Dağlar zirvələri ilə öyünürlər, çünki onlar sayəsində Allaha daha yaxın olurlar... Görünür elə bu səbəbdəndir ki, çox əzəmətli, qürurlu, sehrlidir ulu dağlar...

Uşaqlığım, nağıl dünyam keçib bu dağların zirvəsində, dar keçidlərinə, dolanbac cığırlarına, dik aşırımlarına bələdəm...

Göz-gözü görməyən çənində o qədər azmışam ki, yarpızlı, baldırğanlı bulaqlarından o qədər su içmişəm ki...

İldırım çaxanda zirvəni qılınc kimi kəsib yox olan şimşəyini izləməkdən doymurdum...

Amma bircə dəfə də olsun ağlıma gətirməmişdim ki, haçansa bu ucalığa, bu qüdrətə, bu ecazkarlığa həsrət qalacam...

Bilmirdim ki, bəlkə bu yerlərə bir də qayıtmadım...

Dağların günü

11 dekabr Beynəlxalq Dağlar Günüdür. Bu gün 2003-cü ildə BMT Baş Məclisinin 57-ci sessiyasında planetimizin dağlıq rayonlarının inkişafı problemlərinə və həmin ərazilərdə yaşayan əhaliyə kömək göstərilməsinə diqqəti cəlb etmək məqsədi ilə elan olunub.

Bəzi dağlar yerin sıxılması nəticəsində, bəziləri isə qızmar lavaların yer üzünə çıxıb donması nəticəsində meydana gəlib. Asiyanın 54, Şimali Amerikanın 36, Cənubi Amerikanın 22, Avropanın 25, Avstraliyanın 17, Afrikanın 3 faizi dağlardan ibarətdir. Ümumilikdə dünyanın quru hissəsinin 24 faizi tamamilə dağlıqdır və insanların 10 faizi həmin dağlıq ərazilərdə yaşayırlar. Çayların əksəriyyəti dağlardakı qaynaqlarla qidalanır və dünya əhalisinin yarıdan çoxu suyunu dağlardan alır. Dünyanın ən yüksək dağı Himalay dağlarıdır və onun da ən yüksək zirvəsi 8848 metrlə Everestdir. Dağlar, adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ silsiləsi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min kilometrə çatır.

Məlumatlara əsasən, yerlə yanaşı digər planetlərdə də dağlar var. Məsələn, Venerada Gila Dağı (3 km) və Günəş Sisteminin ən yüksək dağı Marsdakı Olimpiya Mons (25 km) dağıdır. Bununla yanaşı, Ayda 8 km yüksəkliyi olan dağlar var.

Ən müdhiş olan zirvədəyəm mən...

Zəngin təbiətə malik Azərbaycan da dağlıq ölkədir. Azərbaycanın ən yüksək nöqtəsi Böyük Qafqaz dağ silsiləsindəki 4466 metr hündürlüyünə malik Bazardüzü zirvəsidir. Kiçik Qafqaz dağ silsiləsində 3724 metrlə Gamışdağ, Naxçıvan MR ərazisində Dərələyəz və Zəngəzur sıra dağlarında 3904 metrlə Qapıcıq, Talış dağ sistemində isə 2493 metrlə Gömürgöy ən hündür zirvələrdir.

Dağların zirvəsi nə qədər hündür olarsa, daha çox buzlaqlara sahib olur, su ehtiyatı saxlaya bilirlər. Dünyada olan 11 iqlim tipindən 9-u Azərbaycandadır ki, buna səbəb də elə dağlarımızdır. Dağlar həm təbiətdə, həm də insan həyatında çox ciddi rol oynayır.

Əgər desək ki, dağlar bizim həyatımızdır, qətiyyən yanılmarıq. Müqəddəs "Qurani-Kərim”də olan ayətlərin birində deyilir: "Biz dağları yaratdıq ki, yer sizi çox silkələməsin”. Yəni dağıdıcı zəlzələlərin qarşısını da yalnız bu qüdrətli dağlar vasitəsilə almaq mümkündür...

Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyir ki, hər bir materikin, quru sahəsinin böyüməsi dağlarla başlayır. Əvvəlcə dağlar yaranır, daha sonra xarici qüvvələr günəşin istiliyi, külək və sair sayəsində dağılır, hamarlanır və düzən sahələr meydana gəlir. Bir sözlə, düzən sahələr də öz yaranmasına görə dağlara borcludur.

