16 Oktyabr 2019, Çərşənbə axşamı

Azərbaycanın ictimai-mədəni həyatında geniş əhali kütləsi arasında elmin təbliği və coğrafi dünyagörüşün formalaşması istiqamətində, eləcə də bir sıra beynəlxalq və respublika əhəmiyyətli layihələrin həyata keçirilməsində önəmli rol oynamış Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyi tamam olur. Bu illər ərzində Coğrafiya Cəmiyyəti öz sıralarında respublikamızın aparıcı alim və mütəxəssislərini, müəllimlərini, tələbələrini və s. birləşdirərək nüfuzlu bir təşkilata çevrilmiş, Azərbaycan dövlətçiliyinin və azərbaycançılıq ideyasının möhkəmlənməsində öndə getmişdir.

Azərbaycanda müstəqil Coğrafiya Cəmiyyətinin yaranmasına qədər XIX əsrin ortalarından başlayaraq Tiflisdə yaradılmış Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin Azərbaycan coğrafiyasının öyrənilməsində mühüm rol oynamışdır. Cəmiyyətin Qafqaz şöbəsində rus alimlərindən N.V.Xanıkov, Ş.İ.Xorzikov, Q.A.Abix, V.V.Dokuçayev, K.A.Satunin, İ.V.Mayevski və b. Azərbaycan haqqında coğrafi biliklərin toplanmasında böyük nailiyyətlər əldə etmişlər. Azərbaycanın tanınmış ziyalılarından M.F.Axundzadə, M.S.Şahtaxtlı, Ə.İ.Şahtaxtinski, İ.N.Qutqaşınlı və b. bu sahədə coğrafiya cəmiyyətinə yaxından kömək etmişlər. Onlar Azərbaycan təbiətinin, etnoqrafiyasının, əhalisinin və yaşayış məntəqələrinin ilk tədqiqatçıları olmuş və bu sahəyə aid elmi əsərlərini cəmiyyətin mətbuat orqanlarında nəşr etdirməklə, Azərbaycan coğrafiyasını zənginləşdirmişlər.
Azərbaycan Coğrafiya Cəmiyyəti yarananadək, yəni 1937-ci ildə artıq SSRİ EA Azərbaycan filialının Coğrafiya sektoru yaranmışdır. Coğrafi tədqiqatları genişləndirmək üçün Azərbaycanda coğrafiya ixtisası üzrə ali təhsilli kadrlara olan ehtiyac gündən-günə artırdı. Bu məqsədlə 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda, 1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində coğrafiya fakültələri açılır. 1945-ci ildə isə Azərbaycan EA-nın, o cümlədən Coğrafiya İnstitutunun yaradılması coğrafiya elminin və kadr hazırlığının inkişafı üçün böyük imkanlar açdı. Formalaşmaqda olan bu elmi potensial və kadr bazası əsasında 1939-cu ildə Azərbaycanda coğrafiyaçıların ilk ictimai birliyi olan SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı yarandı. Onun ilk sədri tanınmış tədqiqatçı, professor İ.Fiqurovski seçilmişdi. Yeni yaranmış cəmiyyət bütün coğrafiyaçı qüvvələri öz ətrafına toplamış, respublikada coğrafi biliklərin yayılması və s. məsələlərilə məşğul olmuşdur. Yarandığı ilk günlərdən Cəmiyyət 19 nəfər üzvdən və 5 nəfərlik Rəyasət heyətindən ibarət olmuşdur. Bunlar əsasən öz dövrünün görkəmli alim və mütəxəssisləri idi. Coğrafiya Cəmiyyətinə sonrakı illərdə akademik M.A.Qaşqay, professor H.B.Əliyev, Azərbaycan EA-nın müxbir üzvü Q.G.Gül, 1970-ci ildən 1990-cı ilə qədər akademik H.Ə.