AZƏRBAYCAN KƏHKƏŞANINDA

İsmayıl Quliyev, c.ü.f.d.

 Görkəmli coğrafiyaçı-təbiətşünas alim,

akademik Həsən Əliyevin 110 illik

yubileyinə həsr olunur

 

 

O, odun alovun özündən keçdi,

Əzaba qatlaşdı, dözümdən keçdi,

İncəldi, iynənin gözündən keçdi.

Özünü unutdu, özgədən yana,

Əsil oğul oldu Azərbaycana.

 

Sadədən sadəydi, adidən adi.

Elə bil Həsən bəy, Məhəmməd Hadi,

O, böyük şəxsiyyət, vətən övladı,

Qəlbinin atəşi, üzünün nuru,

Sarsılmaz vüqarı, sınmaz qüruru.

 

Ana təbiətə elə məhəbbət,

İlk dəfə görürdük belə məhəbbət,

Dönmüşdü qəlbində selə məhəbbət,

Gecə də, gündüz də hey çağlayırdı.

Qəlbin atəşindən nur paylayırdı.

 

Çoxları bilmirdi kimdi, nəçiydi,

Ya bir fotoqraf, ya təcrübəçiydi,

O, xalqın dərdinə abunəçiydi.

İpək tək yumşaq, bulud tək kövrək,

Nəsildən-nəsilə nümunə, örnək.

 

Burda tarixi var, hər bir daşın da,

Hər saxsı parçası, hər bir kaşın da,

Dağların əlçatmaz qarlı başında,

Bir parlaq ulduzdu, yüz on yaşında,

Yalnız Azərbaycan kəhkaşınında.