Sentyabrın 12-13-də Şəkidə “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika konfransı keçirilib.
Tədbir AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu, Şəki Rayon İcra Hakimiyyəti və AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Konfransda Cİ və Şəki REM-lə yanaşı BDU, ADPU, Azərsu ASC, AR Əmlak Məsələləri Dövlət Kömitəsinin və s. alim və mütəxəssisləri, UNESKO-nun Hidrometeoroloji Komitəsinin eksperti Jovan Despotoviç, eləcə də müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Konfrans zalının foyesində Coğrafiya İnstitutunun Şəki Elm Mərkəzinə hədiyyə gətirdiyi yeni nəşr olunmuş kitabları nümayiş etdirildib.
Konfransı giriş sözü ilə Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb, konfransın işində uğurlar arzulayıb.
Sonra AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlər - Azərbaycanın müasir demoqrafik vəziyyəti; əhali məskunlaşmasında olan problemlər, onların həlli yollarının müzakirə olunacağı haqqında məlumat verib. O qeyd edib ki, Respublikamızda ilk müstəqillik illərindən başlayaraq müşahidə olunan iqtisadi dəyişikliklər demoqrafik inkişafa da öz mənfi təsirini göstərmişdir. Nəticədə təbii artım azalmış, miqrasiya intensivliyi artmış və əhalinin regional paylanmasında disproporsiya xeyli güclənmişdir. Bildirilib ki, regionlarda məskunlaşma sistemində, əhalinin iş yerləri ilə təminatında, xüsusən həyat şəraitində olan çətinliklər nəticəsində miqrasiya artmış və əhalinin böyük hissəsi Abşeronda cəmləşmişdir. Respublika Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş iclasda ölkədə demoqrafik inkişafın nizamlanmasına xüsusi diqqət yetirilməsini alimlər qarşısında xüsusi vəzifə qoymuşdur. Ona görə də müasir, iqtisadi islahatlar aparılan dövrdə demoqrafik islahatın nizamlanması üçün onun elmi cəhətdən müzakirə olunması vacib məsələ kimi qarşıda durur.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çıxış edərək bildirib ki, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin multikulturalizm mühitində yanaşı yaşaması xüsusi əhəmiyyət daşıyır. O deyib ki, müxtəlif millətlərin yaşadığı Şəki-Zaqatala bölgəsində onların hamısı üçün eyni şərait yaradıldığından əhalinin kütləvi mexaniki yerdəyişməsi müşahidə edilmir. Bu sahədə 2016-cı ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən multikulturalizm ili elan edilməsinin də xüsusi əhəmiyyəti vardır.
AMEA Şəki Regional Elm Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor Yusif Şükürlü çıxışında Azərbaycanda elmin inkişafı məsələlərinə toxunub, tədbirin məhz Şəkidə keçirilməsini regionun strateji əhəmiyyət daşıması ilə əlaqələndirərək, konfransın nəticələrinin elmi nöqteyi-nəzərdən geniş ictimaiyyətə çatdırılmasını yüksək qiymətləndirib.
Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Xidmət rəisi, professor Ramiz Quliyev “Şəki rayonunun torpaq fondu və ərazinin milli-məkan şəraiti” mövzusunda geniş məruzə ilə edib. Azərbaycan torpaqlarının ərazi üzrə elektron kadastr uçotu işinin icrası ilə əlaqədar məlumat verib, Şəki rayonu üzrə torpaq bölgüsünün müxtəlif aspektlərdən – kənd-təsərrüfat torpaqlarının kəmiyyət, keyfiyyət, mülkiyyət növləri və s. üzrə təhlilini aparıb. Natiqin sözlərinə görə, AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun bilavasitə rəhbərliyi və böyük köməkliyi nəticəsində Şəki rayon torpaqlarının qiymətləndirilməsi işi görülüb. Torpaq bölgüsündəki əvvəllər baş vermiş uyğunsuzluqlar, sürüşmələr həmin xəritədə göstərilib. Alim 2019-cu ilin sonuna qədər kadastr sistemi üzrə elektron xidmətlər məlumat sisteminin yaradılmasının başa çatacağını da diqqətə çatdırıb.
Fasilədən sonra konfrans işini seksiyalar üzrə davam etdirib.
C.e.d., dosent Z.Eminovun sədrliyi ilə “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri” və AMEA-nın müxbir üzvü, professor E.Əlizadənin sədrliyi ilə “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” bölmələrində, hər ikisində 8 olmaqla ümumilikdə, müxtəlif mövzularda 16 məruzə edilib, müzakirələr aparılıb.
İclasda “Azərbaycanda demoqrafik inkişafın regional problemləri və demoqrafik siyasət (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında)”, “Şəki inzibati rayonunda əhalinin məskunlaşması və demoqrafik inkişafın nizamlanması yolları”, “Azərbaycan regionlarının davamlı inkişafında turizm təsərrüfatının rolu və əmək ehtiyatlarının formalaşmasına təsiri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təhlükəli təbii-dağıdıcı hadisələrin təbii-təsərrüfat sisteminə təsiri”, “Təhlükəli hidrometeoroloji hadisə və proseslərin Şəki şəhəri əhalisinə təsiri və onun qiymətləndirilməsi”, “Ekoloji davamlılıq və bitki müxtəlifliyi” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Konfransın ikinci günü “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialının səmərəli istifadə edilməsi” mövzusunda olan 3-cü bölmədə “Şəki rayonunun su ehtiyatları və əhalinin su ilə təminatı problemləri”, “Şəki rayonunun torpaq problemləri”, “Şimal-qərb bölgəsinin rekreasiya ehtiyatları və onların perspektivliyi” və s. mövzularda 8 məruzə dinlənilib, müzakirələr aparılıb.
Şəki Regional Elmi Mərkəzinin alim-mütəxəssisləri Şəki-Zaqatala bölgəsində multikulturalizm, rekreasiya ehtiyatları, bəzi landşaft növlərinin ekocoğrafi təzahürləri, ipəkçiliyin inkişafının əhalinin məşğulluq probleminin həllində rolu mövzuları ilə məruzələr ediblər.
İclasda çıxış edən natiqlər konfransın işini yüksək qiymətləndirib, onun müsbət nəticələr verəcəyinə inamlarını bildiriblər.
Tədbirin sonunda akademik Ramiz Məmmədov yekun sözü ilə çıxış edərək Şəki İcra Hakimiyyətinə, Şəki Regional Elmi Mərkəzinə, eləcə də bütün konfrans iştirakçılarına minnətdarlığını bildirib və onlara işlərində uğurlar arzulayıb.
Azərbaycanda demoqrafik inkişafın müasir problemləri və onların həlli yollarını özündə əks etdirən konfransda geniş müzakirələrdən sonra işlənib hazırlanmış təkliflər əsasında qərar layihəsi qəbul olunub.