Əliyev, 1990-cı ildən 2012-ci ilə kimi akademik B.Ə.Budaqov Coğrafiya Cəmiyyətinə rəhbərlik etmişdir. 2012-ci ildən isə Cəmiyyətin prezidenti AMEA-nın akademiki R.M.Məmmədovdur. Fəaliyyət göstərdiyi müddət ərzində Coğrafiya Cəmiyyətinin doqquz qurultayı keçirilmişdir. Hər bir qurultayda coğrafiyanın mühüm problemlərinə, o cümlədən fiziki, iqtisadi və siyasi coğrafiyanın, məktəb coğrafiyasının və ekocoğrafiyanın müxtəlif məsələlərinə dair geniş müzakirələr aparılmışdır. Cəmiyyət öz işini ərazi və sahə bölmələri vasitəsilə, qurultaylar, konfranslar, iclaslar, seminarlar, mühazirələr və digər tədbirlər keçirməklə, həmçinin müxtəlif məcmuə və monoqrafiya, elmi populyar nəşrlər çap edilməsi və üzvlərinin elmi-pedaqoji fəaliyyəti ilə həyata keçirilmişdir. Cəmiyyətin 1947-ci ildə cəmi 41 üzvü vardısa, hazırda onların sayı 1300 nəfərdən çoxdur. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, Coğrafiya Cəmiyyəti də yeni prinsiplərlə işləməyə başlamışdır. Cəmiyyətin üzvləri son 80 ildə coğrafiya və ona yaxın elm sahələrində aparılan fundamental və tətbiqi elmi tədqiqatlarda mühüm nailiyyətlər əldə etmişlər. Yəni, Azərbaycan Coğrafiya Cəmiyyətinin keçmiş SSRİ-də özünəməxsus yeri və çəkisi olmuşdur. Keçmiş Sovetlər İttifaqında və hətta dünya miqyasında aparılan elmi tədqiqatlarda bu cəmiyyətin üzvlərinin nailiyyətləri danılmazdır. O cümlədən, Azərbaycanda coğrafiya elminin aparıcı alimlərindən Ə.M.Şıxlinski, Q.G.Gül, Ə.A.Mədətzadə, H.Ə.Əliyev, B.Ə.Budaqov, Ə.M.Məmmədov, N.Ş.Şirinov, M.A.Müseyibov, Ə.C.Əyyubov, B.T.Nəzirova, R.M.Məmmədov və başqaları coğrafiyanın müxtəlif sahələri üzrə xüsusi məktəblər yaratmışlar. Zaman keçdikcə təsərrüfat sahələrinin, elm və texnikanın inkişafı coğrafiya elmində fundamental istiqamətləri dövrün tələbləri səviyyəsinə qaldırdı. Uzun illər coğrafiyada hökm sürən sadə təsvir üsulundan tədricən fundamental və konstruktiv elmi təhlil səviyyəsinə keçid başlandı. Bununla əlaqədar Coğrafiya Cəmiyyəti də öz fəaliyyətini dövrün tələblərinə uyğunlaşdırmışdır. 80 il bundan əvvəl Azərbaycan Coğrafiya Cəmiyyətinin tərkibində cəmi üç bölmə vardısa, hazırda onların sayı 8-ə çatmışdır: 1. Fiziki coğrafiya; 2. İqtisadi coğrafiya; 3. Məktəb coğrafiyası; 4. Xəzər dənizi; 5. Hidrometeorologiya; 6. Xəritəçilik; 7. Təbiəti mühafizə; 8. Tibbi coğrafiya. Cəmiyyətin Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran və s. şəhərlərdə şöbələri mövcuddur. 
Respublika Coğrafiya Cəmiyyətinin hər beş ildən bir keçirilən qurultayları elmi konfranslarla müşayiət edilirdi. Hər bir qurultayda coğrafiyanın mühüm problemlərinə, o cümlədən məktəb coğrafiyasının müxtəlif məsələlərinə həsr olunmuş müzakirələr keçirilirdi. Bu illər ərzində Azərbaycan coğrafiyasına aid çoxsaylı fundamental elmi əsərlər, dərsliklər və monoqrafiyalar nəşr edilmişdir. 
