XVIII əsrin sonu, XIX əsrin əvvəllərində dünya coğrafiya elminin təkamülündə, onun müasir elmi-nəzəri cəhətdən formalaşmasında, xüsusilə müasir dünya coğrafiyasının xəritələşməsində, coğrafi koordinatların hazırlanmasında Hacı Zeynalabdin Şirvaninin böyük xidmətləri olmuşdur. Onun ömür coğrafiyasının ən böyük arzularından biri doğma Azərbaycanı, xüsusilə ayrılmaz könül vətəni-qədim Şamaxını görmək olmuşdur, çünki o, Şamaxıdan çox erkən vaxtlardan ayrılmışdı. Özünün ilk səyahəti zamanı İrandan Savalan dağının ətəklərinə, oradan da Talış dağlarının şərq yamacı boyunca qədim Lənkaran meşələrinin ecazkar mənzərəsini bəyənmişdir. Xüsusilə Lənkaran landşaftının rəngarəngliyi, sıx meşələrlə əhatə olunmuş kəndlərin bu coğrafi sıralanması səyyahda doğma Azərbaycanın gələcək inkişaf dinamikasının proqnozunu verirdi. Hələ 200 il bundan əvvəl Lənkaran şəhərində yeddi yüzdən çox yaşayış məntəqəsinin olması bu coğrafi məkanın gələcəyinə böyük ümidlər verirdi. Çünki insan amilinin faydalı antropogen dinamikası sözsüz, ərazinin gələcək coğrafi potensialının əsasıdır. Qeyd etmək lazımdır ki, Talış dağlarının cənub-şərq yamacındakı landşaft qurşaqlarının azonal yerləşməsi prinsipini Hacı Zeynalabdin Şirvani əsl coğrafiyaçı kimi hələ 200 il bundan əvvəl müşahidə etmişdir. Talış dağlarındakı landşaftın azonallıq strukturu, yəni qeyri-zonallıq əlamətləri hazırda müasir elmi-metodiki əsaslarla daha geniş öyrənilmişdir.
Bundan başqa, Azərbaycanın vaxtilə Muğan çöllərində, böyük əraziləri əhatə edən və malyariya xəstəliklərinin mənbəyi olan çala-çəmən və bataqlıq landşaftlarının sonluğu haqqında səyyah hələ 1890-cı illərdə öz fikrini söyləmişdir. Eyni zamanda, həmin illərdə Hacı Zeynalabdin Şirvani paleocoğrafi cəhətdən çox maraqlı olan Araz çayının özünə yeni yataq açması fikrini də demişdir. Həmin ərəfələrdə Araz çayının suyu yataqyanı ərazilərdə indiki introzonal (çala-çəmən və bataqlıq) landşaftların yaranmasının əsasını qoymuşdur. Hazırkı Kür-Araz ovalığındakı Muğan, Şirvan, Mil düzlərinin coğrafi xüsusiyyətləri arasındakı fərqləri ilk dəfə səyyah o zaman müəyyənləşdirmişdir. Deməli o, hələ 200 il bundan əvvəl Kür-Araz ovalığının landşaftı - iqlim coğrafiyasının formalaşmasını dünyanın beşinci iqlim tipinin təsirilə əlaqələndirmişdir.
Hacı Zeynalabdin Şirvani 1826-cı ildə Şirvan zona- sından Bakıya gəlir. O burada Bakının və Abşeron yarımadasının coğrafiyası ilə yaxından maraqlanır. Ərazinin tarixi-coğrafi yerləri, xüsusilə Atəşgah məbədini ziyarət edir. Eyni zamanda, qədim Azərbaycanın alim və ziyalıları ilə görüşür. Nəticədə fürsətdən istifadə edib Bakı şəhərinin coğrafi koordinatlarını müəyyənləşdirir. Azərbaycanın coğrafi uzunluq dairəsinin təyinində onun fikri məşhur Nəsirəddin Tusinin astronomik yanaşması ilə üst-üstə düşmüşdü. Çox maraqlıdır
ki, səyyah özü professional coğrafiyaçı olsa da, Bakının küləklər məkanı olmasını nəzərə alaraq buradakı yaşayış binalarının mühafizəsi və texniki dözümlü- lüyünün möhkəmlənməsinə dair mühəndisyana təkliflər vermişdir, o cümlədən təklif etmişdir ki, küləklərin erroziya təsirini zəiflətmək üçün binaların tikintidə bilavasitə cilalanmış (yonulmuş) daşlardan istifadə olunması, həmçinin damların qırlanması lazımdır. Şübhəsiz, bu kimi elmi-texniki təkliflər Hacı Zeynalabdin Şirvaninin zəmanəsində gərəkli-təcrübi təkliflər kimi qiymətli idi.
