Sentyabrın 26-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nın açılış mərasimi olub.
Türk dünyasının elmi ictimaiyyəti tədbirdən öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər. Həmçinin Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, eyni zamanda Şimali Kipr Türk Respublikasından görkəmli alim və şairlər iştirak edirlər.
Konfransın olduqca əlamətdar dövrə təsadüf etdiyini deyən natiq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnmiş lokal antiterror tədbirlərinin yaratdığı reallıqlar ölkəmizlə yanaşı, Türk dünyasında da sevinclə qarşılanmışdır. Akademik İsa Həbibbəyli qeyd edib ki, antiterror tədbirlərinin keçirildiyi ərəfələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT kimi dünyanın ən ali qurumunun kürsüsündən “Qarabağ Azərbaycan torpağıdır” deməsi və “Qarabağda heç bir status qəbul edilə bilməz” bəyanatı müstəqillik dövründə 85 milyonluq türk xalqının və onun liderinin Azərbaycana verdiyi dəstəyin ən bariz nümunəsidir: “Bu günlər Azərbaycan, Türkiyə və Türk dünyası üçün çox böyük bir əlamətdar dövrdür. Müasir Türk dünyasının iki böyük lideri, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvanda keçirdiyi zirvə görüşü, həmin görüş çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokol”unun və digər sənədlərin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranmış reallıqlar çərçivəsində yüksək qiymətə malik tarixi hadisədir”.
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun 1932-ci il sentyabrın 26-da Mustafa Kamal Atatürkün başçılığı ilə keçirdiyi Birinci Türk Dili Qurultayında həmin tarixin “Türk Dili bayramı” kimi qeyd olunması haqqında qərar qəbul etdiyini deyən akademik İsa Həbibbəyli ötən 90 il ərzində bu əlamətdar günün qardaş ölkədə yüksək səviyyədə keçirildiyini bildirib. AMEA prezidenti diqqətə çatdırıb ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu 90 ildir qeyd etdiyi “Türk Dili bayramı”nı ilk dəfə Türkiyədən kənarda, Azərbaycanla, xalqımızla birgə keçirir.
“Bizim üçün şərəfdir ki, bu əlamətdar bayramı AMEA-da Türkiyənin mötəbər qurumları və Türk dünyasının alim və şairləri ilə birgə qeyd edirik. Konfransın bu salonda keçirilməsi də özünəməxsus əlamətdar hadisədir. Çünki 1926-cı il fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultay burada keçirilmişdir. Ötən 100 ilə yaxın müddət ərzində Türk dünyasının dili, ədəbiyyatı, mənəviyyatı çox inkişaf etmişdir və bu konfrans 2026-cı ildə keçirəcəyimiz İkinci Türkoloji Qurultayın bir növ başlanğıcıdır”.
Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə səsləndirdiyi “Bir millət, iki dövlət” anlayışının indiki dövrdə də müstəqil türk dövlətlərinin, Türk dünyasının strategiyasının müəyyənləşməsində həlledici rol oynadığını söyləyib. Qeyd edib ki, Türkiyə və Azərbaycanın, eləcə də digər türk dövlətlərinin bütün platformalarda bir-birini dəstəkləməsi, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ümumilikdə Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Akademik İsa Həbibbəyli daha sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örsə və Türk Dil Qurumunun başqanı, professor Osman Mertə AMEA adından hədiyyələr təqdim edib.
Daha sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs tədbirin bütün türk xalqları üçün önəmini vurğulayıb, konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib.
Məruzəçi yaxın tarixdə Qarabağ bölgəsində baş verən İkinci Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərilərək qazanılan Qələbənin bütün Türk dünyasının zəfəri olduğunu vurğulayıb. Professor Dərya Örs son zamanlar bölgədəki bütün türk dövlətlərinin inkişafına nail olunduğunu qeyd edərək türkdilli ölkələr arasında əlaqələrin hər keçən gün artmaqda olduğuna diqqət çəkib, türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələrin birləşdirdiyini və bu amillərin qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməl olduğunu deyib.
2023-cü ilin Türk dünyası üçün olduqca əlamətdar tarixlərlə yadda qaldığını qeyd edən Qurum başqanı bu ilin Türkiyə Cümhuriyyətinin elan olunmasının və ömrünü Azərbaycan xalqına, millətinə həsr etmiş böyük dövlət adamı, Azərbaycanın memarı və qurucusu, xalqın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ili kimi qeyd olunduğunu vurğulayıb. O, bu iki əlamətdar hadisəyə həsr olunmuş konfransın bütün türk xalqlarını bir araya gətirdiyini, konfransda türkdilli ölkələrin danışdığı dilin əsas qollarından biri olan Oğuz türkcəsinin əsas xüsusiyyətləri, tarixi və gələcəyinə dair əhəmiyyətli məruzələrin dinləniləcəyini qeyd edib.
Məruzəçi İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün siyasi danışıqların aparılması və s. kimi tədbirlərin yeni dünya düzəninin qurulması mərhələsində Türk dünyasının parlaq gələcəyinə dair ümidləri daha da artırdığına əminliyini ifadə edib. O, bu günlərdə Qarabağda aparılan antiterror tədbirlərinin uğurla nəticələndiyini qeyd edərək türk xalqlarının bölgədə yalnız sülh və sabitlik tərəfdarı olduqlarını vurğulayıb.
“İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatmasından sonra Türkiyə və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən siyasi əlaqələr bütün dünya üçün bir örnəkdir”, – deyən professor D.Örs elm, mədəniyyət və incəsənətin hər zaman siyasətə yön verən ən önəmli güclər arasında olduğunu söyləyib.
