Baş redaktordan
44 gün davam edən Vətən müharibəsi AZƏRBAYCANIN PARLAQ QƏLƏBƏSİ ilə başa çatdı və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana təhvil verildi. Bununla da Azərbaycan Ermənistanı faktiki olaraq kapitulyasiyaya məcbur etdi.
xxx
Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ savaşının elə ilk saatlarından elmi informasiya müharibəsinin ön cəbhəsində yer aldı.
SENTYABRIN 27-DƏ Azərbaycan ordusunun əks-hücuma keçdiyi barədə rəsmi məlumat yayılandan cəmi bir neçə saat sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla Akademiyanın Rəyasət Heyəti operativ olaraq bəyanat yaydı. Bəyanat Akademiyanın rəsmi saytında və digər internet resurslarında Azərbaycan, rus və ingilis dillərində yayımlandı. Bəyanatda qeyd olunurdu: “...Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. ...Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmışdır.”
Uğurlu hərbi əməliyyatların ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi kimi dəyərləndirilən bəyanatda deyilirdi: “Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.”
Bununla da AMEA Rəyasət Heyəti müharibənin elə ilk günü çoxminli Akademiya kollektivi adından QƏTİYYƏTLİ MÖVQE nümayiş etdirdi: “Ölkə başçısı cənab İlham Əliyevi və xalqımızı əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir.” Əlbəttə, Böyük Qələbənin uzaqda olmadığına Azərbaycanın ziyalı elitasının tam əminliyi elə anındaca bildirilmişdi: “Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarında da böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi alimlərimiz də ürəkdən əmindirlər. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, bu günün o qədər də uzaqda olmadığına bütün varlığımızla inanırıq.”
SENTYABRIN 30-DA AMEA Rəyasət Heyətinin iclası keçirildi. Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə tutduğunu söylədi. Qeyd etdi ki, bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb, ...7 kəndimiz, həmçinin strateji əhəmiyyətə malik yüksəkliklər erməni qəsbkarlarından təmizlənib.
Akademiya başçısı vurğuladı ki, bu parlaq qələbə, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Akademiya rəhbəri bu gün bütün Azərbaycan xalqının Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəklədiyini söylədi.
Arxa cəbhədə də fədakarlıqla çalışmağın vacibliyini vurğulayan akademik Ramiz Mehdiyev AMEA-nın elmi müəssisə və təşkilatlarında bir sıra ciddi uğurlu tədqiqatların aparıldığını və mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Akademik bu gün alimlərimizin sağlam, məsuliyyətli və işgüzar prinsiplər əsasında çalışmasının və AMEA Rəyasət Heyətinin qərarlarının həyata keçirilməsinə öz töhfələrini verməsinin zəruriliyini vurğuladı.
OKTYABRIN 2-DƏ AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı yayımlandı. Məlumatda son günlər bəzi KİV-lərdə guya Akademiyada Qarabağla əlaqədar tədqiqatların aparılmadığı barədə AMEA-ya, onun rəhbərliyinə ünvanlanmış qərəzli çıxışlara cavab olaraq dolğun informasiya yer almışdı: “...Akademiyanın Tarix, Şərqşünaslıq, Hüquq və İnsan Haqları və digər institutlarının elmi işçiləri mütəmadi olaraq Qarabağ münaqişəsi, erməni təcavüzü mövzularında tədqiqatlar aparır, dövri mətbuatda daim çıxışlar edirlər.
Akademiya prezidentinə gəlincə isə, o, öz əsərlərində və çıxışlarında Azərbaycanın qanayan yarası olan Qarabağ münaqişəsinə, torpaqlarımızın işğalına hər zaman geniş yer verib, mövzuya xüsusi həssaslıqla yanaşıb. Akademikin qələmindən çıxan və aparıcı dünya dillərinə tərcümə edilərək nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Gorus-2010: absurd teatrı mövsümü” kimi kitab və başqa əsərlər bunun sübutudur. ...Akademik öz yaradıcılığında yalnız Qarabağ münaqişəsinə deyil, ümumilikdə ermənilərin öz tarixlərini saxtalaşdırmaq, həmçinin Azərbaycan xalqının keçmişini, mədəni irsini mənimsəmək istiqamətindəki fəaliyyətinə də böyük diqqət yetirib.”
Mətbuat və informasiya şöbəsinin məlumatında xüsusi vurğulanırdı: “Bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq ki, AMEA-nın 47 elmi müəssisə və təşkilatlarının əməkdaşları cənab Prezidentin Qarabağ məsələsində tutduğu mövqeyi və verdiyi qərarları birmənalı şəkildə dəstəkləyirlər. Biz akademiya kollektivi olaraq bir daha bu çətin günlərdə hər kəsi DÖVLƏT BAŞÇISI ƏTRAFINDA SIX BİRLƏŞMƏYƏ, bütün fikir ayrılıqlarını kənara qoymağa və ucuz intriqaların əsiri olmamağa çağırırıq.”
OKTYABRIN 6-DA AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərlə yanaşı, Vətən müharibəsi mövzusuna da xüsusi diqqət yetirildi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçılara qarşı bütün cəbhə boyu genişmiqyaslı uğurlu əks-hücum əməliyyatı apardığını bir daha diqqətə çatdıran akademik Ramiz Mehdiyev bu əməliyyatların fonunda Azərbaycan alimlərinin ölkəmizin haqq davasında, Vətən mühabirəsində haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, həmçinin gənclər arasında vətənpərvərlik istiqamətində təbliğatın aparılmasında, KİV-də mütəmadi olaraq sanballı elmi çıxışların edilməsində aktiv rol oynamalarının zəruriliyini bildirdi, Vətən tarixi elmi istiqamətlərində sanballı tədqiqatların aparılmasının əhəmiyyətini vurğuladı.
OKTYABRIN 12-DƏ AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dünya birliyinə, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə müraciət ünvanladı. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun cəbhəboyu zonada dinc əhaliyə, həmçinin hərbi obyektlərə qarşı həyata keçirdiyi silsilə təxribatlara cavab olaraq 30 ilə yaxındır ki, erməni işğalı altında olan Dağlıq Qarabağda və rayonlarda qəsbkara qarşı anti-terror əməliyyatına başladığı qeyd olunan müraciətdə akademik Ramiz Mehdiyev bildirirdi: “Təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüş meydanında uğradığı rüsvayçı məğlubiyyətlərin qisasını dinc azərbaycanlılardan almaq qərarına gəlmiş və Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Ağcabədi, Naftalan, Mingəçevir və digər şəhərlərində yaşayan mülki əhalini, infrastruktur obyektlərini hədəfə almaqla öz terrorçu mahiyyətini bir daha nümayiş etdirmişdir.”