Müasir dövrdə ərazinin ekoloji potensialın qiymətləndirilməsi, ətraf mühitin, ekosistemin və landşaftın müasir və gələcək vəziyyətinin qiymətləndirilməsində, neqativ ekoloji proseslərin müəyyənləşdirilməsi və onların tamamilə və ya qismən aradan qaldırılmasına dair konstruktiv tədbirlərin hazırlanması, eləcə də əhali arasında coğrafi biliklərin yayılmasının təşkili Cəmiyyətin əsas vəzifələrindən biridir. Keçən müddət ərzində Cəmiyyətin məktəb coğrafiyasına aid müzakirələrin intensivləşməsinin əsas səbəblərindən biri orta məktəblərin təhsil sistemində aparılan islahatlar zamanı coğrafiya fənninin tədrisində yaranmış problemlərlə bağlı Cəmiyyətin üzvləri olan müəllimlərinin çoxsaylı müraciətləri olmuşdur. Hazırda ölkəmizdə təhsilin müxtəlif pillələrində coğrafiyanın tədrisinin gücləndirilməsinin bir sıra səbəbləri vardır: “Ümumtəhsil müəssisələrində xüsusilə Azərbaycan coğrafiyasının tədrisinin vacibliyi;
lhər bir vətəndaşın öz ölkəsinin müstəqilliyini, ana dilini, tarixini və coğrafiyasını bilməsi əsas şərt olmalıdır. Ana dili, tarix-coğrafiya xalqın mövcudluq simvoludur. Yalnız dili və tarixi məlum olan, lakin coğrafiyası naməlum xalqlar vətənsizlərdir.
ldövlətlər arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin güclənməsi fonunda baş verən Qloballaşma zamanı milliliyin qorunması şərti ilə dünyaya inteqrasiya prosesində dünya və ölkə coğrafiyasının dərindən öyrənilməsinin vacibliyi. Yer bizim ümumi “evimiz” və “vətənimizdir” təfəkkür tərzinin insanlarda formalaşması coğrafiyanın tədrisi ilə bilavasitə bağlıdır.
lhazırda bəşəri əhəmiyyətə malik olan qlobal, regional və məhəlli ekoloji problemlərin həllində coğrafiyanın rolunun artması;
lölkəmizin dünyada mühüm geosiyasi və coğrafi mövqeyə malik olmasının üstünlüyünün aşılanması;
lregiondakı müasir hərbi-coğrafi vəziyyət, ölkənin təbii ehtiyatlarla zəngin ərazilərinin işğal altında olması;
ldövlətimizin və onun regionlarının sürətli iqtisadi-sosial inkişaf etdirilməsi siyasətinin coğrafi əsasları, təbliği və s. 
Bu və ya digər kompleks amilləri nəzərə alaraq, Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət heyəti ölkənin ümumtəhsil müəssisələrində, o cümlədən də bütün ali məktəblərində coğrafiyanın, xüsusilə də Azərbaycan coğrafiyasının tədrisini yaxşılaşdırmaq üçün dövlət səviyyəsində köklü təşkilatı tədbirlərin görülməsini, tədris saatlarının miqdarının əhəmiyyətli dərəcədə artırılmasını, ali məktəblərin coğrafiya fakültələrində, dövlət qulluqçularının hazırlanmasında “Ölkəşünaslıq” fənninin məcburi tədrisini, əyani vəsaitlərin hazırlanmasını, Azərbaycan təbiətini və iqtisadi inkişafını əks etdirən bir çox dillərdə tədris filmlərinin çəkilməsini, ali və orta ixtisas məktəblərinin bakalavr və magistratura pillələrində qəbul imtahanlarında bütün ixtisas qruplarında “Azərbaycan coğrafiyası”na aid bilikləri əks etdirən test tapşırıqları və suallardan mütləq istifadə olunmasını məqsədəuyğun hesab edir.
Təhsildə islahatlar ümumi təhsilin hər üç səviyyəsində (ibtidai, ümumi, orta, tam orta) tədris olunan fənlərin məzmunca yeniləşdirilməsi məsələlərini əhatə edir. Ən vacib yenilik ondan ibarətdir ki, fənlərin, eləcə də coğrafiya fənninin məzmunu, əsas etibarilə, nəticə yönümlü standartlar tətbiq edilməklə müəyyən olunur. Hazırda coğrafiya fənni üzrə kurikulum hazırlanmış və buna müvafiq dərsliklər yazılmışdır. 
