Aran iqtisadi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması

2023
Baş redaktor, İnstitutun baş direktoru, c.e.d., dosent Zakir Eminov, elmi redaktoru baş direktorun müavini, c.ü.f.d., dosent Zaur İmrani

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Aran iqtisadi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı yeni nəşri dərc edilib.

Kitabın baş redaktoru, İnstitutun baş direktoru, c.e.d., dosent Zakir Eminov, elmi redaktoru baş direktorun müavini, c.ü.f.d., dosent Zaur İmranidir.

5 fəsil, 350 səhifədən ibarət monoqrafiyada Azərbaycanın mərkəzi və şərq hissələrini tutan Aran zonasında əhalinin məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, nizamlanması istiqamətləri təhlil olunur.

Bildirilir ki, ölkədə yaranan sabit iqtisadi inkişaf demoqrafik göstəricilərin sabitləşməsinə səbəb olur. təsərrüfatın inkişaf səviyyəsi, onun strukturu,  əhaliyə göstərilən sosial-mədəni və məişət xidməti, təbii artım və miqrasiyalara böyük təsir göstərir. Bu amillərin təsiri ilə Aran iqtisadi rayonunda da əhalinin sayı davamlı olaraq artır. 2003-2008-ci illərdə doğulan uşaqların sayı  34,0% artıb. 1991-ci ildən sonra körpə ölümü daim azalmışdır. 2008-ci ilə qədər iqtisadi rayonda azalmanın səviyyəsi 3,3 dəfə aşağı enmişdir.

Aran iqtisadi rayonunun ərazisinin mənimsənilməsi və əhalinin məskunlaşdırılması perspektivlərinə respublika kontekstində baxılmalıdır. Respublikanın bir sıra iqtisadi rayonları ilə müqayisədə bu rayonun ərazi potensialının çox olmasına baxmayaraq  torpaqlardan maksimum qənaətlə istifadə olunmalıdır. Yeni tikililər, salınan yollar, müxtəlif sosial infrastrukturlar əkinə yararlı yerləri əhatə etməməlidir.  Relyef şəraitindən, qrunt sularının səviyyəsindən asılı olaraq yeraltı tikintilərə üstünlük vermək lazımdır.  Kəndlərdə məişət xidməti müəssisələrinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Rayonda təhsilin yenidən qurulması və keyfiyyətinin yüksəldilməsinə diqqət artırılmalıdır. Tibbi xidmət səviyyəsi yüksəldilməli, xəstəxana və tibb məntəqələrinin şəraiti yaxşılaşdırılmalı, müasir tələblərə uyğun təşkil edilməlidir. Hər bir yaşayış məntəqəsində internetin imkanlarından istifadə edilməsinə şərait yaradılmalıdır.