Bu günlərdə bütün Türk Dünyasında ilk dəfə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu alimlərinin səyi ilə “Türk dünyasının coğrafiyası və etnosu” adlı üç cildlik monoqrafiyanın birinci cildi - “Fiziki coğrafiya” adlı kitab çap edilmişdir. Kitabın yazılmasında Coğrafiya İnstitutu ilə yanaşı, AMEA Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin, ET Hidrometeorologiya İnstitutunun coğrafiyaçı alimləri də iştirak etmişlər.

Kitabın ideya müəllifi və məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları akademik Ramiz Məmmədov və akademik Nizami Cəfərov, buraxılışa məsul dosent Məhərrəm Həsənovdur.

Ümumiyyətlə, “Türk dünyasının coğrafiyası və etnosu” əsərinin 3 cilddən ibarət olması nəzərdə tutulur. İkinci cild “İqtisadi və sosial coğrafiya”, üçüncü cild isə “Regional coğrafiya” olacaqdır.

Birinci cild 2 fəsildən ibarətdir. Birinci fəsil türk dünyasının mənəvi-siyasi mahiyyətinin aydınlaşdırılması məsələlərinə həsr edilmişdir. İlk növbədə türk etnosunun yaranması məsələsi araşdırılır və göstərilir ki, hər bir mükəmməl etnos onun mövcudluğu üçün zəruri təbii, iqtisadi və sosial-mədəni şərait yarananda tarix səhnəsinə çıxır. Qeyd edilir ki, tarixin müəyyən dövrlərində ayrı-ayrı etnoslar arasında inteqrasiya prosesləri də gedə bilər. Türk etnosu bizim eradan əvvəl IV-III minilliklərdə, Altay etnosunun bir neçə min il davam edən differensiasiyası nəticəsində formalaşmış, türklərin monqollar və tunqus-mancurlarla ortaq əcdadı olan altayların Altay dağları ətəklərində yarandığı güman edilir. Kitabda orada indi də çoxlu sayda türk mənşəli xalqların öz ata-baba yurdlarında yaşadığı vurğulanır.

Burada qeyd edilir ki, müasir türk dünyası tarixi təkamülün, insan cəmiyyətinin müxtəlif dövrlərdən, mərhələlərdən keçən inkişafının məhsuludur və eyni zamanda böyük perspektivlərə də malikdir.

Kitabda Türk dünyasının coğrafi mövqeyi ayrıca tədqiq edilir. Göstərilir ki, Türk dünyası şimal və şərq yarımkürələrində yerləşməklə şərqdə Ordos yaylası, qərbdə Qara və Aralıq dənizləri sahilləri, Şimalda Şimal Buzlu okeanı sahilləri, cənubda Kuqlun dağları arasında olmaqla təqribən 11 milyon kvadratkilometr sahəni əhatə edir. Məlum olur ki, bu ölkələr subtropik, mülayim və subarktik iqlim qurşaqlarını əhatə etməklə çox müxtəlif və mürəkkəb təbii şəraitə malikdirlər.

Türk xalqları Alp-Himalay geosinklinal qurşağında, yəni seysmik cəhətdən fəal ərazidə, eləcə də qədim Şərqi Avropa, Çin, cavan Turan platformalarında məskunlaşmışlar. Bu ölkələr də milli qurumların Atlantik və Şimal Buzlu okeanlara geniş çıxışları vardır. Bu regionda cavan dağlarla yanaşı, qədim düzənliklər və yaylalar da geniş sahə tutur.

Əsərdə Türk dünyasının məzmun baxımından çox zəngin olan tarixi-coğrafi inkişafının keçdiyi yol araşdırılır, onun dünya tarixinə, mədəniyyətinə, mənəviyyatına, ədəbiyyatına təsiri qısa şəkildə təhlil olunur. Bu ərazilərin, xüsusən cənub-qərbi Asiyanın ilk insan məskənləri kimi səciyyələndirilməsi əsərin ən mühüm xüsusiyyətlərindən biri və Türk dünyasının tanıdılması üçün mühüm elmi əsaslardandır. Bu bölgənin dünyada ən qədim əkinçilik və heyvandarlıq ocaqlarından olması da bu bölmədə sübut edilir.

