Şamaxı və Qəbələ şəhərlərində akademik H.Ə.Əliyevin 110 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilib 2017-11-20 14:12:00 / KONFRANSLAR

17-18 noyabr tarixlərində Azərbaycanın görkəmli coğrafiyaşünas alimi,  akademik H.Ə.Əliyevin 110 illik yubileyi münasibəti ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzi və Qəbələ Arxeoloji Mərkəzində Cİ əməkdaşlarının rayon ictimaiyyətinin, təhsil idarəsinin nümayəndələri, kənd orta məktəblərinin coğrafiya müəllimləri ilə görüşü  keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Bakıdan gələn qonaqları salamlayaraq, dövrünün görkəmli coğrafiyaşünas alimi, akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasındakı  xidmətlərindən söhbət açıb, eləcə də tədbirin  keçirilməsindən məmnun qaldıqlarlarını bildiriblər.

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun   direktoru akademik R.M.Məmmədov “Akademik H.Ə.Əliyevin elmi və ictimai fəaliyyəti haqqında” movzusunda geniş məruzə edib, onun Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində əvəzsiz xidmətlərindən danışıb.  Alim çıxışında qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Coğrafiya İnstitutu tədbirlər planı işləyib hazırlamış və həmin plana əsasən institut il böyu müxtəlif tədbirlər – konfranslar, sərgilər, görüşlər, seminarlar və s. təşkil edir.

Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. Ənvər Əliyev alim haqqında məruzəsində H. Əliyevi həm elmi rəhbəri, həm şöbə müdiri, həm də İnstitut direktoru kimi xarakterizə edərək  onu insanlıq, alimlik, haq-ədalət simvoluna çevrilən bir dağ, bir azərbaycanlı kişisi adlandırıb. Məruzəçi bildirib ki, H. Əliyev bütün elmi və ictimai fəaliyyəti ilə  mükəmməl tədqiqatçı olmaqla yanaşı, böyük hörmət sahibi, el ağsaqqalı, vətənini ürəkdən sevən əsil azərbaycanlı olduğunu sübut etmişdir.

İnstitutun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, a.e.ü.f.d. İsmayıl Quliyev “Akademik H.Ə.Əliyev görkəmli ekoloq kimi” mövzusunda məruzə edib, özünün müəllimi adlandırdığı  torpaqşünas alimin elmi tədqiqat işlərindən, nəşr fəaliyyətindən, Azərbaycanın torpaq xəritəsinin tərtibindəki əməyindən və s. söhbət açıb. İ.Quluyevin Şamaxı şəhərindəki görüşdə bu şəhərə həsr etdiyi şer hamının ürəyincə olub.

Akademikin aspirantı olmuş Cİ Torpaq coğrafiyası şöbəsinin  aparıcı elmi işçisi, a.e.ü.f.d. Tahirə Salmanova, onun İnstitut direktoru işlədiyi vaxtlarda partiya komitəsinin katibi, hazırda isə Cİ Həmkarlar İttifaqı  Komitəsinin sədri, Coğrafi informasiya mərkəsi istiqamətinin rəhbəri, c.ü.f.d. Habil Haqverdiyev böyük alim, tədqiqatçı Həsən Əliyevin insani keyfiyyətlərindən, təbiətə, insanlara, vətəninə, dövlətinə olan sevgisindən və bağlılığından,  qayğısından və sadəliyindən danışaraq xatirələrini bölüşüblər.

Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, i.ü.f.d. Mail Aslanov, İcra Hakimiyyətinin nümayəndəsi, c.ü.f.d. Gümrah Müsayev, Qəbələ rayon nümayəndəsi, Cİ-nin keçmiş əməkdaşı, c.ü.f.d. Ağasəf Tahirov da mövzu ilə bağlı çıxışlar edib, akademik Həsən Əliyevin kadr hazırlığından, cavan alimlərə qayğısından, Böyük Vətən Müharibəsində iştirakından, coğrafiya elminə verdiyi töhfələrdən və s.-dən söhbət açıblar.

 Tədbirin gedişi boyu Həsən Əliyevin fəaliyyətinə həsr olunmuş Coğrafiya institutunun hazırladığı kinolent nümayiş etdirilib. Sonda akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunun nəşri olan kitabları və atlası Şamaxı Mədəniyyət Mərkəzinə və Qəbələ Arxeoloji Mərkəzinin Kitabxanasına hədiyyə edib. 

Tədbirdən sonra iştirakçıların Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna, Tufandağ Yay Qış istirahət kompleksinə, Gilan Holdingin şirə və kartof emalı zavoduna ekskursu təşkil edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024