XƏZƏR DƏNİZİNİN HİDROMETEOROLOJİ ATLASI


R.M.Məmmədov

Atlas şərti olaraq yeddi hissəyə bölünmüşdür. Müqəddimə adlanan birinci hissədə Xəzər dənizinin hidrometeorologiyası haqqında qısa məlumat verilir. Sahil zonası və açıq dənizdə yerləşmiş müşahidə məntəqələri, bu məntəqələrdə aparılmış müşahidələr, onların davam etmə müddəti, ölçmələrin periodikliyi və tezliyi  informasiyaları da bu hissədə yer almışdır. Burada daha sonra dənizin  akvatiriyasının dərinliklərə görə kvadratlara bölünməsi prinsipi verilir. Bölmə Xəzər dənizinin  sahil ölkələri haqqında  qısa  məlumatla tamamlanır. İkinci hissə  coğrafi bölmə adlanır, bura batimetrik, dəniz dibinin  meyilliyi və geomorfoloji xəritələr daxil edilmiş, onların təırtib olunmasının əsasları izah olunmuşdur.

Atlasın əsas hissələrindən biri hidrologiya adlanan üçüncü hissədir. Burada ən əvvəl Xəzər dənizi səth qatının aylar üzrə, sonra  isə orta illik temperatur paylanması verilir. Dənizin Azərbaycan şelfinin müxtəlif hissələrində, ilin müxtəlif fəsillərində temperaturun paylanması xüsusi xəritələrə daxil edilmişdir. Səth dalğalarının  insanın dənizdə təsərrüfat fəaliyyərində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, atlasda bu hidroloji elementə böyük yer verilir, dəniz  akvatoriyasında onun aylar üzrə paylanması, müxtəlif istiqamətli və sürətli küləklərdə hündürlüyü, uzunluğu , periodu və faza  sürətlərinin xəritələri verilir. Bu hissədə həm də duzluluq, şəffaflıq, axınlar və buzların yaranması kimi hidroloji elementlərin zaman və məkan paylanmasının xəritələri öz  əksini tapmışdır.

Xəzər dənizinin meteorologiyası – dəniz üzərində havanın temperaturu, mütləq və nisbi pütubət,  buludluluq, radiasiya və albedo, küləyin rejimi, sürəti və istiqamətləri dördüncü fəsildə verilir.

Beşinci fəsil dənizin atmosferlə qarşılıqlı təsirinə həsr olunmuşdur. Dəniz üzərində buxarlanma istiliyi, atmosferlə dəniz  arasında istilik mübadiləsi, dənizin istilik tutumu, istilik balansı, adveksiyası və s. bu hissənin əsasını təşkil edir. Altıncı fəsil dənizin səviyyə dəyişmələrinə həsr olunubdur. Nəhayət, atlas istifadə olunmuş məlumatların informasiya bazasının verilməsi ilə tamamlanır.

Atlas, birinci növbədə, Xəzər dənizində müxtəlif təsərrüfat fəaliyyətində (neft hasilatı, nəql, hidrotexniki qurğuların tikilməsi, gəmiçilik və s) istifadə etmək üçün hazırlanmışdır. Ondan hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. Şübhəsiz ki,  atlas doktorantlar və universtetlərin müvafiq sahələrində təhsil  alan tələbələri üçün də faydalıdır.  

Bakı, Nafta –Press, 2014, 300 səh.