Müraciətini haqqın, sağlam təfəkkürün və insanpərvərliyin təntənəsi ümidilə bitirən akademik Ramiz Mehdiyev AMEA kollektivi, həmçinin Azərbaycanın elmi ictimaiyyəti adından dünya birliyinə, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edərək, onlardan Ermənistanın ölkəmizin dinc vətəndaşlarına qarşı həyata keçirdiyi etnik terrora siyasi-hüquqi qiymət verilməsini tələb edirdi:
“XXI əsrdə Ermənistanın həyata keçirdiyi dövlət terroruna susmaq, onu görməzdən gəlmək bəşəriyyətin indiyədək əldə etdiyi bütün insani dəyərləri, hüquqi normaları tapdalamaq deməkdir. Dünya birliyi başa düşməlidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar fəaliyyəti dayandırılmayacağı təqdirdə, Cənubi Qafqaz böyük və dəhşətli müharibənin meydanına çevrilə bilər. İnanmaq istərdim ki, dünya ictimaiyyəti ikili standartları, yersiz təəssübü bir kənara qoyub vicdanı və ədalət hissini rəhbər tutaraq işğalçı Ermənistan rəhbərliyinin törətdiyi hərbi cinayətlərin beynəlxalq aləmdə ifşası məqsədilə əməli addımlar atacaq. Bölgədə davamlı sülhün bərqərar olması bundan çox asılıdır.”
OKTYABRIN 13-DƏ akademik Ramiz Mehdiyevin Dağlıq Qarabağla bağlı dünya birliyinə, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə müraciəti təkcə azərbaycandilli və rusdilli deyil, ərəb və farsdilli mətbuatda da geniş yayımlandı.
Hələ VƏTƏN MÜHARİBƏSİNİN İLK GÜNLƏRİNDƏN başlayaraq AMEA-nın prezidenti tərəfindən dünyanın bir sıra elmlər akademiyalarının və elmi mərkəzlərinin rəhbərlərinə məktublar ünvanlanırdı. Akademiya rəhbəri müraciətlərində Azərbaycan xalqına, ümumiyyətlə insanlığa qarşı törədilən erməni təcavüzünə son qoyulması məqsədilə xarici dövlətlərin elmi ictimaiyyətini terrorçu Ermənistana təzyiq göstərməyə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında iştirak etməyə çağırırdı. Məktublarda bildirilirdi ki, Ermənistanın və havadarlarının işğalçı siyasəti nəticəsində Azərbaycanın ən qədim torpaqlarından olan Dağlıq Qarabağ ərazisi və əlavə olaraq respublikamızın 7 rayonu zəbt edilmişdir. Erməni vandalizmi nəticəsində işğal edilmiş ərazilərdə Ermənistan tərəfi etnik təmizləmə siyasəti həyata keçirərək, həmin torpaqların qədim sakinləri olan azərbaycanlıları ərazidən qovub çıxarmış, Xocalı qətliamı törətmişlər.Qeyd olunurdu ki, Dağlıq Qarabağda və ətraf rayonlarda kəndlər, məscidlər, qəbiristanlıqlar, tarixi memarlıq abidələri dağıdılmış, qədim toponimlər saxtakarcasına dəyişdirilmişdir.
Məktublarda təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəlikləri kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı yerləri, döyüş bölgələrindən kənarda yerləşən, mühüm strateji obyektləri olan Gəncə, Mingəçevir və Yevlax şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutduğu da bildirilirdi. “Bu gün Azərbaycan Ordusu Ermənistan tərəfinin atəşkəs rejmini pozaraq törətdiyi ağır cinayətlərdən sonra özünümüdafiə və işğaldan xilas etmə tədbirlərinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni qəsbkarları tərəfindən işğal edilmiş ərazilərimizi geri qaytarmaq üçün əməliyyatlar keçirməkdə davam edir”, – deyə məktubda vurğulanırdı. Azərbaycanın apardığı ədalətli müharibə ilə əlaqədar təqdim olunan obyektiv informasiyaların dünyanın elmi ictimaiyyətinə çatdırılmasına dair fikirlərin yer aldığı məktubda Azərbaycanın haqlı və ədalətli mövqeyinin dünya alimləri tərəfindən dəstəklənəcəyinə inam ifadə edilirdi.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə Mətbuat və informasiya şöbəsi əməkdaşlarının apardıqları geniş və çoxistiqamətli müsahibə OKTYABRIN 14-DƏ Akademiyanın saytında, sonra isə “Elm” qəzetində yayımlandı. Uzun illər idarəçilik sahəsində çalışmış bir insan və alim kimi fikirlərinin, əsərlərinin ictimaiyyət tərəfindən diqqətlə izlənməsi, maraqla qarşılanması elmi axtarışlarını daha böyük əzmlə davam etdirməyə həvəsləndirdiyini və hər zaman oxucularla və cəmiyyətimizlə səmimi olmağa çalışdığını diqqətə çatdıran akademik Ramiz Mehdiyev elə söhbətimizin əvvəlində öz inamını ifadə etmişdi:
“...Qarabağ münaqişəsinə bir bütün olaraq, ardıcıl şəkildə yanaşmaq, tam mənzərəni görməyə və dərk etməyə çalışmaq daha doğru olardı. Azərbaycanın siyasi rəhbərliyini müharibə variantını seçməyə vadar edən zərurət bir gündə yetişməyib. Dövlət başçısı cənab İlham Əliyevin də son günlərdəki çıxışlarında vurğuladığı kimi, uzun illər davam etmiş sülh danışıqlarının heç bir nəticə verməməsi, üstəlik, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın təxribat xarakterli bəyanatları və addımları, həmçinin Dağlıq Qarabağdakı qondarma kriminal rejimin səngiməyən təhrikedici hərəkətləri diplomatiyaya olan son ümidlərin də üzərindən xətt çəkmiş oldu.Bəli, müharibə dağıntı, ölüm və insan faciəsi deməkdir. Biz bütün bu dəhşətləri Ermənistanın işğalı nəticəsində yaşamış bir xalqın nümayəndələriyik. Bu hisslərin və acıların nə demək olduğunu bizə izah etmək lazım deyil....Müharibəyə gətirib çıxaran və cənab Prezidentin səbr kasasını daşıran hadisələr bizim gözlərimiz önündə cərəyan edib. ...Mən ordumuzun bu məsələdə son sözü deyəcəyinə, işğalçıları torpaqlarımızdan qovacağına qətiyyən şübhə etmirəm.”