Konfranslar və görüşlər. Azərbaycan Coğrafiya Cəmiyyəti coğrafiya və ona yaxın olan elm sahələrində əldə olunmuş yeniliklərin ictimaiyyətə çatdırılması və onların innovativliyini artırmaq məqsədi ilə tez-tez respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı kimi çıxış etmişdir. 
Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına həsr olunmuş fərman və sərəncamlarından irəli gələn vəzifələrin həllinə kömək məqsədi ilə Azərbaycanın ayrı-ayrı regionlarında həmin ərazinin regional inkişafının coğrafi problemlərinə həsr olunmuş elmi tədbirlər keçirmişdir. Təcrübə göstərmişdir ki, belə konfransların, “dəyirmi masa”ların, ictimaiyyətlə görüşlərin keçirilməsinə regionlarda xeyli maraq vardır. Bunu nəzərə alan Coğrafiya Cəmiyyətinin rəhbərliyi cəmiyyətin 80 illik yubileyinin və növbəti X qurultayın 2019-cu il 25-26 may tarixlərində Qəbələ rayonunda keçirilməsini qərarlaşdırmışdır. 
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar Cəmiyyətin fəal iştirakı ilə 2015-ci ilin 15-17 may tarixlərində Şamaxı, İsmayıllı və Qəbələ şəhərlərində yerli icra hakimiyyətlərinin fəal dəstəyi ilə keçirilmiş tədbirlərdə Azərbaycan coğrafiya elminin əldə etdiyi uğurlar ictimaiyyətə çatdırılmışdır. 
Maraqlı tədbirlərdən biri də 2015-ci il 22 may tarixində “Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi” mövzusunda Naxçıvan şəhərində keçirilmişdir. Bundan başqa, 2016-cı ilin sentyabr ayının 13-14-də Azərbaycan Respublikasında demoqrafik inkişaf, əhali məskunlaşmasının perspektivləri və regional problemlər” mövzusunda Şəki şəhərində elmi konfrans keçirilmişdir. Konfransda regionların davamlı inkişafının müasir demoqrafik vəziyyəti, o cümlədən əhali məskunlaşması ilə əlaqəsi, həmçinin texnogen və təbii mənşəli fəlakətlərin risk və təhlükəsinə dair geniş müzakirələr aparılmışdır. 
Azərbaycan Coğrafiya Cəmiyyəti 2017-ci ilin 16-17 iyun tarixlərində görkəmli alim, akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş “İnsan və ətraf mühit münasibətləri” mövzusunda Lənkəran şəhərində konfrans keçirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Coğrafiya Cəmiyyətinin də fəal dəstəyi ilə elm və praktikanın vəhdəti, eləcə də bunlar arasında yarana biləcək boşluq və çatışmazlıqlar haqqında maraqlı tərəflərin təklif və arzularını öyrənmək, onları ümumiləşdirmək, layihə hazırlanmasında səmərəli istifadə etmək məqsədilə 2018-ci ilin 16 aprel tarixində Bakı şəhərində “Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi, elm və təcrübə arasında qarşılıqlı əlaqələrin optimallaşdırılması” mövzusunda tədbir təşkil edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda 7 may 2018-ci il tarixində keçirilmiş tədbir də torpaq islahatları və torpaqlardan istifadənin modelləşdirilməsi baxımından olduqca maraqlı olmuşdur.
Cəmiyyət bundan sonra da regionların təbii ehtiyatlarından istifadənin optimallaşdırılması, sosial-iqtisadi və demoqrafik inkişafın müxtəlifyönlü coğrafi problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən irəli sürülmüş layihələrin reallaşdırılması istiqamətində təşəbbüslərini davam etdirəcəkdir. 