Bu baxımdan bugünkü konfransın vacibliyinə toxunan Qurum başqanı konfransın elm, mədəniyyət və incəsənət sahəsinin mütəxəssisləri üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. O, Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistanı əhatə edən mədəniyyətin min illərdir ki, insanların xidmətində olmaq üçün böyük mücadilələr verdiyini diqqətə çatdırıb. Bu mədəniyyət vasitələri arasında yer alan türk dilinin fərqli coğrafi ərazilərdə yüz milyonlarla insan tərəfindən istifadə edildiyini deyən professor Dərya Örs türk xalqlarının öz aralarında ünsiyyət qura bilməsini asanlaşdırmaq üçün bir sıra tədbirlərin görülməsinin zəruriliyinə toxunub.
Türk xalqlarının iqtisadi və mədəni müstəqilliyə nail olmaq üçün bu istiqamətdə birgə fəaliyyət göstərdiyini deyən məruzəçi bununla bağlı yeni fikir və ideyaların irəli sürüldüyünə, müzakirələrin aparıldığına diqqət çəkib. O, yeni dünya düzəninin qurulduğu bir vaxtda türk dilinin qüdrətinin bütün dünyaya göstərilməsi istiqamətində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun böyük səy göstərdiyini diqqətə çatdırıb.
Professor Dərya Örs çıxışının sonunda insanlığın rifahı, dünyada sülhə nail olunması, dövlətlərimizin qüdrətinin daha da artması üçün türk xalqlarının birlikdə fəaliyyət göstərməyə davam edəcəklərini bildirib.
Türk Dil Qurumunun başqanı, professor Osman Mert isə “Türk dil bayramı”nın tarixi əhəmiyyətli binada keçirilməsindən qürur duyduğunu söyləyib.
Qeyd edib ki, türk xalqları Sibirdən Monqolustana, Anadoluya və Balkanlara kimi böyük coğrafiyada yaşamış və öz mədəniyyətlərini formalaşdırmışlar. O, bu mədəniyyətin izlərinin qədim Çin mənbələrində və Göytürk abidələrində günümüzə qədər gəlib çıxdığını bildirib və çətin coğrafiyada yaşayan türk xalqlarının hər zaman daxili və xarici düşmənlərinin olduğunu vurğulayıb. O, Göytürk xaqanı Bilgə xaqanın “Ey türk xalqı! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, türk dövləti, türk törəsi pozulmaz. Türk xalqı özünüzə gəlin!” sözlərini xatırladıb və türk xalqlarını daim bir olmağa səsləyib: “Bu gün baxdığımızda həm Azərbaycan, həm Türkiyə, həm də digər türk dövlətləri çətin coğrafiyalarda yaşayırlar. Bu gün diqqət etsəz, yaşadığı vətən üçün min ildir şəhid verən bizdən başqa heç kim yoxdur. Və bu coğrafiyalarda bizim qədər dünya tarixində uzun yaşaya bilən ikinci mədəniyyət yoxdur. Onun üçün coğrafiyamızın və mədəniyyətimizin dəyərinin və önəminin fərqində olmalıyıq”.
Türk Dil Qurumunun 1932-ci ildə keçirdiyi ilk “Türk dil bayramı”ndan bu günə kimi türk dilinin zənginliyini ortaya çıxarmaq və dünya dilləri arasında öz layiqli yerinə çatdırmaq üçün bir çox araşdırmaların aparıldığını, nəşrlərin hazırlandığını deyib.
“Türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə bir çox layihə həyata keçirmiş və nəşrlər hazırlamışıq. Bu gün Türk Dil Qurumunun nəşrləri sırasında Azərbaycan türkcəsi başda olmaqla, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti türkcələrində, eləcə də muxtar respublikaların - uyğur, qaqauz, karaçay-balkar və s. bütün türkcələrlə bağlı araşdırma aparılmaqda və nəşrlər hazırlanmaqdadır. Bir sözlə, Türk Dil Qurumu türkcənin dil qurumu, sizin dil qurumunuzdur. 1926-cı ildə bu binada Birinci Türkoloji Qurultay keçirilmişdi və 2026-cı ildə İkinci Türkoloji Qurultayın məhz burada keçirilməsini qərara aldıq”, - deyə o söyləyib.
Türk Dil Qurumunun rəhbəri beynəlxalq elmi konfransın Azərbaycanın qələbəsi ilə nəticələnmiş antiterror tədbirləri günlərinə təsadüf etməsinin əlamətdar hadisə olduğunu bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə sovet illərində dilimizin bir çox təhriflərə məruz qaldığını və oğuzların zor gücünə xalqımızın dilini dəyişməsinin insanlara aşılandığını söyləyib.
“Mən indi xoşbəxtəm ki, həqiqət öz yerini tapdı. Oğuzların bizim əcdadımız olduğunu, onların bu torpaqlarda qədimdən yaşadıqlarını və Oğuz - Azərbaycan dilinin bizim doğma dilimiz olduğunu gördük. Orxon-Yenisey yazılarının müəyyən dərəcədə oğuz dilində oxunulduğunu önə çəkənlər var. Bu, o deməkdir ki, 1500 ildir bizim doğma dillərdə yaranan böyük ədəbiyyatımız var. Bu gün biz bu tarixi həqiqətlərin təsdiq olunduğunu görürük”, - deyə o bildirib.
Sonra Türk Dil Qurumunun ənənəvi keçirdiyi şeir müsabiqəsinin qalibləri – Azərbaycandan Xalq şairi Sabir Rüstəmxanlı, Özbəkistandan Uluğbek Hamdamov, Qazaxıstandan Galım Jaylıbay, Qırğızıstandan Aida Egemberdiyeva və Şimali Kipr Türk Cümhuriyyətindən Oktay Öksüzoğlu mükafatlandırılıblar.
Tədbir öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclası ilə davam etdirir.