2024
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin "MAXS Press" nəşriyyatında “Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” nəşr edilib.
Azərbaycan, ingilis və rus dillərində çap olunan kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü, g/m.e.d. Tələt Kəngərli, rəyçilər - Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun direktoru akademik Ахметкал Medeu və Hidrogeologiya və Geoekologiya İnstitutunun direktoru akademik Malis Absametov, Cİ-nin şöbə müdirləri, coğrafiya elmləri doktorları, professor Rza Mahmudov və dosent Nəriman Paşayevdir.
Kitabın giriş hissəsində sürüşmə problemi, təhlükəsi, başvermə yerləri və mübarizə üsulları haqqında qısa məlumat verilib.
Kataloqda 2000-2023-cü illər üçün Azərbaycanda və rayonlar üzrə sürüşmələrin dövriyyəsinin qrafikləri, aylar üzrə təzahürləri, sürüşməyə meylli zonalarda yerləşən yaşayış məntəqələrinin sayı və sürüşmə təhlükəli ərazilərdə yaşayan əhalinin rayonlar üzrə sayı göstərilib. Akademik Budaq Budaqovun materiallarından istifadə etməklə, Azərbaycanda sürüşmə sahələrinin yayılma xəritəsi tərtib edilib. Sürüşmə hadisələrinin inkişafı Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan ərazisi də daxil olmaqla), Kür-Araz ovalığı və Lənkəran rayonlarına bölünüb.
Kataloq həmçinin sürüşmə hadisələrinə aid müəllifin çoxsaylı fotoşəkilləri ilə zəngindir.