İyunun 3-də YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə AMEA Geologiya və Geofizika İnstitutunda "Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyasının Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülməsi münasibətilə Yer Elmləri Bölməsinin iclası keçirilib.
İclasda çıxış edən AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasının əhəmiyyətindən, yazılmasının məqsədindən, məzmunundan söhbət açıb, kitabın Azərbaycanı tanımaq istəyənlər üçün dəyərli məlumat mənbəyi olduğunu xüsusi qeyd edib.
AMEA prezidenti Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovu, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadəni, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovu və coğrafiya üzrə elmlər doktoru Zakir Eminovu müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə elm sahəsi üzrə Dövlət mükafatı ilə təltif olunduqlarına görə təbrik edib və institut kollektivinə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu mükafatın Coğrafiya İnstitutunun bütün kollektivinin birgə əməyinin məhsulu olduğunu qeyd edib.
Sonra Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə "Azərbaycanın müasir landşaft-geomorfoloji kompleksləri, təbii-dağıdıcı proseslərin onlarda yaratdığı ekocoğrafi risk və təhlükələr" mövzusunda məruzə edib. O, çıxışında ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini diqqətə çatdırıb, Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar haqqında məlumat verib. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edib.