Dağların Azərbaycan təbiətinin formalaşmasındakı rolu, insanların həyatındakı əhəmiyyəti və hazırda dünyada baş verən qlobal istiləşmənin və digər amillərin yaratdığı problemlərlə bağlı maraqlı faktlar söyləyən müsahibimizin fikrincə, əgər düzənlikdə yaşayırıqsa, bu o demək deyil ki, dağların bizə aidiyyəti yoxdur: "Məsələn, Kür-Araz ovalığının indiki təbiəti onu əhatə edən Böyük, Kiçik Qafqaz və Talış dağları ilə sıx bağlıdır. Bu ovalığa gələn xeyli çay öz mənbəyini dağlardan götürür. Dağlar ilin soyuq dövründə suları yığır, konservasiya edir və ilin isti dövründə çaylar şəklində bizə verir və bunun sayəsində düzənliklərdə, ovalıqlarda həyat yaranır”.

Dağların işinə qarışa bilmərik...

Fəlsəfə doktoru izah edir ki, əgər Böyük Qafqaz dağları olmasaydı, Azərbaycanda təbiət bu cür zəngin olmazdı. Bu zaman şimaldan gələn soyuq hava kütlələri sərbəst şəkildə ölkəyə daxil olardı və qış həddindən artıq soyuq, yay isə çox isti olardı.

Məsələn, Azərbaycanla bir enlikdə olan Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı şimaldan əhatə edən dağlar yoxdur və buna görə qışı xeyli sərt, yayı qızmar isti keçir: "Qanıx-Əyriçaydan yeraltı suları Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakıya gətirilib. Əslində, bu yeraltı suyu formalaşdıran da Böyük Qafqazın buzlaqlarıdır. Amma elə etmək lazımdır ki, balans pozulmasın. Əgər balansdan çox su götürülsə, onda Qanıx-Əyriçayın ciddi problemləri yaranar. Bununla yanaşı, Böyük Qafqazın Şimal-Şərq yamacından Şollar Bakı su kəməri çəkilib. Bu kəmərin çəkilməsi Samur-Dəvəçi ovalığında olan yeraltı su ehtiyatı ilə bağlıdır ki, həmin ehtiyat da Baş Qafqaz silsiləsində illərlə konservasiya olunmuş buzlaqlardan, yeraltı sular kimi su ehtiyatlarından qaynaqlanır”.

Sonuncu Vətən daşı...

Mirnuh müəllim deyir ki, Azərbaycanda olan dağ silsilələrinin hərəsinin öz xüsusiyyəti var: "Məsələn, tədqiq edəndə görürsən ki, Böyük Qafqaz insanla tamamilə ayrı cür "danışır”, Kiçik Qafqaz, Talış dağları isə tamam ayrı. Mən deyərdim ki, Kiçik Qafqaz Azərbaycan təbiətinin incisidir. Bu dağlarda gəzəndə hər daş, hər qaya, hər süxur sənə bir nağıl danışır. Amma Böyük Qafqazda belə deyil, orada hamısı tökmə süxurlardır, gillicəli, qumlucalı, əhəngdaşlı süxurlar. Kiçik Qafqazda isə yerə əyilib çay daşlarına, çayın gətirdiyi süxurlara baxmaq kifayət edir ki, görəsən hərəsinin bir rəngi var. Bu onu göstərir ki, Kiçik Qafqazın əmələ gəlməsi də, zənginliyi də tamam ayrı aləmdir”.

Ən məşhur qızıl yataqlarımızın da Kiçik Qafqazda olduğunu söyləyən fəlsəfə doktoru məlumat verir ki, nəhəng qızıl mədənləri, alunit, dəmir filiz, civə yataqları, mineral bulaqlar bu dağları təbii sərvətlərin ünvanına çevirir.

Mirnuh İsmayılov qeyd edir ki, Kiçik Qafqaz dağlarının işğal altında olması bizim üçün təsvirəgəlməz itki deməkdir: "Axırıncı dəfə 1988-ci ildə Kəlbəcərə ekspedisiyaya getdik. Oradan gələndə Zod qızıl mədənində işləyən azərbaycanlı fəhlə bizə bir qızıl süxuru verdi. Dedi ki, ermənilər bunu məndən almaq istəyirlər. Xahiş edirəm, bunu aparın Bakıya və orada deyin ki, ermənilər bizim sərvətimizi talayırlar. Bu günə qədər də həmin süxur akademiyada saxlanılır. Həmçinin oradan gətirdiyim bir tuf daşını evimdə saxlayıram və soruşanlara deyirəm ki, bu Kəlbəcərdən gələn axırıncı daşdır, mənim üçün çox qiymətlidir, çünki bu bizim torpağın nümunəsidir...”

Unikal flora zənginliyi

"Talış dağlarının da özünəməxsus təkrarsız xüsusiyyəti var. Bu dağların nisbətən aşağıda yerləşməsi onu buzlaşmadan qoruyub və qədimdən qalan flora və faunanı bu gün də saxlaya bilib. Hətta Talış dağları flora zənginliyinə görə dünyanın sayılıb-seçilən yeridir. Belə ki, hər 10 min hektara düşən növ zənginliyinə görə subtropik qurşaqda ikinci belə bir zəngin yer yoxdur”.

Meşələri, xüsusilə də dağlarda yerləşən meşələri qırmağın təbii fəlakətlərə yol açdığını vurğulayan Mirnuh İsmayılov söyləyir ki, hazırda meşələrimizin 90 faizi dağlarda yerləşir: "Dağ meşələrinin su qoruyucu, torpaq qoruyucu, dağın özünü qoruyucu funksiyaları var. Əgər dağlarda meşələri qırsan, eroziya sürətlənər, torpaqlar yuyulub gedər, otlaqlar, əkin sahələri olmaz, sellər fəallaşar, sürüşmələr artar və beləliklə də insanın həyat fəaliyyəti sönər. Təbiətin tarazlığı pozulduğu üçün getdikcə torpaq sahələri azalır. Axır zamanlar dağlıq ərazilərdə yolların çəkilməsi sürətlənib. Bu yolları çəkərkən çox diqqətli olmaq lazımdır. Həmin yolun keçdiyi ərazinin landşaftını, torpağını, bitki örtüyünü, heyvanlar aləmini, süxurların litalogiyasını, yatım vəziyyətini bütün öyrənmək lazımdır”.

Sürüşmələr, eroziya, bitki örtüyünün dəyişməsi...

"Əvvəllər dağlıq ərazilərə çəkilən yollarla bağlı iri layihələr həyata keçiriləndə Coğrafiya İnstitutuna müraciət edilir və ora kompleks ekspedisiyalar təşkil edilirdi” deyən dosentin fikrincə, həmin ekspedisiyalar nəticəsində yolun keçəcəyi ərazidə bütün təbii komponentlər öyrənilir, sonra çəkilirdi: "Bu yol təbii ərazidə balansı nə dərəcədə pozacaq, hansı problemlər ortaya çıxacaq və s. İndi isə təəssüf ki, yollar çəkiləndən sonra ora gedib görürük ki, ciddi problemlər ortaya çıxıb. Sürüşmələr, eroziya, bitki örtüyünün dəyişməsi sürətlə gedir. Dağlıq ərazilərdə olan meşələrə ancaq cığırlardan istifadə edərək getmək olar. Daha orada ev tikmək, nəhəng yol çəkmək qətiyyən yolverilməzdir. Çünki bizim ölkədə meşə cəmi 11 faiz təşkil edir ki, onun da 90 faizi dağlardadır. 264 min hektar meşə sahəmiz isə düşmən əlindədir. Məlumatlara əsasən, onlar kolları yandıraraq gələcək meşə əmələ gəlməni məhv edirlər, qiymətli ağacları qırırlar. Bəsitçay qoruğundakı təbii çinar meşəmiz tamamilə qırılaraq mebel sənayesində istifadə olunur. Çox qiymətli Qırmızı palıd, fıstıq kimi ağaclarımızı ermənilər məhv ediblər. İşğal altında olan meşələrin ciddi ekoloji problemləri var. Həm sahə, həm də meşənin tərkibində müşahidə olunan dəyişikliklər baxımından”.

Yer üzünü dağlar da xilas edə bilməyəcək...

Qlobal iqlim dəyişmələri ilə bağlı da dağların çox problemləri olduğunu söyləyən fəlsəfə doktoru qeyd edir ki, dağlarda istiləşmə prosesi gedir, istiliyin sərhədi yuxarı qalxır: "Ötən il Böyük Qafqazda subalp çəmənliyində tədqiqat aparırdıq və təəccüblüdür ki, orada zəhərli ilana rast gəldim. Bu qlobal istiləşmə ilə əlaqədardır. O cümlədən, hündürlük qurşaqlarında yavaş-yavaş dəyişmələr baş verir və dağ buzlaqların azalması haqqında xəbərlər gəlir. Həmin zirvələrə qalxmaq, tədqiqat aparmaq çətindir, amma vertolyotla çəkilən şəklə əsasən analiz etmək mümkündür. Son zamanlar dronla çəkilişlər aparılıb. Biz bu vasitə ilə hündür zirvələrimizdəki vəziyyəti müşahidə edə, dağ buzlaqlarının Azərbaycanda dinamikasını öyrənə və gələcək üçün müəyyən proqnozlar verə bilərik”.

İnsan mədəniyyətinə, adət-ənənələrinə, həyat tərzinin formalaşmasına ciddi təsiri olan dağlarla yola getməyi bacarmaq lazımdır. Necə ki, min illərdir insanlar dağlarla uyum içində yaşamağı öyrəniblər. Müasir insan isə bütün bu qaydaları pozmağa, necə deyərlər sürətlə ayağının altını qazmağa başlayıb... Əgər bu cür davam etsə, yer üzünün və insanlığın sonunun qarşısını almağa heç dağların da gücü çatmayacaq...

 

Yasəmən MUSAYEVA,
"Azərbaycan” qəzeti,   11.12.2018.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019