Səyyahın ömrünün əsas hissəsi, coğrafi tədqiqatlara bilavasitə Yaxın Şərq dünyası coğrafiyasının kəşflərilə bağlı olmuşdur. İndi qədim Şərq dünyasına daxil olan bütün coğrafi məkanlarda əhalinin milli məskunlaşma prinsiplərinin öyrənilməsi, dünya xəritəsində onların ilkin coğrafi konturları, yerli ümumi coğrafi xüsusiyyətlərinin xarakteri haqqında elmi məlumatların əsası, demək olar ki, Hacı Zeynalabdin Şirvaninin adı ilə bağlıdır. Tədqiqatçı özünün çoxsaylı müşahidələrinin nəticələrinə əsaslanaraq planetin Şərq yarımkürəsində məskunlaşmış dövlət və məmləkətlərin coğrafi yaşını yeni fikir və ideyalarla zənginləşdirmişdir. Başqa sözlə desək, səyyah qədim bəsit təsviri yanaşmaları, həmçinin fəlsəfi coğrafi nəzəriyyələrin real coğrafi elmi-əsaslarını söyləməyə çalışmışdır. Ona görə dünya coğrafiyasının kəşfləri və tarixinə dair klassik mən-
bələrdə Hacı Zeynalabdin Şirvani Şərq dünyasının coğrafi tədqiqatçısı və klassik coğrafiyaçı-səyyah kimi dəyərləndirilir.
Dünya coğrafiyasının klassikləri sırasında özünə layiq yer tutan Hacı Zeynalabdin Şirvani 1780-ci ildə avqustun 16-da Azərbaycanın tarixi-coğrafi mədəniyyət mərkəzlərindən olan qədim Şamaxı şəhərində doğulmuşdur. Onun dünya coğrafiyasının tətbiqində, klassik şərq coğrafiya sahəsində böyük bilik sahibi olmasında, püxtələşməsində öz zəmanəsinin ən görkəmli ziyalısı, atası İsgəndərin böyük köməyi və təsiri olmuşdur. Axund İsgəndər qədim Şirvan məkanında böyük nüfuza sahib ruhani olmuşdur. Tarixi-coğrafi mənbələrdə Hacı Zeynalabdin Şirvaninin həyat məcrası haqqındakı müxtəlif məlumatlar da maraqlıdır. Bəzi mənbələr göstərir ki, 1785-ci ildə Hacı Zeynalabdin Şirvani öz ailəsi və yaxın qohumları ilə birgə Yaxın Şərq məmləkətində yaxşı tanınan Kərbala şəhərinə köçmüşlər. Lakin həmin ərəfələrdə Hacı Zeynalabdin Şirvaninin neçə yaşında olması mübahisələrə səbəb olmuşdur. Bəzi mənbələrdə onun Kərbəla şəhərinə köçməsi ərəfəsində cəmi altı aylıq olduğu bildirilir. Məsələn, məşhur tarixçi-coğrafiyaçı Abbasqulu Ağa Bakıxanov, tanınmış ictimai xadim Firudun bəy Köçərli bu fikrin tərəfdarı kimi göstərilir. Lakin tanınmış tarixçi Ağamir Quliyevin və Hacı Zeynalabdin Şirvani ilə yaxın münasibətləri olan İran tədqiqatçısı Məsiməlişah Şirazi o vaxtlar onun beş yaşında olmasını təsdiqləmişdir. Hacı Zeynalabdin Şirvani hələ çox gənc yaşlarından təbiətdə baş verən təbii hadisələrin coğrafi səbəblərini öyrənməyə maraq göstərmişdir. Xüsusilə coğrafi mühitdə təbii proseslərin coğrafi qanuna uyğunluqlarını öyrənməyə çalışmışdır. Lakin o zamanlar dəqiq texnoloji avadanlıqların olmamasına görə çox vaxt təbiətdə baş verən hadisələrin dəqiq baş vermə səbəblərini elmi cəhətdən öyrənmək mümkün deyildi. Buna görə də çox vaxt tədqiqatçıların ilkin fikirləri nəticəsiz, bəsit və təsviri xarakterli olmuşdur. Lakin həmin vaxtlar bəsit fikirlər və təsviri ideyalar sadə elmi yanaşmalarda olmamışdır, əslində onlar klassik coğrafiya elminin, elmi-nəzəri problemlərinin müəyyənləşməsinə yeni elmi metodoloji yanaşmaların yaranması təkamülünün bünövrəsini qoymuşdur. Bu baxımdan məşhur coğrafiyaçı səyyah Hacı Zeynalabdin Şirvaninin və yaxud digər klassik coğrafiyaçıların yeni fikirləri müasir coğrafiya elmində yeni, konstruktiv el- mi nəzəriyyələrin və tətbiqi metodoloji yanaşmaların meydana gəlməsinin səbəbkarı olmuşlar. Yəni klassik coğrafi fikirlər tədricən təkmilləşərək müasir inkişaf etmiş tətbiqi və konstruktiv coğrafiya elminin təməlini daha da möhkəmləndirmişdir. Həqiqətən, klassik elmi ideyalar və yaxud ibtidai fikirlər bütün elm sahələrində olduğu kimi, coğrafiya elminin də müasir inkişafında aparıcı rol oynamışdır. IV-V əsrlərdən başlamış tarixi formalaşmanın qanunauyğunluqları və qlobal differensiyasını öyrənən klassik Heradot, Strabon, Ptolomey, Humbolt kimi elm xadimlərinin fikrində bu cür çoxillik müqayisələr təkrar müşahidə metodları ilə əsaslandırılmışdır.