Azərbaycan Coğrafiya Cəmiyyətinin Beynəlxalq əlaqələri də çoxşaxəli və rəngarəng olmuşdur. Yarandığı ilk illərdən başlayaraq Coğrafiya Cəmiyyəti ya təşkilat kimi, ya da üzvlərin iştirakı ilə beynəlxalq elmi əməkdaşlığın genişlənməsində maraqlı olmuşdur. Bu illər ərzində Coğrafiya Cəmiyyəti Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Almaniya, İtaliya, Serbiya, İran, Türkiyə, Fransa, Hindistan, Çin, ABŞ və s. ölkələrin Coğrafiya cəmiyyətləri və ya aparıcı coğrafiyaçı alimləri ilə birgə elmi tədqiqatların həyata keçirilməsində iştirak etmişdir. Qeyd edək ki, Azərbaycan Coğrafiya Cəmiyyətinin beynəlxalq əlaqələri ən müxtəlif formalarda - simpoziumlar, konfranslar, birgə elmi əməkdaşlığın niyyət protokollarının imzalanması, dəyirmi masalar, elmi ekspedisiyaların təşkili, birgə layihələrin həyata keçirilməsi və s. ilə həyata keçirilmişdir. Bu işlərin nəticəsidir ki, 2012-ci ildən Azərbaycan Coğrafiya Cəmiyyəti bu sahənin əsas beynəlxalq nüfuzlu təşkilatı olan Beynəlxalq Coğrafiya Konqresinin tamhüquqlu üzvüdür. Azərbaycan Coğrafiya Cəmiyyətinin beynəlxalq əlaqələri son illər daha da intensivləşmiş, bir sıra nüfuzlu Coğrafiya Cəmiyyətləri ilə birgə elmi əməkdaşlıq haqqında sənədlərə qol çəkilmişdir. Rusiya Coğrafiya Cəmiyyəti ilə Azərbaycan Coğrafiya Cəmiyyəti arasında 31 oktyabr 2014-cü il tarixində Moskva şəhərində birgə əməkdaşlıq haqqında 20 maddəlik sənəd imzalanmışdır. 
Bundan başqa, eyni tipli sənəd Qazaxıstan Milli Coğrafiya Cəmiyyəti ilə də 17 sentyabr 2015-ci ildə imzalanmışdır. Bu əməkdaşlığın nəticəsidir ki, qeyd olunan ölkələrin coğrafiyaçıları arasında sıx əlaqələr bu gün də davam edir. 
Müxtəlif coğrafi problemlərə həsr olunmuş beynəlxalq konfransların təşkili Cəmiyyətin işinin əsas tərkib hissələrindən biri olmuşdur. “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda 15-20 sentyabr 2014-cü il tarixində təşkil edilmiş sessiya və konfransın işində 200-dən çox məruzəçi iştirak etmişdir. Burada Xəzər regionunun fiziki, sosial-iqtisadi coğrafi problemləri, Avrasiya məkanında coğrafi ərazilərin dayanıqlı inkişafının problemləri kompleks şəkildə müzakirə edilmişdir. Sonra qeyd olunan regionun dayanıqlı inkişafına dair “Bakı bəyannaməsi” qəbul edilmişdir. 
“Müasir qlobal dəyişmələrə geo və təbii - təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda 2015-ci ilin 17-18 sentyabrında Bakıda təşkil edilmiş Beynəlxalq elmi-praktiki konfransın işində Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Serbiya və s. xarici ölkələrdən olan alim - mütəxəssislər iştirak etmişlər. Konfransın sonunda bir qrup xarici alimlərlə birgə Böyük Qafqazın cənub-şərq yamacında birgə çöl tədqiqatları aparılmış və fikir mübadiləsi edilmişdir. 