Akademiya rəhbəri qürur hissini də açıq bəyan etmişdi:
“Cənab Prezidentin qətiyyəti, xalqımızın vətənə bağlılığı, əsgərimizin rəşadəti və vətənpərvərliyi hər bir azərbaycanlı kimi məni də qürurlandırır. İnanıram ki, Azərbaycan dövləti cənab Prezident başda olmaqla, bütün Qarabağ üzərində öz suverenliyini bərqərar edəcək.”
Yuxarıda da qeyd etdiyim kimi, AMEA-nın kollektivi ordumuzun əks-hücum əməliyyatına başladığı gün Ali Baş Komandanımızın yanında olduğunu bəyan etmiş və bu haqq işində ordumuza hər cür dəstək verməyə hazır olduğunu bildirmişdi.
Bu dəstəyin öz əməli ifadəsini hansı addımlarda tapacağı sualına akademik Ramiz Mehdiyev belə cavab vermişdi: “Elmlər Akademiyası şanlı ordumuzun zəfər yürüşünə münasibətini 27 sentyabrda Rəyasət Heyətinin AZƏRTAC-da yayılan bəyanatı ilə bildirdi. Növbəti günlərdə isə Akademiyada təşkil edilən bütün iclas və görüşlərdə dövlətimizə, ordumuza olan dəstək bir daha bəyan edildi. Əməli addımlara gəlincə, ilk növbədə onu qeyd etmək istəyirəm ki, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın müxtəlif qurumları əldə etdikləri gəlirlərdən Silahlı Qüvvələrə Yardım Fondunun hesabına ümumilikdə üç yüz otuz min manatdan çox (bu gün 400 min manata yaxın – A.Ş.) vəsait keçirmişdir…
Digər tərəfdən mənim tapşırığımla Akademiyanın Yüksək Texnologiyalar Parkı öz rezidenti ilə birgə Silahlı Qüvvələrimizə müxtəlif növ yuyucu vasitələr, dərman ləvazimatları, isti geyimlər çatdırıb. Akademiyanın Təcrübə-Sənaye Zavodu ordumuzu müxtəlif növ mühərrik yağları ilə təchiz etmək üçün hazırdır…
Eyni zamanda, AMEA əməkdaşları qanvermə aksiyalarında da fəal iştirak edirlər. Akademiyanın iyirmi əməkdaşı isə hazırda könüllü olaraq ordumuzun sıralarında döyüşür. Bir daha təkrar edirəm ki, Akademiya ixtiyarındakı bütün imkanları ilə ordumuza dəstək verməkdədir. …Vətən torpaqlarının işğaldan azad edilməsinə töhfə vermək üçün hər kəs kimi Akademiya əməkdaşları da əlindən gələni edir, bunu özləri üçün ŞƏRƏFLİ BORC hesab edirlər.” Müsahibədə Akademiya rəhbəri informasiya müharibəsinin də önəmli olduğunu diqqətə çatdırmışdı:
“Biz yaxşı bilirik ki, müasir müharibə yalnız silahla deyil, informasiya və təbliğatla da aparılır. Alimlərimiz bu cəbhədə də səfərbər olunublar. Erməni işğalının bütün dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq, apardığımız mübarizənin haqlı olduğuna hər kəsi inandırmaq üçün alimlərimiz fəal şəkildə mətbuatda çıxışlar edir, xaricdəki həmkarları ilə iş aparırlar. İnformasiya cəbhəsindəki aktivliyimiz birmənalı şəkildə davam edəcək və biz onu daha da böyük müstəviyə çıxarmaq üçün əlimizdən gələni edirik…”
Tarixi həqiqətlər barədə danışan AMEA rəhbəri bəzi məqamlara xüsusi diqqət ayırmışdı: “Bizim tarixi həqiqətlərə dair təbliğatımız sırf elmi əsaslara söykənməli, təhlil üzərində qurulmalıdır. Yalnız etibarlı mənbələr əsasında yazılan, müasir elmin meyarlarına cavab verən, oxunaqlı əsərlər və müsahibələr bizim işimizə fayda verə bilər…
İnformasiya müharibəsinin öz silahları, aparılma qaydaları və hədəfləri var. Bütün bunları bilmədən və nəzərə almadan uğur əldə etmək qeyri-mümkündür. Bəzən insanlarda, hətta alimlərimizdə də belə bir yanlış təsəvvür hökm sürür ki, təbliğat nə qədər gurultulu olsa, bir o qədər inandırıcı təsir bağışlaya bilər. Bu, səhv yanaşmadır. …Uğurlu nəticənin əldə edilməsi üçün təbliğatın fəlsəfəsinə baxış dəyişməli və müasir dünyanın müvafiq praktikası dərindən öyrənilməlidir.
…Hər birimizə yaxşı məlumdur ki, Dağlıq Qarabağdakı xristian abidələrinin böyük bir qismi bizim əcdadlarımız olan Qafqaz albanlarının maddi-mədəni irsidir. Erməni ideoloqları zamanla bu irsi ya mənimsəyib, ya da məqsədli şəkildə məhv ediblər. Üstəlik, ermənilər dünyaya car çəkərək bəyan edirlər ki, Azərbaycan Dağlıq Qarabağdakı xristian-erməni abidələrini məqsədli dağıdır. Bu, ağ yalandır. Əksinə, Azərbaycan dövlətinin dəstəyi nəticəsində udi icmasının timsalında Alban kilsəsinin və mədəni irsinin dirçəldilməsi istiqamətində geniş miqyasda iş aparılır. İcmaya hər il dövlət tərəfindən maliyyə dəstəyi də göstərilir.”
