Türk dünyasının coğrafiyası və etnosu (III cildi)

2021
Coğrafiya İnstitutu

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu”üçcildliyinin sonuncu, Regional Coğrafiya adlanan 3-cü cildi çapdan çıxıb.

Birinci və ikinci cildlərdə olduğu kimi, üçüncü cildin də ideya müəllifi və məsləhətçisi  akademik Akif Əlizadə, baş redaktorları akademiklər Ramiz Məmmədov və Nizami Cəfərov, buraxılışına məsul mərhum, dosent Məhərrəm Həsənovdur.

Üç fəsildən ibarət kitabın birinci fəslində 6 müstəqil türk dövlətinin hər birinin fiziki və iqtisadi coğrafiyası vahid sistem halında araşdırılır, təhlil edilir. Burada hər bir dövlətin relyefi, geoloji quruluşu, iqlim şəraiti, hidrologiyası, torpaq və bitki örtüyü, landşaft xüsusiyyətləri, təbiət və tarixi abidələri, turizm-rekreasiya ehtiyatları, ekoloji şəraiti və problemləri haqqında çox geniş məlumat verilir.

İkinci fəsil türk milli qurumlarının coğrafiyasına həsr olunmuşdur. Burada müxtəlif dövlətlərin tərkibində yaşayan və Muxtar Respublika statusuna malik qurumların təbii şəraiti, təbii ehtiyatları araşdırılır, onların iqtisadiyyatı-yəni sənayesi, kənd təsərrüfatı, nəqliyyatı, infrastruktur sahələri təhlil edilir, mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri haqqında məlumat verilir.

Üçüncü fəsil milli qurumu olmayan türk xalqlarına həsr edilib. Həmin xalqlar Rusiya, Çin, İran, Əfqanıstan və başqa dövlətlərin ərazisində öz tarixi vətənlərində yaşasalar da   Milli muxtariyyətə malik deyillər. Burada həmin xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri və s. ümumtürk xüsusiyyətləri əsasında formalaşdığı göstərilir, müəyyən qədər yaşadıqları ərazinin coğrafi xüsusiyyətləri, onların iqtisadi vəziyyəti təhlil edilir.

Kitab geniş oxucu kütləsi, müxtəlif sahələrin mütəxəssisləri, ali və orta ixtisas, eləcə də orta məktəblərin professor-müəllif heyəti üçün maraqlı ola və Böyük Türk dünyasının, möhtəşəm Turan ellərinin, zəngin mədəniyyətə, mənəviyyata, yazılı və şifahi ədəbiyyata malik olan, özünəməxsusluğu və tolerantlığı ilə fərqlənən türk mənşəli xalqların həyatı, coğrafiyası ilə maraqlanan hər kəs üçün geniş bilik mənbəyi rolunu oynaya bilər.