Sürüşmə yer səthində baş verən təhlükəli geomorfoloji hadisədir. Bu təbii proseslə məşğul olan elm sahəsinin adı geomorfologiyadır. Geomorfologiya ümumiyyətlə yerin relyefi, üfüqi və şaquli parçalanması, meyilliyi və yer səthində baş verən proseslərin genezisini, dəyişmə və evolyusiya qanunauyğunluqları ilə məşğul olur. 
Sürüşmə yamac boyunca dağ süxurlarının öz çəkisi və yağış sel suları ilə yuyulması, hədsiz rütubətlənməsi, seysmik təkanlara məruz qalması və digər proseslərdən yaranan əlavə yükün təsiri nəticəsində baş verir. Sürüşmə Yer səthində müəyyən zaman kəsiyində baş verən proses olduğundan onun müxtəlif inkişaf fazalarında ayrı-ayrı amillər üstünlük təşkil edirlər. 
Sürüşmələr vadilərin və yaxud çayların sahillərinin yamaclarında, dağlarda, dəniz sahillərində və s. yaranır. Ən böyük sürüşmə dənizlərin və okeanların dibində baş verir. Sürüşmələr ən çox susaxlayan və sukeçirən süxurların növbəli yerləşdiyi yamaclarda baş verir. İri torpaq kütlələri və yaxud süxurların yamac boyunca hərəkətinin bir çox hallarda səbəbi yağış suları ilə qruntun islanmasıdır. Belə ki, islanan qruntun kütləsi daha da ağırlaşır, mütəhərrik olur. Qrunt və yaxud süxuru saxlayan sürtünmə qüvvəsi yamacdakı süxurlardakı ağırlıq qüvvəsinə nisbətən azalır və yamac boyunca aşağı hərəkət yaranır. Sonradan yamacın dikliyi artdığından proses təcillənir. Sözsüz ki, daha dərin qatlarda gedən geoloji proseslər, tektonik plitaların hərəkəti, seysmik şərait və antropogen yüklənmə prosesə öz təsirini göstərir. Ancaq sürüşmənin akitvləşdiyi zaman kəsiyində onlar fon xarakteri daşıyırlar. 
Son zamanlar Abşeron yarımadası ərazisində sürüşmə prosesləri aktivləşmiş və bəzi hallarda təbii-fəlakət xarakteri daşımışdır. Bu müasir aktivləşmənin geoloji proseslər və seysmik şərait ilə əlaqələndirmək nə dərəcədə doğrudur? Bəli, bilirik ki, Azərbaycan ərazisində tektonik plitaların intensiv hərəkəti mövcuddur, ərazi aktiv seysmik zonadır, bəzi yamaclarda xeyli antropogen yüklənmə var və belə şərait yamaclarda potensial sürüşmə zonaları yaradır. Adi halda belə potensial zonalarda yamac kütlələrinin ağırlıq qüvvəsi ilə sürüşmə qüvvəsi arasında tarazlıq yaranır və proses durğun hala keçir. Misal üçün Şəki-Zaqatala zonası öz seysmikliyi ilə fərqlənir. Ancaq bu ərazilər sürüşmə prosesləri baxımından elə də aktiv deyil.
Məlum olduğu kimi, Abşeron yarımadası bu ilin oktyabr və noyabr aylarında ekstremal yağışlı günlərilə səciyyələndi, aylıq yağış norması 2-3 gün ərzində yağdı. Nəticədə yamaclarda, xüsusən Bayıl yamacında, yamacların torpaq kütləsi və qrunt əlavə olaraq islandı, sürtünmə əmsalı azaldı, onların ağırlığı artdı və nəticədə ağırlıq ilə sürtünmə qüvvələri arasında tarazlıq pozuldu, yamac boyu aşağı hərəkət başladı. Sonrakı mərhələdə bu proses təcil aldı, sürətləndi. Yəni bu zaman kəsiyində sürüşmə prosesində aparıcı qüvvə kimi iqlim amili, onun yaratdığı intensiv yağışlar oldu. Qısa müddətdə yağan yağış suları axmağa imkan tapmadı. Bu isə o deməkdir ki, biz hadisənin qarşısını almaq üçün elə yamacların özündə hidrogeoloji-mühəndisi qurğulara xüsusi əhəmiyyət verməliyik.
Bəzi fikirlərə görə Abşeron yarımadasının bəzi yerlərində yüksəkmərtəbəli binaların və tikililərin inşasına qadağan qoymaq lazımdır. Mən bu fikirlə razı deyiləm və fikirləşirəm ki, müasir texnologiyalardan istifadə etməklə Abşeron yarımadasının hər yerində istənilən mərtəbəli binanı tikmək olar. Yadıma gəlir bir neçə il əvvəl N.Nərimanovun heykəlinin qabağından yol sürüşmə nəticəsində çatmışdı və o yoldan aşağı Vaqif küçəsində bir hündürmərtəbəli binanın inşasına başlamışdılar. Mərhum akademik B.Budaqov və mən gəldik inşaat meydançasına, tikintinin prorabını tapdıq. Budaq müəllim ona dedi ki, sən görmürsən bura sürüşür, səndən bir azca yuxarıda çat yaranıb, sənin tikdiyin bina da sürüşəcək. O cavabında - “mən bunu görürəm və nə etdiyimi yaxşı bilirəm” dedi. Əlavə etdi ki, o yerin altındakı geoloji ana süxura 16 metr dərinliyində dəmir-beton dirəklər mıxlayacaq və dirəklər binanın dayanıqlılığını təmin edəcək. Bu gün həmin bina öz yerində möhkəm dayanıb və üstəlik yuxarıdan gələn sürüşmənin də qarşısını alıb. Yəni istənilən yerdə tikmək olar, ancaq onun öz texnologiyası var. Əlbəttə bu tələbləri ödəmək layihələrin qiymətini qaldırır. Nə etməli başqa yol yoxdur, torpaq xüsusən yamaclar bahadır. Əvvəllər Bakı Şəhəri İcra Hakimiyyəti deyirdi ki, hər tikinti layihəsi 43 imzadan keçir. Bax elə o imzalardan biri layihələrdə sürüşmə amilini mütləq nəzərə almalı, tikintiyə əlavə tələblər qoymalıdır.
Bunun üçün ən əvvəl ölkədə potensial sürüşmə ərazilərinin irimiqyaslı rəqəmsal xəritələri hazırlanmalıdır. Sürüşmə ilə yanaşı sel, uçqun, deflyasiya, eroziya və s. kimi təhlükəli geomorfoloji proseslər də bu xəritələrdə öz əksini tapmalıdır.
Nəhayət, vurğulamaq istəyirəm ki, sürüşmələrin belə aktivləşməsinin əsas səbəblərindən biri Yer kürəsi iqliminin istiləşməsi, onun yaratdığı ekstremal meteoroloji hadisələrin Azərbaycan ərazisində təzahürü ilə əlaqədar olduğu aydın görünür. BMT-nin İqlim dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun axırıncı hesabatına görə belə ekstremal halların tezliyi və diapazonu getdikcə artacaqdır. Kimi buna hazır olacaqdır, kimi də ekstremal halların ümumdünya qəsdində olduğunu müzakirə etməklə, heç nəsiz qalacaqdır. Sual budur!

Ramiz Məmmədov,
akademik

Respublika qəzeti

09 dekabr 2018-ci il