Qalalar qeyrət rəmzi, qəhrəmanlıq səhifələri ilə dolu şərəfli tariximizin şahidləri və yadigarlarıdır. Onları mühafizə edib gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur. Qız qalası, Çıraq, Əlincə, Koroğlu, Bəzz, Gülüstan və onlarla digər qalalarımız. Vətən torpağının hər guşəsində rast gəldiymiz bu möhtəşəm qalalar əsrlər boyu bizi düşmənlərdən, yadellilərin hücumundan qorudular. Amma təəssüf ki, onların çoxunu qoruya bilmədik, tarixin burulğanlarında məhv oldular, həmişəlik itib getdilər və günümüzə qədər gəlib çatanların bir qismi də yarımcan vəziyyətdədir.
Bilmirəm nədənsə, biz həmişə tariximizə, keçmişimizə laqeyd olmuşuq: erməni saxtakarlığına göz yummuşuq, alban mədəniyyətinə doğru-düzgün sahib çıxmamışıq, dəfinə tapmaq hərisliyi ilə tarixi abidələrimizi dağıtmışıq, qədim qala daşları ilə evlərimizi tikmişik...
Ötən il üç günlüyə Qalaaltı kurort-istirahət mərkəzinə getmişdik. Çox gözəl və müasir sanatoriya binası məni hədsiz sevindirsə də onun arxasındakı dağın zirvəsində qərar tutmuş möhtəşəm Çıraqqalanın hüznlü görkəmi - o dərəcədə məyus etdi. Anlamaq olmur, bu qalanı niyə bərpa etmirik, niyə ora əməlli yol çəkib, turistlərin ziyarət yerinə çevirmirik? – Vəsaitmi yoxdur, yoxsa təşəbbüskarlıq? Nədən müvafiq qurumlar həyacan təbili çalmırlar? Bəlkə gözləyək görək, qalan divarları nə vaxt uçub töküləcək? Bəs, sonra gələcək nəsillərə nə göstərəcəyik? Düzdür, qala və ətrafları 2003-cü ildə qoruq elan edilib, amma onun bərpasına və ya heç olmasa, konservasiyasına niyə vəsait ayrılmır, bax, bu, başa düşülən deyil!
Çıraqqalanın baxımsız görkəmi mənə məşhur Gülüstan qalasını xatırlatdı. Əslində, Azərbaycan ərazisində “Gülüstan” adlı iki məşhur qala mövcuddur: biri Şamaxı şəhərinin yaxınlığında, digəri isə Goranboy rayonunda yerləşir. Birinci qala öz qəhrəmanlıq tarixi ilə yadda qalsa da, ikincini tariximizin qara səhifələrindən birinin şahidi kimi tarix kitablarından yaxşı xatırlayırıq. Bu qalada 1813-cü ildə Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölünməsini əks etdirən sülh müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə Azərbaycanın Şirvan, Bakı, Quba, Gəncə, Qarabağ, Lənkəran və Şəki xanlıqları Rusiyanın təkibinə qatılmışdır, yəni çar Rusiyası tərəfindən işğal olunmuşdur. İllər öncə mənə bu qalanın xarabalıqlarını görmək və bir qədər də qalanın ərazisində gəzib-dolaşmaq imkanı qismət olmuşdu...
Ötən əsrin 70-ci illərinin axırlarında “Murovdağ layihəsi” çərçivəsində Göranboy rayonunun Gülüstan kəndi ətraflarında geoloji-axtarış işləri aparırdıq. Oralarda elə bir ciddi əhəmiyyətə malik filizləşməyə rast gəlmədik, lakin məşhur Gülüsan qalasını yaxından seyr etmək mənim üçün hədsiz maraqlı oldu.
Hələ o vaxt qala çox bərbad gündə idi, divarlarının çox hissəsi uçulub tökülmüş, ancaq bir-iki bürcü salamat qalmışdı. Qala İncəçayın az qala dövrə vurub əhatələdiyi bir təpənin üstündə, strateji cəhətdən çox təhlükəsiz bir yerdə tikilmişdi. Hər üç tərəfdən su ilə əhatə olunmuş bu qalaya giriş yalnız bir tərəfdən – cənub-şərq yamacdan mümkün idi. Biz çaya düşən gizli yeraltı yolla bir qədər gedsək də, çox yerdə uçub töküldüyündən, axıra qədər gedə bilmədik. Aşağıdan baxanda qalanın salamat qalmış bürcü bir az Qız qalasına oxşayırdı. Görünür, XII əsr arxitekturasının əsas elementlərində belə bənzərliklər mövcuddur. Qala niyə belə baxımsız vəziyyətdə idi, niyə təmir olunmamışdı, anlamadım. İndi başa düşüləndi: oralar müharibə zonasına yaxındır, kənddə heç kim yaşamır, bəs, o vaxt?