AMEA rəhbəri informasiya müharibəsi ilə bağlı fikirlərini belə yekunlaşdırmışdı:
“…Danılmaz həqiqətdir ki, son illər ərzində, ilk növbədə, şəxsən cənab Prezidentin səyləri nəticəsində Azərbaycanın dünyada tanıtdırılması istiqamətində əhəmiyyətli uğurlar əldə edilib. Ölkəmizdə hər il keçirilən müxtəlif mötəbər tədbirlər erməni təbliğatının Azərbaycan haqqında yaratdığı uydurmalar və miflərin böyük bir qismini dağıdıb.”
HAŞİYƏ: Bu məqamda akademik Ramiz Mehdiyevlə apardığımız müsahibənin öz konseptual tarixi əhəmiyyəti ilə yüksək dəyərə malik olduğunu xüsusi vurğulamaq yerinə düşür.
VƏTƏN MÜHARİBƏSİNİN ARDICIL QƏLƏBƏLƏRLƏ DAVAM ETDİYİ GÜNLƏRDƏ yüksək vətənpərvərlik duyğularına dəstək olmaq, ordumuzla birlik nümayiş etdirmək məqsədilə AMEA-nın Əsas binası Azərbaycan və qardaş Türkiyənin bayraqları ilə bəzədildi.
OKTYABRIN 21-DƏ AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlaması yayımlandı. Açıqlamada deyilirdi: “Qürur hissilə qeyd etmək istəyirəm ki, Qarabağ məsələsində siyasi əqidəsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq cəmiyyətimizin Prezidentin ətrafında bir yumruq kimi birləşməsi, işğalçıya öz qəzəbini və qətiyyətini nümayiş etdirməsi Azərbaycanın düşmən üzərindəki psixoloji üstünlüyünü daha da möhkəmləndirmişdir. Tariximizin şanlı səhifələrindən birinin yazıldığı bu günlərdə cəmiyyətimizdə hökm sürən mübariz əhval-ruhiyyə 30 ildən bəri yaşanan “məğlub xalq” sindromunu da birdəfəlik aradan qaldırdı. Şübhəsiz ki, Azərbaycan xalqı hər birimizin vicdanımızdan bu ləkəni öz qanları ilə təmizlədikləri üçün qəhrəman əsgərimizə əbədiyyən minnətdar olacaqdır.
Azərbaycan Prezidentinin son çıxışlarında şahidi olduğumuz qətiyyət bizi əmin edir ki, müharibə sonuncu erməni əsgərinin torpaqlarımızdan qovulacağı günə qədər davam edəcək. Prezidentimizin bu sözləri xalqımızın ürəyindən xəbər verir və hər bir azərbaycanlının Qarabağ məsələsindəki həyəcanını, istəyini ifadə edir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Qarabağ döyüşlərində əldə olunan uğurlu nəticələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin yalnız görkəmli siyasi və dövlət xadimi deyil, həm də qətiyyətli Ali Baş Komandan, istedadlı sərkərdə olduğunu sübuta yetirdi. İnanıram ki, xalqımız zəfər yürüşümüzün yekununda Prezident İlham Əliyevin bu tarixi xidmətini layiqincə qiymətləndirəcək. Əminəm ki, PREZİDENT İLHAM ƏLİYEVİN ADI dövlətçilik salnaməmizə Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah kimi görkəmli sərkərdələrin adı ilə yanaşı həmişəlik həkk olunacaq.
Hər bir azərbaycanlı Ordumuzun 27 sentyabrda başladığı əməliyyatlara Şuşanın, Xankəndinin düşməndən təmizlənməsilə nöqtə qoyacağı günü səbirsizliklə gözləyir. Həmin gün uzaqda deyil. İllərlə aşılmaz kimi təqdim edilən erməni istehkamlarını bir neçə günün içində əzib keçən Azərbaycan əsgərinin bu vəzifənin də öhdəsindən şərəflə gələcəyinə əminəm. Cənab Prezidentin iradəsi, ordumuzun döyüş ruhu, xalqımızın birliyi qarşısında miskin Ermənistanın təslim olacağı vaxta az qalıb. Ölkə başçısının qeyd etdiyi kimi, biz Böyük Qayıdış ərəfəsindəyik. Səmimi qəlbdən hər bir azərbaycanlıya bu qayıdışı görməyi, onun sevincini yaşamağı arzulayıram.”
Akademik açıqlamasını bu sözlərlə tamamlamışdı: “Qarabağ – Azərbaycandır! Belə olub və həmişə də belə olacaq!”
İkinci Qarabağ müharibəsi günlərində Şanlı ordumuza maddi, mənəvi, intellektual və informasiya dəstəyi Akademiyanın ən ümdə vəzifəsi oldu. Azərbaycan Milli Elmlər Akademiyasından Silahlı Qüvvələrə Yardım Fonduna köçürülmüş vəsaitlər haqqında OKTYABRIN 22-DƏ ətraflı məlumat çap olundu.
OKTYABRIN 22-DƏ AMEA saytında verilmiş redaksiya məqaləsində qeyd olunur: “AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna indiyədək 350 000 (üç yüz əlli min) manata yaxın vəsait ianə edilmişdir. Hazırda Akademiyada orduya maddi dəstək aksiyası böyük ruh yüksəkliyi ilə davam edir.
Bundan əlavə, elmi profilinə uyğun istehsal prosesi ilə məşğul olan AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən cəbhə bölgəsinə 35 000 (otuz beş min) manat məbləğində müxtəlif təyinatlı məhsullar göndərilmişdir. Buna misal olaraq, AMEA-nın Yüksək Texnologiyalar Parkı və Neft-Kimya Prosesləri İnstitutu tərəfindən yanıqların müalicəsində uğurla istifadə olunan “Naftaterm-Ç” vasitəsini, dezinfeksiyaedici etil spirti və yod məhlullarını, ətirli maye sabunları, qabyuyan vasitələri, müxtəlif geyimləri, digər tibbi ləvazimat və ortepedik vasitələri nümunə göstərmək olar.”
Qeyd edək ki, ötən müddət ərzində AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları qanvermə aksiyalarında da yaxından iştirak etmişlər.
…Yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə Akademiyada orduya dəstək aksiyası davam etməkdədir. Hazırda şanlı ordumuza maddi, mənəvi, intellektual və informasiya dəstəyi Akademiyanın ən ümdə vəzifəsidir.”
OKTYABRIN 23-DƏ AMEA-nın rəsmi saytında daha bir açıqlama yayıldı. Açıqlamada qeyd olunur ki, “…Müharibənin başladığı ilk saatlarda AMEA-nın Rəyasət Heyəti yaydığı bəyanatında akademiya kollektivinin Qarabağın azadlığı məsələsində cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və bütün imkanları ilə ordumuzun yanında olduğunu bəyan etmişdir. Müharibənin sonrakı günlərində də istər AMEA-nın prezidenti, istərsə də Rəyasət Heyətinin üzvləri və ayrı-ayrı institutların direktorları dövri mətbuatda məqalələrlə və müsahibələrlə çıxış etmişlər. …AMEA prezidentinin Qarabağ həqiqətləri, Ermənistanın hərbi cinayətləri haqqında məqalə və bəyanatları ərəb, fars və ingilis dillərinə tərcümə edilərək “ENTER.NEWS” saytı vasitəsilə xarici auditoriyanın diqqətinə çatdırılmışdır.”
OKTYABRIN 25-DƏ AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin «ƏCNƏBİ OXUCUNUN DİQQƏTİNƏ QARABAĞ HƏQİQƏTLƏRİ» adlı məqaləsi Livanın tanınmış “əl-Məyadin” telekanalının rəsmi saytında dərc edilmişdir.
Məqalədə müəllif Qarabağ tarixinin bütün dövrlərini xronoloji qaydada təhlil etmişdir. Qarabağın zəngin arxeologiyası haqqında bəhs edilən giriş hissəsindən sonra akademik bölgənin Qafqaz Albaniyası və Ərəb xilafəti dövründəki tarixinə geniş diqqət ayırmış, tanınmış xarici və azərbaycanlı alimlərin tədqiqatları əsasında uydurma erməni iddialarına münasibət bildirmişdir. Xristianlıq pərdəsi altında qədim alban irsinin mənimsənərək bütün dünyaya yanlış olaraq erməni tarixinin bir parçası kimi təqdim edilməsi məsələsi üzərində xüsusilə dayanan AMEA prezidenti ərəbdilli oxucuları bu təbliğata uymamağa çağırır.
Məqalənin digər bir qismində isə akademik Ramiz Mehdiyev Qarabağın mədəni mərkəzi olan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və elminin tarixində oynadığı müstəsna rola toxunmuş, bu şəhərin yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat vermişdir.
Yekunda isə müəllif Qarabağın hətta sovet dövründə belə Azərbaycanın tərkibində olduğunu və dünya birliyi tərəfindən yekdilliklə Azərbaycanın ayrılmaz parçası kimi qəbul edildiyini xatırladaraq erməni işğalına və iddialarına son qoyulması üçün çağırış edir.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qarabağla bağlı məqaləsinin belə bir nüfuzlu informasiya resursunda dərc edilməsinin, tarixi həqiqətlərin çoxmilyonluq ərəb dünyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamalıyam.
OKTYABRIN 29-DA AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Fransa Respublikasının prezidenti Emmanuel Makrona açıq məktubu dərc edildi.Məktubda qeyd olunur ki,son günlərdə Fransada İslam peyğəmbəri Hz.Məhəmmədi (s) hədəf alan təhqiredici karikaturaların sürətlə yayılması və bu xoşagəlməz təmayülün V Respublikanın rəhbərliyi, şəxsən Sizin tərəfinizdən açıq şəkildə dəstəklənməsi müsəlman dünyasının haqlı hiddəti və etirazı ilə qarşılanmışdır.
İkinci Qarabağ müharibəsinə də geniş yer verilən açıq məktubda deyilir: “Azərbaycanın Fransanın özü də daxil olmaqla bütün dünya tərəfindən tanınmış Dağlıq Qarabağ bölgəsini və ətrafındakı 7 rayonu 30 ilə yaxın işğal altında saxlayan Ermənistana dəstək verməklə Siz ölkənizin ATƏT-in Minsk qrupu çərçivəsində üzərinə götürdüyü vasitəçilik missiyasına qarşı çıxmış olursunuz.
…Hər vəchlə Dağlıq Qarabağdakı kriminal rejimin, həmçinin təcavüzkar Ermənistanın hərəkətlərinə bəraət qazandıqmağa çalışan Fransa rəhbərliyi və mətbuatı nədənsə Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərlərində dinc Azərbaycan vətəndaşlarının raket hücumları nəticəsində qətlə yetirilməsi kimi hərbi cinayətlərə göz yumur.”
Erməni işğalına dəstək olan, Azərbaycanın haqq işinə qarşı çıxmağa çalışan hər kəsin bu qəbildən olan cəhdlərin əbəs olduğunu bilməyini xüsusi vurğulayan Akademiya rəhbəri açıq məktubunu bu sözlərlə tamamlamışdır: “Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun rəşadəti, xalq-dövlət həmrəyliyi gec-tez Qarabağ müharibəsində Azərbaycanın haqq işinin təntənəsini təmin edəcək. Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir. QƏLƏBƏ HAQQINDIR!”
AMEA Rəyasət Heyəti adından SENTYABRIN 27-DƏN OKTYABRIN 3-DƏK olan müddətdə 40-dan çox ölkənin 70-dən çox elm və təhsil təşkilatına, həmçinin beynəlxalq elmi cəmiyyət və assosiasiyalarına müraciət göndərildi. Müraciətlərdə Qarabağın tarixi Azərbaycan torpaqları olması danılmaz faktlarla əsaslandırılır, ərazilərimizin 30 illik işğalından danışılır, dünyanın elmi işctimaiyyətindən haqlı mübarizəmizdə dəstək göstərilməsi istənilirdi.
OKTYABRIN 30-DA Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müzakirə olundu.
Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla apardığı döyüş əməliyyatları nəticəsində qısa müddətdə düşmən tərəfindən müxtəlif istiqamətlərdə qurulmuş istehkam xətləri yarılıb, tarixi Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi işğaldan azad olunub. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ali Baş Komandan kimi döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, yüksək peşəkarlığı, diplomatik bacarığı ilə siyasi-ideoloji cəbhədə də yorulmadan çalışır, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edir. İndi yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandan İlham Əliyevin ətrafında BİR YUMRUQ KİMİ birləşib", - deyə akademik Ramiz Mehdiyev iştirakçıların diqqətinə çatdırdı.
Qarabağ bölgəsinin yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik mühüm regionlarından biri olduğunu deyən Akademiya rəhbəri dünyanın ən qədim insan məskənlərindən birinin məhz Qarabağ ərazisində yerləşdiyini xatırlatdı. Vurğulayıb ki, otuz ilə yaxın düşmən tapdağı altında qalmış bu ərazilər bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinə, digər tərəfdən isə ümumbəşəri dəyərlərə zidd olaraq, amansız təhdidlərə məruz qalıb, işğal olunmuş ərazilərdə Azərbaycanla bağlı tarixi və mədəni irs tamamilə məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları və siması məqsədyönlü şəkildə dəyişdirilib, ərazilərdə qeyri-qanuni məskunlaşdırma işi həyata keçirilib. AMEA prezidenti, həmçinin regionun meşə örtüyünün məqsədli şəkildə məhv edildiyini, münbit torpaqların, su ehtiyatlarının ekoloji və radioaktiv çirklənməyə məruz qaldığını, bölgənin təbii landşaftının ciddi deformasiyaya uğradığını, qeyri-qanuni olaraq təbii sərvətlərin istismarının və mənimsənilməsinin həyata keçirildiyini söylədi.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək", - deyə akademik bildirdi.
AMEA rəhbəri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlər kontekstində Azərbaycan elminin, Elmlər Akademiyasının üzərinə də xüsusi vəzifələr düşür. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinin otuz ilə yaxın işğal altında qalması ilə bu ərazilərin flora və faunasının, geoloji və coğrafi özəlliklərinin, yeraltı və yerüstü təbii sərvətlərinin, zəngin tarixi və mədəni abidələrinin sistemli və peşəkar elmi tədqiqatlardan kənarda qalmasına səbəb olduğunu qeyd edən AMEA prezidenti torpaqlarımızın işğaldan azad edilməsinin həmin ərazilərdə kompleks elmi tədqiqatların yenidən bərpa edilməsinə geniş imkan yaradacağını diqqətə çatdırdı.
Məsələnin geniş müzakirəsində akademik İsa Həbibbəyli dünyada ilk insanın yaşayış məskənlərindən biri hesab edilən Azıx mağarasında və Qarabağın digər tarixi ərazilərində arxeoloji, etnoqrafik tədqiqatların aparılması, türk mənşəli toponimlərin bərpa edilməsi, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə aid faydalı qazıntı yataqlarına sahib çıxılması, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması, akademik İradə Hüseynova isə işğaldan azad olunmuş torpaqların biomüxtəlifliyinin qorunması və həmin ərazilərdəki flora və faunanın “Qırmızı kitab”ın III nəşrinə daxil edilməsi istiqamətində fikirlərini bölüşüblər. Bundan əlavə, akademik Rasim Əliquliyev işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada informasiya texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çərçivəsində müəyyən işlərin görülməsi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bütün işlərin müasir dövrün tələblərinə uyğun modelləşdirilmiş müvafiq riyazi metodlar əsasında həyata keçirilməsi barədə danışıblar. Digər çıxış edənlər seysmoloji stansiyaların yenidən qurulması, geoloq alimlərimizin istismar edilmiş və həmçinin yeni faydalı qazıntı yataqlarının aşkarlanması barədə təkliflər səsləndirib, Cənubi Qafqazla bağlı bütün region xəritələrindən qondarma erməni adlarının çıxarılmasının Azərbaycan elminin Qarabağla bağlı tədqiqatlarının əsas göstəricisi olacağını söyləyib, Qarabağda torpaqlarla bağlı aparılan tədqiqatların arxiv mənbələri əsasında yenidən araşdırılmasının, zəngin yeraltı su ehtiyatlarımız olan kəhrizlərin bərpa edilərək xalqımızın istifadəsinə verilməsinin əsas prioritetlərdən olduğunu bildirdilər.
Qeyd olunanlar nəzərə alınaraq, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların yenidən təşkili məqsədilə AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul etdi. Belə ki, AMEA-nın QARABAĞ REGİONAL ELMİ BÖLMƏSİNİN YARADILMASI və bu məsələnin AMEA-nın növbəti Ümumi yığıncağında müzakirə edilməsi qərara alındı. Bundan əlavə, AMEA-nın elmi bölmələrinə, eləcə də AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinə akademiyanın müvafiq elmi müəssisə və təşkilatları ilə birlikdə Qarabağın işğaldan azad olunmuş ərazilərində elmi tədqiqat işlərinin bərpa edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi tapşırıldı.
NOYABRIN 6-DA Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində postkonflikt ərazilərin bərpasına elmi dəstək mövzusunda tədbir keçirildi. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin yaradılması ilə bağlı qərarını xatırladıb, bununla əlaqədar elmi bölmələrə müvafiq tapşırıqların verildiyini diqqətə çatdırdı.
Tədbirdə AMEA Rəyasət Heyətinin bir sıra üzvləri də iştirak edərək fikir və mülahizələrini bildirdilər.
Müzakirələrin sonunda AZƏRBAYCANDA POSTKONFLİKT ƏRAZİLƏRİN BƏRPASI ELMİ MƏRKƏZİNİN YARADILMASI haqqında qərar qəbul edildi.
NOYABRIN 10-DA AMEA Rəyasət Heyəti Qələbə münasibətilə bəyanat yaydı. Bəyanatda deyilirdi: “…Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat (10 noyabr bəyanatı nəzərdə tutulur – A.Ş.), heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının 30 ildən bəri davam edən haqlı mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti nəticəsində 1994-cü ildən bəri Ermənistanın işğalı altında olan rayonlarımız, həmçinin Qarabağın incisi Şuşa şəhəri düşmən tapdağından azad edilmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.
