2016
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin məskunlaşması və demoqrafik inkişaf problemləri” adlı yeni kitabı çapdan çıxıb.
Akademik Ramiz Məmmədovun redaktorluğu ilə nəşr olunan kitabın müəllifləri coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Nizami Əyyubov, Etibar Bədəlov, Qabil Səmədov, Rövşən Kərimov və Məmməd Sadıqovdur.
“Ərazinin məskunlaşmasının təbii-iqtisadi şəraiti və tarixi-coğrafi inkişafı”, “Əhalinin demoqrafik göstəricilərinin dinamikası və müasir vəziyyəti”, Şəhər əhalisinin məskunlaşması və təkmilləşdirilməsi istiqamətləri” və “Kənd əhalisinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri” mövzuları ilə 4 fəslə ayrılan kitab rəngli şəkil, xəritə və cədvəllər əsasında tərtib edilib.
Oxuculara təqdim olunan monoqrafiyada Azərbaycanın şimal-qərb regionunda əhalinin məskunlaşmasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, onun nizamlanması istiqamətləri təhlil olunur. Kitab əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavrlar və magistrlər), regional planlaşdırma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.