Qalanın ərazisini xeyli gəzib dolaşdıq, amma təəssüf ki, maraqlı bir şey görə bilmədik, salamat bir bina qalmamışdı, hamısı uçmuş, çökmüş, üstləri torpaqla dolmuş, ağaclar və kollar bitmişdi. Adamın inanmağı gəlmirdi ki, cəmi 166 il əvvəl (1979-cu ildən baxanda) bura abad bir məkan imiş, burada canlanma var imiş və iki böyük dövlət üçün əhəmiyyətli, lakin Azərbaycan xalqı üçün ağır olan sülh müqaviləsi bu qalada imzalanmışdır. Sülh müqaviləsi üçün niyə məhz bu qalanın seçilməsinə dair tarix kitablarında tutarlı bir bilgiyə rast gəlmədim, amma ola bilər ki, qalanın etibarlı olması ilə bərabər, Gülüstan kəndinin adına layiq məkanda yerləşməsi və ətrafların hədsiz gözəl təbiətə malik olması da sülh müqaviləsi üşün bu yerin seçilməsində önəmli rol oynamışdır.
Gülüstan qalasının bərbad görkəmi tariximizə, tarixi abidələrimizə münasibətin bir nümunəsi kimi məni xeyli məyus etdi. Vaxt bitdi, biz o gözəl yerləri tərk etdik və indi o qalanı görməyimdən düz 40 il keçir. Yəqin ki, bu illər ərzində qala divarları daha da uçulub tökülmüş olar. Üstəlik, qala ərazisi mənfur qonşularımızla apardığımız müharibə zolağının yaxınlığındadır. Bu səbəbdən onun məhv olma ehtimalı daha çoxdur. Bəzən düşünürsən ki, tariximizin qara bir səhifəsinə şahidlik etmiş bir qalanın qalması lazımdırmı?- Əlbəttə, lazımdır! İstənilən halda, bu da bir tarixdir, tarixi isə geri qaytarmaq, təzədən yazmaq mümkün olmadığı üçün bu qala da digərləri kimi qalmalıdır.
Gülüstana hələlk əlimiz çatmasa da, ilk növbədə Çıraqqalanı qorumalıyıq, çünki o, sadəcə bir qala deyil, IV-VI əsrlərdə tikilmiş Böyük Gilgilçay səddinin bir elementi, həm də son nişanələridir. Çinlilər Böyük Çin səddini bərpa edib, hər il turizmdən milyonlarla dollar qazanc əldə edirlər. Biz də necə olursa olsun, Çıraqqalanın bərpası və ya konservasiyası üçün mütləq vəsait tapmalıyıq, onu məhv olmaqdan xilas etməliyik. Bu işə lazım gələrsə, beynəlxalq qurumları və ya yerli imkanlı biznes strukturlarını cəlb etməliyik, çünki sonra gec ola bilər. Məlumdur ki, qala ərazisi seysmik aktiv zonada yerləşir, tez-tez (elə biri bu günlərdə) baş verən zəlzələlər və ekzogen proseslər (külək, yağış, qar) onun ömrünün sonunu daha da sürətləndirir. Və istər-istəməz narahat olursan: əsrlərə sinə gərmiş bu məğrur qala gələcək nəsillərə qala biləcəkmi? - Vaxtında tədbir görülməsə, qədim tariximizin bu mühüm səhifəsini də itirmiş olacağıq.
Dəyərli insan, vətənpərvər alim, rəhmətlik Xudu Məmmədov məşhur bayatısında çox gözəl deyib: “Tikmədim özüm qalam, Tikdim ki, izim qala”. Bəli, qalalar tarixi varlığımızın nişanələri, izləridir. İzimizin itməməsi, tarixlərdə qalması üçün onları hamımız, ilk növbədə isə bu işə məsul olan insanlar, qorumalıdır. Bir el məsəlində deyildiyi kimi, keçmişinə daş atanı gələcək topa-tüfəngə tutar. Biz də onları qorumalıyıq ki, gələcək nəsillər bizi qınamasın, topa-tüfəngə tutmasın.