Türk dünyasında coğrafi şəraitlə bağlı olaraq ən sıx məskunlaşmış ərazilər Orta Asiyada Amu Dərya və Sırdərya, Ön Asiyada Dəclə və Fərat, Qafqazda Kür və Araz çaylarının vadiləri olmuşdur ki, indi də həmin ərazilər intensiv istifadə edilən bölgələr kimi diqqəti cəlb edir. Əsərdə bu kimi məsələlərin də tədqiqinə xüsusi önəm verilir. Kitabın bu bölməsini oxuduqca sanki eramızdan bir neçə min ildən başlayaraq bu günümüzə qədər böyük bir dövr göz önündən keçir, bu ulu xalqın tarixdəki rolu çox parlaq şəkildə nəzərə çarpır.

Kitabın xüsusi əhəmiyyət kəsb edən bir bölməsində Türk dünyasının ümumi dəyərləri araşdırılır. Burada göstərilir ki, Türk dünyasının ən ümumi dəyərlərinə dil, din, mədəni-mənəvi birlik, sosial-iqtisadi, milli həmrəylik, adət-ənənə, ədəbiyyat, folklor birliyi, məkan yaxınlığı və s. aid etmək olar. Eyni zamanda, burada vurğulanır ki, türk xalqlarını birləşdirən əsas amil türkçülükdür. Onun əsas istiqamətləri isə, Z.Göyalpın göstərdiyi kimi dildə, estetikada, əxlaqda, hüquqda, dində, iqtisadiyyatda, siyasətdə, fəlsəfədə türkçülükdür. Qeyd edilir ki, “Orxon-Yenisey”, “Kitabı Dədə Qorqud”, “Manas”, “Koroğlu” və başqa ədəbi abidələri özündə birləşdirən ümumtürk ortaq dəyərləri də vardır ki, bunlar türk xalqlarının birliyini daha da möhkəmləndirir.

Türk dünyasını landşaft olaraq Böyük çöl-Bozqır birləşdirir. Buradan da dünya mədəniyyətində və ədəbiyyatında özünəməxsus yeri olan Bozqır kültürü yaranmışdır. Burada dil faktoruna xüsusi önəm verilir və onun mühüm birləşdirici vasitə olduğu göstərilir. Kitabın bu bölmələrini oxuduqca, türk dünyasının əzəməti və vahidliyi haqqında fikirlər formalaşır və möhkəmlənir. Türk xalqları tarixin keşməkeşli dövrlərində özlərinin cəsurluqları, qəhrəmanlıqları, sosial qurumları, möhkəm daxili strukturları, güclü dünyagörüşü sistemləri ilə öz varlıqlarını qoruyub saxlamaqla yanaşı, həm də öz ətraflarına güclü təsir etməyi bacarmışlar.

Kitabda böyük bir bölmə Türk dünyasında coğrafi biliklərin inkişafına həsr edilib. Göstərilir ki, hələ ən qədim zamanlardan türk xalqları yaxşı örüş yerləri əldə etmək üçün Mərkəzi Asiya, Şərqi Avropa düzənliyi, Volqaboyu regionlarını öyrənmiş, onları heyvandarlıq baxımından qiymətləndirmiş və müvafiq formada istifadə etmişlər. Onlar daim yeni torpaqların məskunlaşdırılması ilə məşğul olmuşlar. Əsərdə məşhur türk səyyah və coğrafiyaçılarından Əl-Xorazminin, Əl-Biruninin, M.Kaşqarinin, M.Kolankatlinin, N.Tusinin, Ə.Bakuvinin, H.Z.Şirvaninin, M.Şahtaxlının və başqaları ilə yanaşı, müasir coğrafiyaçıların da coğrafiya elminə verdiyi töhfələr araşdırılır, sistemləşdirilir.

Əsərin ən əhəmiyyətli cəhətlərindən biri də burada ilk dəfə Türk dünyasının paralel toponimlərinin tədqiq edilməsidir. Türk xalqlarının hazırda yaşadıqları ərazilərdəki coğrafi toponimlərin identikliyinin göstərilməsi ilə yanaşı, Şimali və Cənubi Amerikada çoxlu sayda türk mənşəli toponimlərin olması da diqqətə çatdırılır. Paralel toponimləri müqayisəli şəkildə təhlil etdikdə məlum olur ki, xalqın etnik mənşəyi, məişəti, təsərrüfat fəaliyyəti və digər sahələri məhz coğrafi toponimlərdə öz əksini tapır.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Altay, Yakutiya ərazilərində toponimlərdə oxşar xüsusiyyətlər onların dil mənsubiyyətinin mənşə və mənasının müəyyənləşdirilməsində böyük rol oynayır və bu xalqların kökünün vahidliyini sübut edir.