Son illər Azərbaycan və Türkiyə coğrafiyaçı alimlər və mütəxəssislər arasında əlaqələrin intensivləşməsi kimi yadda qalmışdır. Birinci Azərbaycan-Türkiyə coğrafiya günləri 2017-ci ilin 2-5 may tarixlərində Bakı şəhərində keçirildi. Bu günlər ərzində hər iki qardaş ölkənin alimləri apardıqları elmi tədqiqatların istiqamətləri, eləcə də coğrafi sistemlərin öyrənilməsində müasir elmi-tədqiqat metodlarının tətbiqinin prespektivləri müzakirə edilmişdir. İkinci Türkiyə-Azərbaycan coğrafiya günləri 24-27 oktyabr 2017-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin İzmir şəhərində Egey Universitetinin təşkilatçılığı ilə keçirildi. Burada Azərbaycan Coğrafiya Cəmiyyəti üzvlərinin müxtəlif mövzulara aid məruzələri maraqla qarşılanmışdır. Məhz burada akademik R.M.Məmmədov çoxdan arzusunda olduğu “Türk dünyası coğrafiyası” çoxcildliyinin yaradılması ideyasını irəli sürüb və bu təşəbbüs razılıqla qarşılanmışdır. 
Səudiyyə Ərəbistanı Krallığı Coğrafiya Cəmiyyəti üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı (22 oktyabr 2017-ci il) hər iki ölkənin coğrafiyaçıları birgə seminarı keçirilmiş, fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlığın yolları müzakirə edilmişdir.
Coğrafiya cəmiyyətinin təşkilatçılığı, “LightHouse” şirkətinin sponsorluğu ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin doktoru Andre Baldermanın rəhbərliyi altında Coğrafiya İnstitutunda gənc alim və mütəxəssislər, eləcə də tələbələr üçün silsilə seminar məşğələlər təşkil olunmuşdur. 
Azərbaycan və Rusiya Federasiyasının müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdəki vəziyyətini araşdırma, ictimai coğrafiyanın inkişaf faktorları və prioritetlərini müəyyənləşdirmək, bu istiqamətdə təkliflərin hazırlanması, hər iki ölkə Coğrafiya Cəmiyyətlərinin birgə həyata keçirdiyi beynəlxalq konfransda müzakirə edilmişdir (10-14 may 2018-ci il). “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” adlı tədbirdə 120-dən çox maraqlı məruzə dinlənilmişdir. 
Sürətlə dəyişən və yeni keyfiyyətlər alan təbii və sosial-iqtisadi sistemlərin coğrafi problemlərinin müasir tədqiqat metodları ilə öyrənilməsi və bunların ictimailəşdirilməsi istiqamətində atılmış addımlardan biri də “Avrasiya C1S konfransı - 2018” adlı beynəlxalq tədbirin Bakıda keçirilməsi olmuşdur (13-18 sentyabr 2018-ci il). Bu beynəlxalq tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Nepal, İran, Gürcüstan və digər ölkələrdən gəlmiş elm adamları və mütəxəssislər zəmanəmizdə müxtəlif sahələrdə CİS texnologiyalarının tətbiqinin önəmini və alınmış nəticələrin elmi dəyərinin yüksək olduğu qeyd edilmişdir. 
Coğrafiya Cəmiyyətinin əsas vəzifələrindən biri də ictimaiyyətlə görüşlərin təşkil edilməsidir. Bu iş cəmiyyətdə ənənəyə çevrilmişdir. Keçən əsrin 70-80-ci illərində Coğrafiya Cəmiyyətinin rəhbərliyinin, həmçinin üzvlərinin regionlara ekspedisiyaları və ezamiyyətləri zamanı ayrı-ayrı rayonlarda məktəblilər və yerli ictimaiyyətlə görüşlərin keçirilməsi təşkil edilirdi. Son zamanlar da bu sahədə bir sıra uğurlar əldə edilmişdir. Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar olaraq Şamaxı, İsmayıllı və Qəbələ şəhərlərində coğrafiyaçıların rayon ictimaiyyəti nümayəndələri ilə görüşləri maraqlı olmuşdur (15-16 may 2015-ci il). 
