlarını tədqiq etmiş, və beləliklə də əvvəllər bir sıra tədqiqatçıların tərtib və təklif etdiyi axınlar sisteminə əsaslı düzəlişlər vermişdir.
Xəzər dənizinin tədqiqinə aid yeni texnologiyalardan biri onun səviyyə dəyişkənliyi, çirklənməsi və başqa problemlərinin öyrənilməsində Yerin süni peyklərindən radar altimetriyası ilə tədqiqatların aparılmasıdır. Bu işi o ilk dəfə 2004-cü ildə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonralar İtaliya, Böyük Britaniya və Alman alimləri ilə tədqiqatlar davam etdirilmiş və onun nəticələrinin 2005-ci ildə Venetsiyada “Radar Altimetriyasının 15 illiyinə” həsr olunmuş beynəlxalq simpoziumda təqdimatı olunmuşdur. 2014-cü ildə onun 300-ə yaxın xəritədən ibarət olan “Xəzər dənizinin hidrometeroroloji atlası” nəşr edilmişdir.
R.Məmmədov beynəlxalq aləmdə yaxşı tanınmış tədqiqatçıdır. Son on ildə 30-a qədər ölkədə məruzə ilə çıxışı olmuş, bəzilərinə isə sədrlik etmişdir. O, dünyanın müxtəlif ölkələrinin 82 şəhərində müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur, hazırda dünyanın 15-dən çox elmi tədqiqat institut və universiteti ilə əməkdaşlıq edir.
Elmi işlərlə yanaşı R.M.Məmmədov aktiv olaraq elmi-təşkilatı və kadrların hazırlanması məsələləri ilə də məşğuldur. Onun rəhbərliyi ilə 15 fəlsəfə doktoru, 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Hazırda 5 doktorantın, 5 dissertantın elmi rəhbəri, iki elmlər doktoru dissertantın məsləhətçisidir.
Biz həmkarları Xəzər dənizinin yorulmaz tədqiqatçısı- “Xəzərin xanı”, elmimizin metSenatı, gözəl insan, dəyərli dosta həyatda can sağlığı, sevincli, xoşbəxt günlər, elmi yaradıcılığında böyük nailiyyətlər,uğurlar arzu edirik.


Hüseyn Xəlilov,
AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun, “Geomorfologiya
və təbii risklər” şöbəsinin müdiri,
coğrafiya elmlər doktoru, professor

Həlimə Əhmədzadə,
AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və
Landşaft planlanlaşdırma” şöbəsinin elmi işçisi