Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanunauyğunluqları

2021
Məhəmməd Abduyev

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin “Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanunauyğunluqları” adlı monoqrafiyası Azərbaycanın dağ çaylarının hidrokimyasına həsr olunmuş ilk elmi əsərdir. Əsərdə çayların hidrokimyəvi xüsusiyyətlərinin öyrənilmə vəziyyəti və indiyədək toplanmış stasionar müşahidə məlumatları qiymətləndirilib, kimyəvi axımın formalaşmasına fiziki-coğrafi amillərin təsiri təhlil edilib, çay sularının minerallaşma dərəcəsi, çayların makro və mikro komponentlər axımı öyrənilib, çay hövzələrindəki kimyəvi denudasiyanın intensivliyi öyrənilərək antropogen amillərin çayların hidrokimyəvi rejiminə təsiri müəyyən edilib, çay sularının kimyəvi tərkibinə görə təsnifatı aparılaraq respublikanın su ilə təminatında ekoloji təhlükəsizliyin qiymətləndirilməsi aparılıb. Monoqrafiya illüstrativ materiallarla müşayiət olunur. Hesablamaların nəticələri cədvəllərdə əksini tapıb.

Əsər  elmi işçilər, xüsusilə coğrafiya, hidrologiya, hidrokimya üzrə mütəxəssislər, doktorant, dissertant, magistr və bakalavr pilləsi üzrə təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.