Kitabın ikinci fəsli Türk dünyasının təbii şəraitinə və ehtiyatlarına həsr edilib. İlk növbədə ərazinin relyefi araşdırılır. Göstərilir ki, bu region oroqrafik vahidlər və relyef formalarının daxili və xarici mahiyyətini kəmiyyət və keyfiyyət baxımından səciyyələndirən amillər çox müxtəlif və mürəkkəbdir. Buradakı qədim və cavan platformalar və eləcə də dağlar relyefin çox müxtəlifliyinə, ərazinin insanı cəlb etmək baxımından əvəzsiz olmasına gətirib çıxarır. Relyef bölməsini oxuyarkən insan qiyabi olsa da, bir anlıq geniş çöl-Bozqır ərazisinə səyahət edir, ata-babalarının keçdiyi həyat yolunu gözləri qarşısında canlandırır.

Türk dünyasının geoloji quruluşu da özünəməxsusluğu ilə diqqəti cəlb edir və kitabda bu bölmə həm elmi və həm də elmi-kütləvi səpkidə yazıldığına görə oxucuya geniş məlumat verir. Göstərilir ki, bu ərazilər geoloji-tektonik cəhətdən Kembriyə qədər, Paleozoy və Mezo-Kaynozoy qırışıqlığı vilayətlərindən təşkil edilmişdir ki, bunların da daxilində özünəməxsus geoloji-tektonik inkişafı ilə fərqlənən ayrı-ayrı struktur vahidləri ayrılır.

Məlum olduğu kimi, həm qədim, həm də cavan geoloji strukturların yayıldığı ərazilər müxtəlif faydalı qazıntılarla zəngin olur. Bu baxımdan Türk dünyası regionu yanacaq, filiz, qeyri filiz və hidromineral olmaqla çox müxtəlif faydalı qazıntı ehtiyatlarının beynəlxalq əhəmiyyət kəsb etdiyi göstərilir, onların hər biri ayrı-ayrılıqda səciyyələndirilir. Bu bölmənin ən mühüm cəhətlərindən biri odur ki, hər bir faydalı qazıntı növü, həm mütəxəssis və həm də Türk dünyası ilə maraqlanan hər bir oxucunu təmin edəcək dərəcədə yazılmışdır. Burada həm ölkələr, həm muxtar qurumlar üzrə faydalı qazıntılar təhlil edilir, onların istifadə imkanları, sənaye əhəmiyyəti, gələcəkdəki təminatı təhlil edilir, lazımi təkliflər irəli sürülür.

Türk dünyası regionu iqlim baxımından da çox rəngarəng xüsusiyyətə malikdir. Kitabda ilk növbədə bu geniş ərazinin iqlim şəraitini formalaşdıran amillər nəzərdən keçirilir. Eyni zamanda, bu bölmədə ərazinin iqlim, aqroiqlim, fitoiqlim, bioiqlim ehtiyatları təhlil edilir, müasir iqlimşünaslıq baxımından qiymətləndirilir. Ümumi hissədə günəş radiasiyası, hava kütlələri, iqlimin formalaşmasında relyefin rolu kimi məsələlər də nəzərdən keçirilir. Əraziyə daxil olan hava kütlələrinin xüsusi xəritə-sxemi işlənib hazırlanmışdır və buradan aydın olur ki, Türk dünyasının iqliminə şimal yarımkürəsinin Arktik, Mülayim və Tropik hava kütlələri təsir göstərir. Qeyd edilir ki, bu ərazilərin əksər hissəsində ilin dörd fəsli aydın nəzərə çarpır və bu da buranın iqlim ehtiyatları baxımından zənginliyinə səbəb olur. Əraziyə daxil olan hər bir hava kütləsinin yaratdığı şərait, atmosfer yağıntılarının miqdarını da aydınlaşdırır. Bu hissədə regionun ən rütubətli və quraq, ən isti və soyuq hissələri tədqiq edilir, iqlim dəyişmələrinin yarada biləcəyi fəsadlar və onlara qarşı adaptasiya tədbirləri göstərilir.