Keçən dövr ərzində Cəmiyyət bir sıra yerli və beynəlxalq qrant layihələrinin həyata keçirilməsində də iştirak etmişdir. Cəmiyyətin prezidenti, akademik R.Məmmədov ilk dəfə Azərbaycanda landşaft planlaşdırılmasına aid beynəlxalq qrant layihəsini yerinə yetirmişdir. Landşaft planlaşdırılmasının birinci layihəsi Şirvan Milli Parkında (2004-cü il), ikinci layihəsi isə Samur-Yalama Milli Parkında (2008-ci il) həyata keçirilmişdir. Bundan başqa, SOCAR şirkətinin dəstəyi ilə Xəzər dənizində neftlə çirklənmənin yayılmasının riyazi modelləşdirilməsi istiqamətində layihə də uğurla yerinə yetirilmiş və bir sıra mühüm nəticələr alınmışdır. 
Nəşr fəaliyyəti. Keçən dövr ərzində Cəmiyyətin əsərlər toplusunun 20-dən çox cildi nəşr edilmiş və bu əsərlərdə 2000-dən çox məqalə çap edilmişdir. Hər bir toplu coğrafiyanın ən mühüm, aktuallıq kəsb edən müasir istiqamətlərinə həsr edilmişdir. Nəşr fəaliyyəti sahəsində Cəmiyyətin ən uğurlu işlərindən biri də 2015-ci ildə Azərbaycan coğrafiya elmi tarixində ilk dəfə akademik R.M.Məmmədovun təşəbbüsü ilə “Coğrafiya və təbii resurs” jurnalı təsis edilməsidir. Qeyd olunan dövrdə nəşrimiz qısa müddət ərzində ölkə daxilində və xarici ölkələrdə tədqiqat aparan alimlərin diqqətini özünə çəkə bilmişdir. 
Ekoturlar və ekspedisiyalar. Coğrafiya Cəmiyyətinin təşkil etdiyi davamlı ekoturlar ölkə ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən maraqla qarşılanmış və populyarlıq qazanmışdır. Son zamanlar Şirvan, Hirkan, Altıağac və Abşeron Milli parklarına, Qobustan qoruğuna, palçıq vulkanlarına, Quba, Qusar, Masallı və s. inzibati rayonların təbiət abidələrinə təşkil edilmiş 15-dən çox ekoturlarda tələbələr, məktəblilər, müəllimlər və s. həvəslə iştirak etmişlər. Cəmiyyət üzvlərinin hər il yay mövsümündə regionlara təşkil edilmiş elmi ekspedisiyaları da ölkəmizin təbiətinin coğrafi cəhətdən dərk edilməsi baxımından dəyərlidir. 
Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvlərindən akademik B.Ə.Budaqov SSRİ Coğrafiya Cəmiyyətinin Prejevalski adlı qızıl medalına, N.Ş.Şirinov, Ə.V.Məmmədov Azərbaycan SSR, akademik R.M.Məmmədov, AMEA-nın müxbir üzvü E.K.Əlizadə, c.ü.f.d., dosent M.S.Həsənov və c.ü.e.d. Z.Eminov isə Azərbaycan Respublikası Dövlət mükafatlarına layiq görülmüşlər. E.K.Əlizadə və S.Tarixazər Rusiya Coğrafiya Cəmiyyətinin “Billur kompas” mükafatlarını almışlar.
Bu il 80 illik yubileyini qeyd edən Azərbaycan Coğrafiya Cəmiyyəti dövlətimizin demokratik və dinamik inkişafı yolunda bundan sonra da coğrafi tədqiqatların daha səmərəli şəkildə genişləndirilməsi istiqamətində yaradıcılıq təşəbbüslərini artıracaqdır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızın və onun regionlarının sosial-iqtisadi və davamlı inkişafı istiqamətində göstərişlərinin yerinə yetirilməsində daha uğurlu elmi nəticələrin əldə olunmasında Coğrafiya Cəmiyyəti yaxından iştirak edib öz elmi töhfəsini verəcəkdir.

Ramiz MƏMMƏDOV,
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik.

Respublika qəzeti, Şənbə, 25 May 2019 10:57

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/22742-dzaemiyyaetin-faealiyyaeti-ughurlar-vae-perspektivlaeri?fbclid=IwAR1cnVMfeJk52EvVD___ASUymUrxCtvAY14-M0nu2jkrwlWEf37RlWb0oiI

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019