Azərbaycanın qazandığı bu əhəmiyyətli siyasi və hərbi qələbənin onun tarixində yeni mərhələnin başlanğıcı olduğu bildirilən bəyanatda deyilirdi: “Ölkə başçısının göstərdiyi iradə və şəhidlərimizin qanı bahasına biz bu yeni tarixi mərhələyə qalib xalq, müzəffər ölkə kimi qədəm qoyuruq. …Yeni tarixi mərhələdə Azərbaycanı fərqli çağırışlar və məqsədlər, irimiqyaslı quruculuq işləri gözləyir. Ölkəmizin cənab Prezidentin rəhbərliyi altında bu vəzifələrin də öhdəsindən şərəflə gələcəyinə əminlik ifadə edirik. AMEA kollektivi olaraq həmişəki kimi bundan sonra da dövlət başçısının hər bir tapşırığını icra etməyə hazır olduğumuzu bəyan edirik.”
NOYABRIN 10-DA AMEA Rəyasət Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın qələbəsi münasibətilə tədbir keçirildi.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın tarixi zəfəri ilə bağlı hər kəsi təbrik etdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə çatdıran AMEA rəhbəri ölkə başçısının buna 17 İLLİK GƏRGİN ZƏHMƏTİ SAYƏSİNDƏ nail olunduğunu bildirdi. AMEA-nın prezidenti qeyd etdi ki, Dağlıq Qarabağa status verilməməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi üçtərəfli imzalanmış sənədin əhəmiyyətini artıran bəndlərdəndir. 30 ilə yaxındır ki, davam edən mübarizədə şanlı qələbəmizin göstəricisi olan 10 noyabr tarixinin Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi mərhələnin başlanğıcı olduğunu bildirən Akademiya rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq və görkəmli dövlət başçısı kimi bütün bu vəzifələrin öhdəsindən şərəflə gələcəyinə əminliyini ifadə etdi.
AMEA rəhbəri alimlərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdıraraq AMEA-nın yeni yaradılacaq Qarabağ Regional Elmi Bölməsi tərəfindən kompleks proqramların həyata keçiriləcəyini bir daha qeyd etdi. AMEA rəhbəri bütün elmi-tədqiqat müəssisələrində qələbə tədbirlərinin keçirilməsini məqsədəuyğun hesab edərək müvafiq tapşırıqlarını verdi.
NOYABRIN 10-DA akademik Ramiz Mehdiyevin geniş auditoriya üçün nəzərdə tutulmuş rus dilində “AZƏRBAYCANIN QARABAĞ MÜHARİBƏSİNDƏ QAZANDIĞI QƏLƏBƏNİN SİYASİ, TARİXİ VƏ İDEOLOJİ ƏHƏMİYYƏTİ” adlı məqaləsi yayımlandı. Məqalədə deyilir: “Ərazilərin qaytarılması baxımından Azərbaycan çox şeyə nail olub. Ən əsas məsələ Naxçıvana dəhlizin açılmasıdır. Türkiyə öz növbəsində Naxçıvan tərəfə dəmir yolu çəkmək imkanını əldə edib. Bu layihənin həyata keçirilməsi birinci növbədə olduqca böyük siyasi əhəmiyyət kəsb edir...
... Haqq-ədalət isə qalib gəldi! Cəmi 44 gün (ay yarım) Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu məğlub edilməz Ermənistan ordusu mifini alt-üst etdi. Düşmən sarsıdıcı zərbələr alaraq qaçmağa məcbur edildi. ...Qələbə ilə yekunlaşan müharibə Azərbaycan cəmiyyətinə əzm gətirdi, milyonlarla həmyerlimizi məğlub edilmiş millət kompleksindən azad etdi. Bir tək bunlara görə Azərbaycan xalqı öz Prezidenti və ordusuna daim minnətdar olacaq.”
Məqalədə müəllif tərəfindən müharibənin mühüm tarixi və ideoloji aspektinə diqqət yönəldilir: “Birincisi, Nadir şahın dövründən bu yana Azərbaycan ilk dəfədir ki, öz qədim torpaqlarını qaytarmağa müvəffəq olub. Şübhəsiz ki, bu hadisə tarixi əhəmiyyət daşıyır. İkincisi, müharibə nümayiş etdirdi ki, Azərbaycan cəmiyyəti ümumi düşmənlə üz-üzə qalarkən sıx birləşmək potensialına malikdir. Bu potensialı bundan sonra da inkişaf etdirmək xalqımızın və dövlətimizin maraqlarına uyğundur. Bu potensial zəngin Azərbaycan mədəniyyətinin və müzəffər ənənələrin sürətli inkişafı, Azərbaycan xalqının Prezident İlham Əliyevlə birliyi və hərbi əməliyyatlar zamanı şahidi olduğumuz yüksək vətənpərvərlik ruhunun qorunub saxlanılması baxımından olduqca vacibdir.”
Məqalədə daha bir məqam da xüsusi vurğulanır: “Bu 44 gün ərzində Prezident İlham Əliyev özünü ideoloji cəbhənin əsl döyüşçüsü kimi göstərdi. O, ideoloq və tarixçidir, təbliğatçı və natiqdir. Lakin humanitar elitamız üçün Prezidentin çoxsaylı xarici jurnalistlərlə əminliklə və inamla dialoq aparmağı yadda qalan oldu.
Unutmaq olmaz ki, bu mürəkkəb tarixi missiyanı o, aqressiv xarici basqılar şəraitində layiqincə yerinə yetirirdi. Fransanın siyasi rəhbərliyinin hərbi əməliyyatların ilk günündən başlayaraq Azərbaycana qarşı qərəzli hərəkətlərini və ifadələrini yada salmaq kifayətdir. Lakin Prezident İlham Əliyev həm buna davam gətirdi, həm də doğma torpaqların erməni işğalçılarından azad edilməsinə yönələn haqq mübarizəsini sona çatdırdı.
Bu çətin günlərdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaralı əsgər və zabitlərə qarşı nümayiş etdirdiyi analıq hisslərini və Azərbaycan ordusunun əldə etdiyi hər bir qələbəsindən sonra bölüşdüyü hissləri də qeyd etmək lazımdır. Onun PREZİDENTİN SİRDAŞI VƏ ANA kimi keçirdiyi hisslər ən gözəl söz və təriflərə layiqdir.