Bundan sonra Türk dünyasında yayılmış iqlim qurşaqları - subarktik, mülayim və subtropik qurşaqlar, onların yayıldığı ərazilər ətraflı təhlil edilir. Hər bir iqlim qurşağında günəşli saatların miqdarı, günəş radiasiyasının gərginliyi, havanın orta, maksimum və minimum temperaturları, atmosfer yağıntılarının miqdarı və rejimi tədqiq edilir. Bunların müvafiq cədvəl və qrafiklərlə müşayiət edilməsi kitabı daha da oxunaqlı edir.

Kitabın növbəti bölməsi daxili sulara həsr olunub və göstərilir ki, Türk dünyasının çayları Şimal Buzlu, Atlantik, Hind okeanları hövzəsinə və Aral-Xəzər daxili hövzəsinə aiddir. Burada ərazidən axan bütün çayların axım rejiminin formalaşmasına, gursululuq, azsululuq dövrlərinin təhlilinə, suvarmada istifadə edilən çayların su ehtiyatlarının, hər bir çayın hidroloji xüsusiyyətlərinin, hidroenerji ehtiyatlarının qiymətləndirilməsinə xüsusi yer ayrılır.

Türk dünyası ölkələrində xeyli miqdarda axarlı, axarsız, şor sulu, şirinsulu göllər vardır ki, kitabda bunların hər biri təhlil edilir, bütün hidroloji xüsusiyyətləri, mənşəyi, suyunun kimyəvi-fiziki tərkibi və s. haqqında geniş məlumat verilir. Türk dünyası regionunun şimal hissələrində, xüsusən Taymırda və Yakutiyada çox böyük ərazi bataqlıqlar və bataqlaşmış sahələrdir ki, burada onlar haqqında da xeyli məlumat verilir. Kitabın ən maraqlı cəhətlərindən biri də, burada buzlaqlar, xüsusən dağ buzlaqları haqqında geniş məlumat verilməsi, onların çayların qidalanmasındakı rolunun xüsusilə qabardılmasıdır.

Əsərdə tədqiq olunan ərazinin torpaq və bitki örtüyü haqqında da çox geniş məlumat verilir, bütün torpaq tipləri, bitki formasiyaları geniş təhlil edilir. Kitabın çox böyük bir hissəsi ərazinin coğrafi qurşaqlarının və təbii zonalarının təhlilinə həsr edilib. Göstərilir ki, Türk dünyasında yayılmış təbii zonalar istilik və rütubət rejiminə, hava kütlələrinin dövranına, biogeokimyəvi və geomorfoloji proseslərin ritminə, bitkilərin vegetasiyasına görə bir-birindən fərqlənir. Burada səhra və yarımsəhralardan başlamış arktik buz səhralarına qədər müxtəlif təbii zonalar yayılmışdır ki, kitabda onların hər biri geniş təhlil edilir. Kitabda həm də Türk dünyasının əsas ekoloji problemləri göstərilir, onların hər birinin yaranma səbəbləri araşdırılır, təbiətin qorunması üçün müvafiq təkliflər irəli sürülür. Burada hər bir Milli park və qoruq haqqında da məlumat verilir.

“Türk dünyasının coğrafiyası və etnosu” monoqrafiyasının “Fiziki coğrafiya” adlanan birinci hissəsində verilmiş çox geniş elmi məlumatlar, çoxlu sayda xəritə, qrafik, cədvəl və fotoşəkillərlə müşayiət edilir ki, bunlar onu daha da oxunaqlı edir.

“Türk dünyasının coğrafiyası və etnosu” ilk dəfədir ki, belə böyük həcmdə çap edilir. Arzu edərdik ki, onun 2-ci və 3-cü cildləri də işlənərək çap edilsin və hər üçü başqa dillərə tərcümə edilərək digər Türk dövlət və qurumlarında yayılsın. Bizə elə gəlir ki, bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının, coğrafiyaçıların Böyük Türk dünyasına sanballı elmi hədiyyəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, arzu edərdik ki, respublikamızın ali məktəblərinin müvafiq fakültələrində bu kitabdan dərslik kimi istifadə etməklə “Türk dünyasının coğrafiyası və etnosu” fənni tədris edilsin. Gələcəkdə isə bu məsələ digər Türk dövlət və qurumlarında da tətbiq edilə bilər. 

Tapdıq Həsənov,
BDU coğrafiya fakültəsinin
kafedra müdiri, coğrafiya elmləri 
doktoru, professor
 
Habil Haqverdiyev,
AMEA akad. H.Əliyev adına
Coğrafiya İnstitutunun şöbə
müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent
 
Çərşənbə, 17 Aprel 2019