Xəzər təlatümü

Altı milyon il yaşı olan dənizin şimal hissəsi tamamilə quruya, böyük ekoloji, iqtisadi, hətta siyasi problemlər yarada bilər

Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına təsir göstərəcəyi də istisna edilmir.

Qara dənizə gah birləşib, gah ayrılan qoca Xəzər

Xəzər dənizinin yaranması 5-6 milyon il əvvəl - qədim Tetis dənizinin tektonik proseslər nəticəsində Sakit və Atlantik okeanları ilə əlaqəsinin kəsilməsi və nisbətən kiçik su hövzələrinə parçalanması dövrünə təsadüf edir. Bundan sonra müxtəlif dövrlərdə o, Qara dənizlə gah birləşib, gah da ayrılıb. Xəzər dənizinin müasir sahil konturları isə yalnız 1,8 milyon  il əvvəl, daha doğrusu, onun dünya okeanı və digər dənizlərlə  əlaqəsinin tam kəsilməsi nəticəsində formalaşıb.

Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da, böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Dünyadakı göl sularının 40 faizdən böyük hissəsi Xəzərdə cəmləşib.

Xəzərin dərinliyi onun müxtəlf hissələrində fərqlidir. Şimali Xəzərdə orta dərinlik 5 metr olduğu halda, cənuba doğru getdikcə dərinlik artır və 1025 metrə çatır.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirir ki, dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrdə olub ki, həmin zaman onun səviyyəsi okean səviyyəsindən 35 m aşağı imiş. Ən yuxarı səviyyə (okean səviyyəsindən 22 m aşağı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də, əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 m diapazonunda dəyişib. Beləliklə, bütün əsrlərdə Xəzər dənizinin səviyyəsinin enmə və qalxma dövrləri olub. Daha doğrusu, Xəzərin səviyyəsi özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir.

Xəzərin səviyyəsi daim kəskin dəyişir

Alim əlavə edir ki, XX əsrdə  dənizin səviyyə dəyişmələri  2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 m) çatıb. Lakin 1977-ci ildən səviyyə kəskin şəkildə qalxmağa başlayıb. 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, səviyyə hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir. Hazırda dənizin səviyyəsi -28 metrə yaxındır.

Mütəxəssis hesab edir ki, kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzunmüddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil. Əksər hallarda bu haqda verilən proqnozlar dəyişir. Məsələn, 1930-1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Keçən əsrin 70-ci illərində alimlərin Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam edəcəyi ilə bağlı bədbin proqnozlar səbəbindən hətta keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətinin dəyişdirilərək Volqa çayına, oradan isə Xəzərə axıdılması üçün layihələr işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə  bu layihələr öz aktuallığını itirdi.

Qorxunc proqnozlar

Səid Səfərov deyir ki, 1977-ci ildən sonra dəniz səviyyəsinin 1995-ci ilə qədər kəskin artdığı müddətdə əksər alimlər tərəfindən səviyyənin gələcəkdə də yüksəlməkdə davam edəcəyi proqnozlaşdırılırdı. 1995-ci ildə səviyyə artımı dayansa da, son 10-15 ildə yenidən  nəzərəçarpacaq azalma müşahidə edildi. Bu da müxtəlif alimlər tərəfindən əsrin sonunadək Xəzərin səviyyəsinin fəlakətli dərəcədə aşağı düşəcəyi haqda bədbin proqnozların verilməsi ilə müşayiət olundu. Bu baxımdan alman və holland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz daha qorxuludur.

Belə ki,  onlar müxtəlif ssenarilərə əsasən, XXI əsrin sonunadək Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyini  proqnozlaşdırırlar. Bundan əvvəlki proqnozlardan fərqli olaraq, burada məqalə müəllifləri problemə gözlənilən qlobal istiləşmə ssenariləri  kontekstindən yanaşıblar. Birinci ssenariyə əsasən, dünya dövlətlərinin atmosferə parnik qazlarının atılmasının məhdudlaşdırılması haqda Paris Razılaşmasına riayət etdikləri halda Xəzərin səviyyəsinin əsrin sonunadək 9 metr, ikinci ssenariyə əsasən (razılaşmaya əməl edilmədiyi halda) 18 metr aşağı düşəcəyini proqnozlaşdırıblar. Məqalə müəlliflərinin qənaətinə görə, belə aqibət yalnız Xəzər dənizini deyil, digər qapalı su hövzələrini də gözləyir: “Səviyyənin aşağı düşməsində əsas səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində  dəniz səthindən buxarlanan suyun miqdarının artması göstərilir. Xəzər dənizinin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Su balansının mədaxil hissəsini dənizə tökülən çayların gətirdiyi suyun miqdarı və onun səthinə düşən yağıntıların miqdarı, məxaric hissəsini isə səthdən buxarlanan suyun miqdarı təşkil edir. Balansın məxaric  hissəsi (buxarlanma) mədaxil hissəsindən (atmosfer yağıntıları və çayların gətirdiyi su) böyük olduqda səviyyə aşağı düşür, əksinə olduqda isə yüksəlir”.

