Coğrafiya İnstitutunun kollektivi il yoldaşları – elmi işlər üzrə sabiq direktor müavini, iqlimşünas tədqiqatçı alim, dosent Məhərrəm Həsənov və “Azərbaycanın demoqrafiyası və əhali coğrafiyası” şöbəsinin sabiq müdiri, tədqiqatçı alim, dosent Nizami Əyyubovun vəfatı münasibəti ilə bir araya yığışıb.
Əvvəlcə hər iki mərhumun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor, akademik Ramiz Məmmədov coğrafiyaşünas alimlərin elmi fəaliyyəti barədə qısa məlumar verib, onların Azərbaycanın coğrafiya elminə verdikləri töhfələrdən söhbət açıb. Bildirilib ki, coğrafiya elmini özlərinə həyat yolu seçmiş alimlər əmək fəaliyyətinin ilk illərindən sonunadək həyatlarını Coğrafiya İnstitutu ilə bağlamış, kiçik elmi işçi vəzifəsindən tutduqları son vəzifəyədək yüksəlmişlər. Tədqiqatçı alimlər öz sahələri üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş, nəşr sahəsində dəyərli işlər görmüş, elmdə öz sözlərini demişlər.
Akademik coğrafiya elmindəki xidmətlərinə görə M.Həsənovun “Tərəqqi” medalı ilə təltif edildiyini, AR Prezidentinin sərəncamı ilə elm sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görüldüyünü vurğulayıb. O qeyd edib ki, N.Əyyubov da diqqətdən kənarda qalmamış, elm sahəsində göstərdiyi xidmətə və tədrislə bağlı fəaliyyətinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və AMEA Yer elmləri bölməsinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Sonra iclasda iştirak edən iş yoldaşları M.Həsənov və N.Əyyubov haqqında xatirələrini bölüşüb, elm və təşkilatçılıq fəaliyyətləri ilə bağlı təəssüratlarını yada salıb, onların yüksək insani xüsusiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Məhərrəm müəllimin və Nizami müəllimin əziz xatirəsi həmişə yaşayacaq, qəlblərdən heç vaxt silinməyəcək.
Sonda hər iki mərhumun ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!