Bildiyimiz kimi, IV-V əsrlərdən başlamış hazırkı XXI əsrə kimi dinamik inkişaf yolu keçmiş müasir dünya coğrafiyasının və regional milli coğrafiya mərkəzlərinin elmi-metodoloji əsasları bilavasitə bu klassiklərin fikir və ideyalarına söykənmişdir.
Məlum olduğu kimi, bütün dünyanın coğrafiyasını-şimal və cənub yarımkürəsini şərtləndirən və yaxud Yer kürəsini iki yerə bölən ekvator xəttinin uzunluğu 40000 kilometrə bərabərdir. Lakin Hacı Zeynalabdin Şirvani 40 il ərzində Şərq dünyasının başına dolanaraq 60 min kilometrdən çox məsafə qət etmişdir.
Hacı Zeynalabdin Şirvani coğrafi kəşflər salnaməsinə ilk olaraq İrandan başlamışdır. Qədim Hind okeanının və nəhəng Sakit okeanın akvatoriyasını gəzmişdir. Ömrünün 40 ilini səyyahlıq sənətinə bəxş etmiş Hacı Zeynalabdin Şirvani Avropa, Asiya, Afrika ölkələrini qarış-qarış gəzmiş və hər bir məmləkətin elmi- coğrafi xarakteristikasından əlavə, milli mədəniyyəti, adət-ənənəsi, milli məskunlaşma prinsiplərinə dair topladığı məlumatlar klassik coğrafiyanın elmi dəyərini artırmışdır. H.Z.Şirvani ilk coğrafi səyahət marşrutu ərəfəsində 30-dan çox ölkə və şəhər haqqında (yəni Bağdaddan başlamış Cənubi-Şərq istiqamətində Hindistan-Çin ölkələri daxil olmaqla) ilk coğrafi məlumat toplamışdır. Onun səyahətinin Kiçik Asiya,
İran yaylasından keçməsi, Mərkəzi Asiya, Ərəbistan səhralarını, uzaq Sudan savannalarının biomüxtəlifliyini seyr etməsi, Hindistan, Hind-Çin tropik meşələrinin ecazkar mənzərəsinin əfsanəsi Hacı Zeynalabdinin coğrafi salnaməsini tamamlamışdır. Dünya coğrafiyaçıları və səyyahlarını həmişə maraqlandıran uzaq Nil çayının orta və aşağı axınlarında insanların yaratdığı antropogen mədəniyyətin, xüsusilə aqroistehsal təsərrüfat xüsusiyyətlərinin coğrafiyalaşdırılması dina mikası ilk dəfə Hacı Zeynalabdin Şirvani tərəfindən tarixləşdirilmişdir. Dünyanın keçilməz dağlıq ölkəsi olan möhtəşəm Hindquş, Tyan-Şan, dünyanın ən uca dağ silsiləsi olan Himalay, Pamir kimi keçilməz dağ sədlərini aşaraq uzaq Afrikanın
Həbəşistan yaylasına çatması, qədim Şərq ölkələri ilə Afrika arasında coğrafi körpü yaratmışdır. Deməli, məşhur həmyerlimiz klassik coğrafiyaçı səyyahlıq sənətinə qəlbən dərindən bələd olmuşdur. Beləliklə, səyyah Şərq dünyasının yüzlərlə yaşayış məkanları arasında tarixi-coğrafi ünvanları müəyyənləşdirmişdir. Onun bu kimi çətin və dəyərli xidmətləri, dünya coğrafiyasının müəyyənləşməsi tarixində klassik coğrafiyaçı səyyahın fəaliyyətinin qiymətini daha da artırmışdır. Çünki onun səmərəli səyahəti nəticəsində minlərlə iqtisadi-coğrafi məkanlar barədə, dünya coğrafiyasının enisklopediyasına yeni-yeni əhəmiyyətli məlumatlar bəxş etmişdir. Bu materialların əsasında yazılmış dörd fundamental kitabın nüsxələri məşhur səyyahı əsrlərlə tarixi və elmi yaddaşlarda yaşadacaqdır.
