Qədim yer adları torpağa vurulan milli möhürdür
Azərbaycan xalqının milli və mənəvi sərvəti, qədim tarixi keçmişimizin öyrənilməsi baxımından çox qiymətli mənbə olan toponimlər üzrə başlıca araşdırma obyekti ölkəmizin coğrafi adlarıdır. Vətənimizin ərazi bütövlüyü buradakı coğrafi adlarla bilavasitə təsbit olunur.
1950-ci illərdə toponimik tədqiqatların genişlənməsi Azərbaycanın müxtəlif bölgələrində sahənin inkişafına yol açmışdı. Nəticədə аyrı-аyrı ərazilərin toponimləri hаqqındа elmi fikirlər söylənildi, mövzuya uyğun müxtəlif mаteriаllаr dərc olundu və xeyli yeni elmi nəticələr əldə edildi. Tarixi faktların qərəzsiz, elmi baxımdan tam və sistemli öyrənilməsində bu gün də öz aktuallığını saxlayan bütün toponimik sistem (oronimlər, hidronimlər), əsasən də yaşayış məntəqə adları (oykonimlər) uzaq keçmişimizin izlərini qoruyub saxlamaqdadır.
Görkəmli alimlərin tədqiqat əsərləri və coğrafi adlar üzrə lüğətin çapı sovet dövründə bu sahədə atılan uğurlu addımlardandır. Respublikamızın müxtəlif bölgələrinin toponimləri mütamadi olaraq görkəmli Azərbaycan alimləri A.A.Axundov, R.M.Yüzbaşov, B.Ə.Budaqov, Y.B.Yusifov, C.M.Mollazadə, Ə.Hüseynzadə, Q.Ə.Qeybullayev, A.M.Qurbanov, Q.Məşədiyev, T.M.Əhmədov və başqalarının tədqiqatlarında, müxtəlif istiqamətlərdən araşdırılıb. 1973-cü ildə AMEA-nın Coğrafiya İnstitutunda “Coğrafi adlar (toponimika)” şöbəsi yaradılıb. Hazırda institutun toponimist əməkdaşları “Coğrafi fikir tarixi və toponimika” adını daşıyan şöbədə fəaliyyət göstərirlər. İnstitutda Qərbi Azərbaycan toponimləri ilə bağlı da dərin və əhatəli araşdırmalar aparılır. Bu tətdiqaqtlar həmin torpaqların xalqımıza məxsus olduğunu birmənalı olaraq təsdiqləyir.
İstənilən bir ərazinin toponimik sistemi orada tarixən məskun olmuş tayfa birliklərinin, sonradan özündə kiçik etnik qrupları da birləşdirən xalqların dil imkanları hesabına yaranıb. Ötən əsrin 70-ci illərindən etibarən Coğrafiya İnstitutunun toponimist elmi işçiləri Azərbaycan ərazisi inzibati rayonlarının (Şəki–Zaqatala, Şərqi Qobustan–Abşeron regionu, Mil–Qarabağ zonası, Kür–Araz ovalığı, Şirvan, Kəlbəcər, Zəngilan, Qarabağ, Gəncə–Qazax və s.) yaşayış məntəqələri üzrə mikrotoponimlərinin tədqiqi ilə məşğul olublar.
Tarixi yurd yerlərimizi zəbt edən ermənilər nəinki təkcə həmin ərazilərdəki doğma adlarımızı mənimsəməyə çalışıblar, ümumiyyətlə, bütövlükdə türk mənşəli toponimləri özününküləşdirərək, həmişə qərəzli mövqe tutublar. Onların əsas sas məqsədi xalqımızın min illər boyu sahibi olduğu coğrafiyada yaşaması faktlarını saxtalaşdırmaq olub. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdəki coğrafi obyektlər yenidən öz doğma adlarına yiyələnirlər. Ərazilərdəki çoxlu sayda mikrotoponimlərin – adonimlərin, diromonimlərin, fitonimlərin və s. passiv fonda keçməsi, yaxud da yenilərinin yaranması çöl tədqiqat işlərinin aparılmasının vacibliyini gündəmə gətirir.
Hər bir təbii coğrafi ərazinin toponimiyasının tədqiq olunması müstəsna elmi-təcrübi, tarixi, siyasi əhəmiyyət daşıyır. Toponimiyanın inkişafı cəmiyyətin inkişafı ilə sıx bağlıdır. Azərbaycanın coğrafi obyekt adlarının tədqiqi mövzusunda aparılan regional toponimik təd-qiqat işləri davam edir. Qədim oğuz elinin adını yaşadan toponimlərimizi qorumaq müqəddəs borcumuzdur.
Bütün bu sadalanan uğurlara baxmayaraq, müəyyən problemlər də həllini gözləyir. Bu sahədə məsələlərin daha sistemli həlli müsbət nəticələr verə bilər. Təəssüf ki, bu gün də toponimika mövzusunda yazan təsadüfü adamlar çoxdur. İllik hesabat xatirinə, eləcə də “alim” kimi bəzi məqsədlərinə çatmağa çalışan toponimika elmindən xəbərsizlər yaranmış boşluqdan çəkinmədən istifadə edirlər. Görünən budur ki, institutun “Coğrafi adlar (toponimika)” şöbəsinin yenidən müstəqil şəkildə fəaliyyətinin təmin olunması sahənin prespektiv inkişafında müsbət rol oynayar.
Daha bir fakta diqqət yetirək. Sözügedən şöbənin yaradılmasından yarım əsr keçir. Yuxarıda qeyd etdiyimiz kimi, bu müddət ərzində Azərbaycan toponimiyasının öyrənilməsinə həsr olunan cəmi 2 konfrans keçirilib. Sonuncu konfransdan (1981-ci il) isə bizi 42 il vaxt ayırır. Deməli, bu mövzuda növbəti konfransların keçirilməsi Azərbaycan toponimiyasının prespektiv inkişafında müsbət rol oynayardı.
Çox yaxşı olardı ki, Qarabağın müxtəlif bölgələrinin coğrafi adlarınının tədqiqi istiqamətində görülən işlərin daha mükəmməl aparılması üçün münbit şərait yaradılsın. ETN-nin Coğrafiya İnstitutunun toponimist əməkdaşları da bu məqsədlə müntəzəm olaraq aidiyyatı ərazilərdə elmi-tədqiqat işlərinin aparılması məqsədilə xidməti ezamiyyələrdə olmalı, müvafiq ekspedisiyalar təşkil edilməlidir. Şübhəsiz, məsələnin həlli həm də görüləcək işin keyfiyətinə müsbət təsirini göstərəcək.
Əslində, Azərbaycanın müxtəlif ərazilərində sistemli şəkildə toponimik araşdırmaların aparılmasında alimlərimizin üzərinə çox böyük yük düşür. Bu tədqiqatçıların hər bir adın mənşəyi, etimologiyası haqqında doğru, düzgün fikir söyləmələri üçün, kifayət qədər tarixi faktlara, mənbələrə əsaslanmaq imkanı olmalıdır. Bu imkanların əldə olunması üçün isə hüquqi, elmi və mənəvi mexanizmin işə salınmasından çox şey asılıdır. Şübhəsiz, sadalanan problemlərin həlli istiqamətində görüləcək hər bir iş Azərbaycan toponimiyasının gələcək inkişafının təmin olunmasına xidmət edəcək.