...Azərbaycan Ermənistanla apardığı müharibədə qələbə qazanaraq öz qədim torpaqlarını işğaldan azad etdi və tarixində təmamilə yeni səhifə açdı. Heç bir şübhə yoxdur ki, bu mərhələdə ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər və qələbələr gözləyir.
Bunu deməyə bizim hər bir əsasımız var. 17 illik prezidentliyi dövründə İlham Əliyev Azərbaycanın simasını təmamilə dəyişərək güclü orduya malik müasir, çiçəklənən dövlət qurdu.”
NOYABRIN 25-DƏ AMEA Rəyasət Heyətinin nəzdində Albanşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı iclas keçirildi.
AMEA-nın prezidenti iclası giriş sözü ilə açaraq Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac yarandığını bildirdi. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmağa cəhdlər edildiyini deyən AMEA rəhbəri bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsinin xüsusi yer tutduğunu söylədi. Qeyd etdi ki, sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması və Prezident İlham Əliyevin Qafqaz Albaniyası ilə əlaqədar çağırışlarına cavab olaraq AMEA-da ALBANŞÜNASLIQ ELMİ MƏRKƏZİNİN YARADILMASI vacibdir.
NOYABRIN 27-DƏ Livanlı məzunlar birliyinin katibi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə Qələbə münasibətilə təbrik məktubu ünvanladı. Məktub Akademiyanın rəsmi saytında və “Elm” qəzetinin səhifələrində çap olundu.
Beyrutdan göndərilmiş məktubda qeyd edilir:
“...Sizin Qarabağ həqiqətlərilə bağlı dünya ictimaiyyətinə etdiyiniz müraciətin Livanın “Əl-Məyadin” telekanalının saytında ərəb dilində dərc edilməsi Qarabağda baş verənlərlə bağlı təhriflərin və qərəzli iddiaların ifşa olunmasında mühüm rol oynadı, Livan ictimaiyyəti üçün bir çox məsələləri aydınlaşdırdı.”
Beləliklə, Vətən müharibəsi günlərində Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli kollektivi elmi informasiya müharibəsinin önündə dayandı. AMEA alimləri bir sıra xarici ölkələrin kütləvi informasiya vasitələrində, televiziya və radio verilişlərində, canlı bağlantılarda iştirak etməklə yanaşı, mövzusundan aılı olmayaraq beynəlxalq onlayn elmi konfranslarda da Qarabağ həqiqətləri barədə geniş məlumat verdilər.
Ölkəmizin efir məkanlarında, kütləvi informasiya vasitələrində, elektron mediada saysız-hesabsız elmi, elmi-analitik, icmal məqalələri və çıxışlar yayımlandı.
Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin də getdiyi şəraitdə Akademiya əməkdaşları kütləvi informasiya vasitələrində aktiv çıxışları ilə diqqəti cəlb etdlər. Ali Baş Komandana və Ordumuza dəstək, Qarabağ həqiqətləri, erməni irqçi ideologiyasının elmi əsaslarla ifşa edilməsi, dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsi və s. istiqamətlərdə Akademiya əməkdaşları məqsədyönlü fəaliyyət göstərdilər.
Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə alimlər tərəfindən saysız-hesabsız məktublar, bəyanatlar və müraciətlər də ünvanlandı.
Vətən müharibəsi günlərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla, Rəyasət Heyətinin digər üzvləri – AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin üzvləri akademik Cəmil Əliyev və akademik Gövhər Baxşəliyeva da AMEA rəhbərliyi tərəfindən keçirilən çoxsaylı tədbir və müzakirələrdə yaxından iştirak etdilər. Onların iştirakı ilə keçirilən bütün tədbirlər çap məhsulları ilə yanaşı, tarixi stenoqramları ilə də yaddaşlara yazıldı.
Özü də Vətən müharibəsinin ən qızğın günlərində!
Pandemiya şəraitində!
Sosial məsafə saxlanılmaqla, maska taxmaqla!
Komendant saatının tətbiq olunduğu ərəfədə!
Həmin məsuliyyətli günlərdə AMEA-nın prezidenti, akademik RAMİZ MEHDİYEVİN GÜNDƏLİK TAPŞIRIQLARI nəticəsində Akademiyanın Mətbuat və informasiya şöbəsi də arxa cəbhədə yorulmaq bilmədən öz sözünü geniş auditoriyaya çatdıra bildi. Rəhbərlik tərəfindən verilən bütün tapşırıqlar vaxtında, uğurla və operativ icra olundu.
“Elm” ("Наука") qəzeti CƏBHƏ QƏZETİNƏ, saytımız CƏBHƏ TRİBUNASINA çevrildi.
Həftəlik nəşr olunan “ELM” qəzetinin bu ərəfədə “QARABAĞ AZƏRBAYCANDIR” ŞÜARI İLƏ 10 nömrəsi çapdan çıxdı, geniş elmi auditoriyaya yayıldı.
“ELM VƏ HƏYAT” jurnalının 2 nömrəsi (1 nömrə çap ərəfəsindədir) Qarabağ həqiqətlərindən bəhs etdi.
“ELM” TV özündə elmi informasiya yükü daşıyan operativ müsahibə və reportajları ilə yaddaşlarda qaldı.
SCIENCE.GOV.AZ portalı sözün əsil mənasında arxa cəbhənin elmi informasiya və icmal yazılarının, TƏDQİQAT MƏQALƏLƏRİNİN OPERATİV QƏRARGAHINA çevrildi. Yüzlərlə (!) xəbər və məqalələr, dəstək yazıları təkcə Azərbaycan dilində deyil, həm də rus və ingilis dillərində elmi ictimaiyyətə çatdırıldı və geniş internet məkanında bütün dünya oxucuları üçün əlçatan oldu.
AMEA-nın elmi informasiya müharibəsində fəaliyyəti bu gün də davam etdirilir. Bu dəfə isə istiqamət bir qədər dəyişib – axı bu gün hər bir yazı məhz QƏLƏBƏ NOTLARI İLƏ yaradılır!
QƏLƏBƏMİZ MÜBARƏK!
YAŞASIN ALİ BAŞ KOMANDANIMIZ!
YAŞASIN AZƏRBAYCAN!
Ağahüseyn ŞÜKÜROV,
AMEA Rəyasət Heyəti aparatının
Mətbuat və informasiya şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru