Keçən il televiziya xəbərlərinin birində İsmayıllı rayonunun Tarix Diyarşünaslıq muzeyində meteorit eksponatının saxlandığı bildirilir və muzeydən  reportaj təqdim edilirdi. Jurnalistin və muzey direktorunun meteorit adlandırdıqları eksponat məni xeyli maraqlandırdı. Axı, Azərbaycan ərazisinə indiyə kimi cəmi 3 meteoritin düşdüyü məlumdur. Üstəlik, bəzi internet saytları da “İsmayıllıda meteorit tapılıb” başlıqlı xəbərlər yaydılar. Xəbər və eksponatın görüntüləri diqqətimi çəkdi. Məlumatın doğruluğunu yoxlamaq, yəni  “həqiqətənmi həmin eksponat meteoritdir?” sualına cavab tapmaq məqsədilə araşdırma aparmaq qərarına gəldim. Bir bazar günü AMEA-nın  akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Aliyar Əliyevlə İsmayıllı rayonuna yollandıq...

    

Meteoritlər cox maraqlı fəza cisimləridir, kosmosun, Yerdənkənar aləmin nişanələridir. Yer süxurlarından fərqli tərkibə və struktura malikdirlər. Onların öyrənilməsi Kainat, onun yaranması və inkişafı haqqında biliklərimizi zənginləşdirir. Hər il Yer kürəsinə ümumi çəkisi iki min tondan çox olan irili-xırdalı minlərlə meteoritin düşdüyü ehtimal edilir. Lakin onların böyük əksəriyyəti Yerə çatmadan səmada atmosfer qatı ilə sürtünmədən alışıb yanırlar. Məsəln, 1908-ci ildə Sibirə düşmüş və çox ciddi fəsadlar törətmiş məşhur Tunqus bolidi elmə məlum olan ən böyük meteorit olmasına baxmayaraq, onun heç bir nümunəsi tapılmamışdır. Müqəddəs Məkkə şəhərində, hər il milyonlarla müsəlmanın təvaf etdiyi (dövrə vurmaq) Kəbənin bir küncündə yer almış Həcərül-Əsvəd daşının (“Qara daş”) da  meteorit mənşəli olması haqqında mülahizələr mövcuddur.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ərazisinə hələlik elmə məlum olan cəmi 3 meteorit düşübdür. Onlardan birincisi - hazırda Çikaqo muzeyində saxlanan, çəkisi 28,25 kq olan daş meteorit 1898-ci ildə indiki Qazax rayonu ərazisinə, ikincisi - hazırda Moskvada Rusiya Elmlər Akademiyasının Meteorit  muzeyində saxlanan, çəkisi 3.5 kq olan daş-dəmir meteorit 1906-cı ildə indiki Ağcabədi rayonun Hindarx kəndi ərazisinə düşmüşdür.    Və nəhayət, dəmir tərkibli böyük bir meteorit 1959-cu ildə Yardımlı rayonunun Ərus kəndi ətrafına düşmüşdür. Ümumi çəkisi 151 kq olan bu meteorit 6 hissədən ibarət olmuş və ən böyük hissənin çəkisi 127 kq, ölçüsü isə 48x26sm-dir. Hazırda bu meteorit Pirquluda Şamaxı Astrofizika Rəsədxanasının muzeyində saxlanılır.
Azərbaycanın dördüncü meteoriti ola biləcək İsmayıllıdakı muzey eksponatı barəsində düşüncələrim mənzil başında sona çatdı. İsmayıllı şəhəri öz sakit aurası, səliqə-səhmanı, yaşıllığı və qonaqpərvər insanları ilə  məndə xoş təəssürat oyatdı. Vətənimizin əksər guşələrində olsam da nədən indiyinə qədər bu gözəl şəhəri görmədiyimə təəcüb və təəssüf etdim. Təsadüfən tanış olduğumuz Zaur bəy həmin gün işləməyən Tarix Diyarşünaslıq muzeyini və onun direktoru Mayıl Fərəcovu tapmaqda bizə yardımşı oldu. Söhbət əsnasında Zaurun da coğrafiya fakultəsini bitirdiyini və hazırda rayonda xarici bir layihənin koordinatoru işlədiyini öyrəndik.
Muzey geniş və səliqəli Heydər Əliyev adına şəhər parkında müasir bir binada yerləşir və zəngin eksponat fonduna malikdir. Direktor muzey haqqında ümumi məlumat verdikdən sonra meteorit adlandırdıqları eksponatı bizə təqdim etdi. Bu, ölçüsü təxminən 30x35x15sm olan və hər iki tərəfindən yastılaşmış dairəvi qara daşdır. Deyilənə görə onu yerli sakinlərdən biri 1982-ci ildə Girdimançayın yatağında tapıb və maraqlı, həm də  digər çay daşlarından fərqli görkəminə görə muzeyə təhvil verib. Zahiri görünüşü tısbağa zirehini xatırlatsa da, ölçülərinə nisbətən çəkisinin ağırlığı (10,6kq) diqqət çəkir. Məhz bu səbəbdən onun meteorit olması düşünülmüş, amma ciddi tədqiq edilməmişdir. Lakin eksponatın meteorit olmadığı ilk baxışdan  məlum olur. Belə ki, daşın zahiri görünüşündə meteoritlərə məxsus ərimiş qabıq, kələ-kötürlük, massivlik əvəzinə, hamar səthində müxtəlif istiqamətli çoxlu sayda dolmuş çatlar (damarcıqlar) müşahidə olunur ki, bu  da  onun yer mənşəli olmağından xəbər verir. Çox gözəl təbii görünüşlü bu daşın bütövlüyünü pozmaq və yaraşığına xələl gətirmək istəmədik və ondan kiçicik, cüzi bir qırıntı qoparıb AMEA-nın Geologiya və Geofizika İnstitutunun laboratoriyasında analiz etdirdik. Damarcıqların karbonat mənşəli olması, süxurda kalsit mineralının çoxluğu və ümumiyyətlə, kalsium, maqnezium və dəmir elementlərinin nisbətən yüksək miqdarı süxurda dəmir mineralının (siderit) varlığından xəbər verir. Alınan ilkin nəticələr də eksponatın meteorit olmadığını sübut edir. Bəs, elə isə bu daşın mənşəyi nədir belə? Daşın çay yatağında tapılması, aydındır ki, onun Böyük Qafqaz dağlarının cənub yamaclarındakı laylardan qopub düşməşini göstərir. Həqiqətən, Girdiman çayının yuxarı axınında, Lahıc kəndi ətraflarında Maykop yaşlı (təxminən 22 mln.il əvvəl) qara rəngli gil layları və onların içərisində diametri bəzən 1m-ə çatan “konkresiya” adlanan sferik cisimlər mövcuddur. Həmin cisimlərin nüvəsi adətən pirit, siderit kimi dəmir minerallarından ibarət olur. Aşınma nəticəsində həmin konkresiyalar zaman-zaman “yuvalarından” qopub düşürlər. Görünür, bu cəhətdən “bizim dördüncü meteoritin” bəxti daha çox gətirmişdir. Nə vaxtsa o öz “yuvasından” qopub düşsə də çay sularında uzun illər yuyulub təmizlənmiş, yuvarlanaraq hamarlanmış və nəhayət, sonda muzey eksponatına çevrilmişdir.
 Muzeydən ikili duyğularla ayrıldıq. Dördüncü meteoriti görə bilməsək də rayon miqyası üçün zəngin bir muzeylə tanış olduq. Əlbəttə, yaxşı olar ki, müzeylərimizdə  mənşəyi sual doğuran eksponatlar  mütəxəsislər tərəfindən dəqiq tədqiq edildikdən sonra nümayiş etdirilsin. Meteorit olmasa da istənilən halda, bu qeyri-adi görünüşlü daşı tapıb muzeyə verənin də, muzeydə onu qoruyub saxlayanların da əməyi təqdir olunmalıdır, çünki Vətənin hər daşının, torpağının qədrini bilmək hamımızın vətəndaşlıq borcudur.

Rəşid Fətəliyev,
AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, 

geologiya-mineralogiya elmləri namizədi

  03.12.2018, Modern.az