Xəzər təhlükəli sürprizlər vəd edir

Tədqiqatçılar hesab edirlər ki, alman və holland alimlərinin Xəzər dənizi haqqında verdiyi proqnoz hətta “yumşaq” ssenari üzrə özünü doğruldarsa (səviyyənin 9 m aşağı düşməsi), Xəzər regionunun ekoloji, iqtisadi, hətta siyasi stabilliyində böyük problemlər yaşana bilər.

Bunlardan bir neçəsini açıqlayan alimin fikrincə, səviyyənin kəskin aşağı düşməsi Şimali Xəzərin, demək olar ki,  tamamilə  qurumasına, sahil landşaftının deqradasiyasına və ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, dəniz naviqasiyasında, neft-qaz hasılatı və daşınmalarında ciddi problemlər yarana bilər.

Sahil infrastrukturunda və rekreasiya fəaliyyətində hissolunacaq çətinliklərin meydana çıxması və əlavə xərclərə ehtiyacın yaranması mümkündür. Hazırda çox da qənaətbəxş olmayan dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişikliklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalması, o cümlədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlılarının kökünün tamamilə kəsilməsi və ya populyasiyaların minimuma enməsi ilə nəticələnə bilər. Dayaz ərazilərin, o cümlədən Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər. Xəzər dənizində səviyyə dəyişmələrinin “sərt” ssenari üzrə (səviyyənin 18 m enəcəyi) gedəcəyi halda isə vəziyyətin daha dramatik olacağı proqnozlaşdırılır.

Vəziyyətdən çıxış yolu nədir?

Digər uzunmüddətli proqnozlar kimi alman və holland alimlərinin də Xəzər dənizində gözləniən səviyyə dəyişmələri haqda  verdikləri proqnozun nə dərəcədə özünü doğruldacağı sual altındadır. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, dəniz səviyyəsində proqnozlaşdırılan azalma bilavasitə müasir iqlim dəyişmələri, daha doğrusu, qlobal istiləşmə ilə bağlıdır.

Səid Səfərov nəzərə çarpdırır ki, əsrin sonunadək planetimizdə gözlənilən kəskin temperatur artımı yalnız Xəzər dənizi akvatoriyasına deyil, bütün dünya ekosisteminə ciddi təsir edəcək. Belə ki, Arktika, Antarktida və Qrenlandiyada buzların əriməsi dünya okeanının səviyyəsini o dərəcədə qaldıra bilər ki, bir çox ərazilər su altında qala bilər. Həmin ərazilərə yuxarıda qeyd edilən məqalə müəlliflərinin yaşadığı Almaniya və Hollandiyanı da aid etmək olar. Bundan başqa, qlobal istiləşmə bir çox ərazilərdə kəskin içməli su və ərzaq problemləri yarada bilər. Gözlənilən problemi və onun nəticələrini qismən də olsa yumşaltmaq üçün bütün ölkələrin, xüsusilə də inkişaf etmiş dövlətlərin gərgin səyi lazımdır. Belə ki, yaxın vaxtlarda qlobal istiləşməyə səbəb olan karbon qazı və digər parnik qazlarının atmosferə atılmasında ciddi azalma baş verməsə, planetimiz böyük təhlükə qarşısında qalacaq.

Lakin səviyyənin kəskin azalacağı haqqında bədbin proqnozların özünü doğruldub-doğrultmayacağından asılı olmayaraq, dəniz ekosisteminin və biomüxtəlifliyinin qorunub saxlanılması və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Xəzəryanı ölkələrin üzərinə böyük məsuliyyət düşür.

“Azərbaycan”

 05.08.2021 

www.azerbaijan-news.az