Qlobal istiləşmə və onunla əlaqədar müasir iqlim dəyişmələri yaşadığımız dövrdə bəşəriyyəti narahat edən ən vacib problemlərdən biridir. BMT-nin İqlim dəyişmələri üzrə hökümətlərarası ekspertlər qrupunun avqustun 9-da Cenevrədə yaydığı sonuncu 6-cı hesabatına əsasən, 1850-1900-cü illərlə müqayisədə Yer kürəsinin orta illik qlobal temperaturu 1,10 dərəcə artıb. Dünyanın aparıcı elm mərkəzlərində aparılan çoxsaylı tədqiqatlara əsasən belə nəticəyə gəlinir ki, qlobal istiləşməyə əsas səbəb insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər parnik effekti yaradan qazların miqdarının durmadan artmasıdır.
Bu barədə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov məlumat verib.
İqlimşünas alim qeyd edib ki, Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. İqlim norması ilə müqayisədə 1991-2020-ci illər havanın orta illik temperaturu orta hesabla 0,80 - 1,20 dərəcə artıb. Lakin bu artım aylar üzrə qeyri-bərabər paylanıb. Daha böyük artım mart, iyun, avqust və oktyabr aylarında qeydə alınır. Ən böyük artım isə avqust ayında müşahidə edilir ki (20 dərəcədən artıq), bu da bir çox hallarda davamlı və intensiv “isti hava dalğaları”, həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur. Respublikanın əksər ərazilərində atmosfer yağıntıları iqlim normasına nisbətən azalsa da, ayrı-ayrı günlərdə müşahidə olunan anomal intensivli yağıntılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşqın və s.) təkrarlanması artıbdır. Temperaturun artması və yağıntıların azalması səbəbindən suya olan tələbatın artması fonunda ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar Azərbaycanda da yuxarıda qeyd edilən neqativ təzahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur.
“Temperatur artımı ilin həm isti, həm də soyuq dövrlərini əhatə edir ki, bu da özünu son illərdə yayın çox isti, qışın isə mülayim keçməsində büruzə verir. Lakin bu, heç də hava şəraitinin qısamüddətli kəskin dəyişmələrini istisna etmir. Belə ki, yayda çox isti hava şəraiti qısamüddətli nisbi sərinləşmə, qışda isə mülayim hava kəskin soyuma ilə əvəz oluna bilər. Hava şəraitinin belə qəfil dəyişmələri əksər hallarda əraziyə daxil olan hava kütlələrinin xüsusiyyəti ilə əlaqədardır. Cənubdan daxil olan hava kütlələri əksər hallarda temperaturun yüksəlməsinə, şimaldan daxil olan hava kütlələri isə əksinə, azalmasına səbəb olur.
Bu baxımdan son günlərdə respublika ərazisində, o cümlədən Abşeron yarımadasında üstünlük təşkil edən cənub küləklərinin ayın 9-dan başlayaraq şimal və şimal-şərq küləkləri ilə əvəz olunması havanın nəzərəçarpacaq soyumasına, əksər yerlərə sulu qar və qar yağmasına səbəb olacaqdır. Yanvarın 12-si istisna olmaqla, ayın 16-dək yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Sonrakı günlərdə şimal küləklərinin tədricən cənub küləkləri ilə əvəz olunmasının yağıntıların kəsilməsinə və havanın nisbətən mülayimləşməsinə səbəb olacağı proqnozlaşdırılır”, - deyə S.Səfərov bildirib.