Hacı Zeynalabdin Şirvani şəxsiyyəti dünya coğrafiyasının tarixində təkcə kamil səyyah və coğrafiyaçı mütəxəssisi kimi məhdudlaşmırdı, eyni zamanda o, dünyanın coğrafi təkamül dinamikasını yaxşı anlayan tarixçi, etnoqraf, fəlsəfi nəzəriyyəçi, eyni zamanda zəngin bədii təfəkkürlü ədib və şairlik keyfiyyətlərinə malik olmuşdur. Maraqlısı odur ki, Hacı Zeynalabdin Şirvani klassik ədiblər kimi “təmkin” təxəllüsü altında çoxlu şeirlər yazmış və özünün poetik ədəbi-coğrafi dünya görüşünün əsas hissələrini bu yazılarında da əks etdirmişdir. Hazırda onun coğrafi, ədəbi, elmi əsərləri dünyanın qədim coğrafi məkanlarında (Rusi- ya, Hindistan, Polşa, İngiltərə, Fransa, Çin, İran, Türkiyə, Əfqanıstan və s.) şərqşünas mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilir.
Hacı Zeynalabdin Şirvani milli vətənpərvərlik hisslərinə daim sadiq olmuşdur. Onun ən bariz nümunəsi doğma Azərbaycan dilinə hörmət və məhəbbət bəsləməsi idi. Özünün hələ beş yaşında olmasına baxmayaraq, həmişə Azərbaycan dilində mütaliə etmişdi. Hacı Zeynalabdin Şirvani Şərq dünyasının dillərinə olduqca böyük hörmətlə yanaşmışdır. Dünyanın ərəb, fars, türk, türkmən hətta hind dillərində sərbəst ünsiyyət yaratmış və yaradıcılıq həyatının şaxələnməsində geniş istifadə etmişdir. Ona görə də onun klassik coğrafiya elminin, elmi-nəzəri dərinliklərinə və müxtəlif dövlətlərin tarixi-coğrafi təkamülü, onların milli adət-ənənələri haqqında dərin biliyə malik olmuşdur.
Onun özü də klassik elmi-nəzəri biliklərin və dərin elmi bazasının yaranmasında dünya coğrafiya elminin klassiki kimi formalaşmasında mühüm amil olmuşdur. Xüsusilə, dünya coğrafiyasının inkişafında və dünyanın qitə, materiklər çevrəsində paylanmasında ümumi geocoğrafi differensasiyasının mexanizminin öyrənilməsində böyük elmi bilik bolluğuna sahib olmuşdur.
Hacı Zeynalabdin Şirvani, həqiqətən, bütün dünyanın coğrafi kəşfləri və səyyahları tarixi mənbələrində klassik coğrafiyaçı-səyyah kimi tanınır. Məşhur ingilis tədqiqatçısı Eduard Braun Hacı Zeynalabdin Şirvanini “Böyük zəka sahibi və Qabil müşahidəçi” adlandırmışdır. Fransız alimi və səyyahşünası E.Beoşenin, M.Şeferin Hacı Zeynalabdin Şirvaninin səyyahlıq fəaliyyətini yüksək qiymətləndirmişdir. Fransız tədqiqatçısı Anri Masse Hacı Zeynalabdin Şirvaninin topladığı coğrafi materialların əsasında üç böyük kitab yazmasını, Mi- sirdə olarkən (1809-cu ildə) onun Misir hakimi İbrahim bəylə yüksəksəviyyəli görüşünü xüsusi qeyd etmişdir. Hacı Zeynalabdin Şirvaninin öz dövrünün tanınmış Rusiya tədqiqatçıları ilə də sıx yaradıcılıq əlaqələri olmuşdur. Səyyahın Rusiya elmi ictimaiyyətində tanınmasında coğrafiyaçılarla bərabər, görkəmli şərqşünas N.V.Xanıkovun bilavasitə səyi nəticəsində Hacı Zeynalabdin Şirvaninin “Riyazüs səyyahə” adlı ilk əsərini Sankt-Peterburqdakı “Asiya” muzeyinə hədiyyə verilməsi, eyni zamanda Avropa elm ictimaiyyətinə çatdırılması mühüm rol oynamışdır.
Onun fikir və ideyaları müasir coğrafiya elminin tədqiqat problemlərinin həlli məsələsində, müasir coğrafiya elminin yeni elmi-nəzəri metodoloji və yaxud təcrübi yanaşmaların yaranmasında ilk elmi yaradıcı təşəbbüs kimi böyük əhəmiyyət kəsb edir. Bir sözlə, H.Z.Şirvaninin dünyanın coğrafiyasına və onun formalaşmasına aid fundamental əsərləri müasir coğrafiya elminin müvafiq problemlərinin həlli məsələsində gərəkli təcrübədir.