Kəlbəcər işğala məruz qalmış Qarabağ torpaqlarımızın sahəsinə görə ən böyük və yeraltı sərvətlərinə görə ən zəngin rayonudur, hətta bəzi coğrafi parametlərinə, məsələn, dəniz səviyyəsinə görə ölkəmizin ən hündür, relyefinə görə isə ən dağlıq ərazisidir. Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşir və onu qala kimi hər tərəfdən əhatə edən Murovdağ, Şərqi Göyçə, Mıxtökən kimi silsilə dağların əksər zirvələrinin hündürlüyü 3000 m-dən artıqdır (Gamışdağ-3724 m, Dəlidağ- 3616 m, Ketidağ -3399 m və s.). Tərtər çayı və onun çoxsaylı qolları rayon ərazisini dərin yarğanlar kimi kəsərək mürəkkəb, bəzən də keçilməz relyef formaları əmələ gətirmişdir.  Təmiz dağ havası, alp çəmənlikləri, sıx meşələr, heyvanlar aləmi, buz kimi bulaqlar, kaskad şəlalələr və s. təbiət ünsürləri Kəlbəcər elinin  görünən sərvətləridir, amma Ulu Tanrı bu torpaqların tək üstünü deyil, altını da zəngin yaratmışdır. Bu zənginlik ərazinin geoloji və tektonik inkişaf tarixi ilə əlaqədardır. Burada qədim Yura dövründən tutmuş son geoloji (IV) dövrə aid vulkan məhsullarına, “ofiolit” deyilən mantiya  süxurlarına, yer qabığını yaran dərin qırılmalara və s. maraqlı geoloji xüsusiyyətlərə rast gəlmək mümkündür ki, məhz bunlar  ərazinin faydalı qazıntılar ilə  zəngin olmasını şərtləndirmişdir.

XIX əsrin axırlarından etibarən, ölkəmizin ərazisində elmi əsasda geoloji-kəşfiyyat işləri aparılmağa başlanmışdı, amma ənənəvi olaraq neft və qaz yataqlarının öyrənilməsinə önəm verilirdi, filiz və qeyri-filiz yataqları üzrə işlər isə bir qədər zəif aparılırdı. Bu sahədə yerli mütəxəssislər demək olar ki, yox idi, olan işləri də rus və ya dəvət olunmuş xarici mütəxəssəslər görürdü. Artıq ötən əsrin 30-40-cı illərindən başlayaraq  yeni formalaşmş milli kadrlar sayəsində Azərbaycan ərazisində, o cümlədən Kəlbəcərdə bərk faydalı qazıntı yataqlarının axtarışı işlərinə başlanmış, 50-60-cı illərdə bu işlər daha da intensivləşmişdi. Geoloq alimlərimizin və çöl geoloqlarımızın  gərgin əməyinin nəticəsi olaraq qısa müddət ərzində neçə-neçə yataqlar aşkar olunmuş və ölkəmizin mineral-xammal bazası xeyli zənginləşmişdi.

Yadımdadır, hələ  70-ci illərin ortalarında ilk dəfə Kəlbəcərə gedəndə orada qızğın işlər gedirdi, geoloji dəstələr müxtəlif növ faydalı qazıntı, o cümlədən qızıl, mis, civə, molibden, əlvan və üzlük daşları, tikinti materialları və s. yataqların axtarışı və kəşfiyyatı ilə məşğul idilər. Belə çətin relyef şəraitində fədakarlıqla işləyən geoloqlarımız 90-cı illərə qədər onlarca faydalı qazıntı yatağı aşkarlayıb və ehtiyatlarını hesablayıb dövlət komissiyasına təqdim etmişdilər. Hazırda  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ehtiyatlar Balansında Kəlbəcər rayonu ərazisinə aid 25 filiz və qeyri-filiz, eləcə də 7 mineral-termal su yatağı, həmçinin onlarla perspektivli təzahür qeydə alınmışdır.

Bəlkə çoxları bilmir ki, bir yatağın aşkarlanıb onun sənaye istismarına hazırlanması üçün,  ehtiyatlarını hesablayıb dövlət səviyyəsində təsdiq etməkdən ötrü nə qədər çox vaxt, maliyyə vəsaiti və ən əsası ağır, məşəqqətli zəhmət tələb olunur. Təəssüf ki, bir-iki yataq istisna olmaqla (Ağyataq, Şorbulaq civə və İstisu mineral su yatağı) uzun illər min bir əziyyətlə ərsəyə gələn zəngin yataqlarımızın bəhrəsini düşmənlər gördü. O ehtiyatlardan istifadə etməyə macal tapmadıq, torpaqlarımız işğal olundu, yerüstü və yeraltı sərvətlərimiz onların əlinə keçdi və bir vaxt  bu torpaqların, bu sərvətlərin əsl sahiblərinin geri qayıdacağını bildikləri üçün, düşmən fürsəti-fövtə verməyib, tələm-tələsik yataqlarımızı vəhşicəsinə talan etdilər. Ən çox talana məruz qalan isə Kəlbəcərdəki (Söyüdlü, Qızılbulaq) və Zəngilandakı (Vejnəli) qızıl yataqlarımız oldu.

Söyüdlü (Zod) qızıl yatağının əsas hissəsi  Kəlbəcər rayonunda dəniz səviyyəsindən 2300-2500 m hündürlükdə, Azərbaycan və Ermənistan sərhədi boyu uzanan Şərqi Göyçə silsiləsinin suayırıcında, Misqaynaq dağının yamaclarında yerləşir.  Yataqda ümumən 39 filiz cismi aşkar edilmişdi ki, onların da böyük əksəriyyəti - 29-u tamamilə Azərbaycanın ərazisindədir.

Söyüdlü yatağı, təsdiq olunmuş ehtiyatlarına görə, nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük qızıl obyektidir. Yatağın ilkin qızıl ehtiyatları 112,5 ton olub, lakin uzun illər onu qanunsuz istismar etmiş Ermənistan mənbələrində ehtiyatların bundan xeyli artıq olduğu bildirilir. Ümumi ehtiyatların  73%-i Azərbaycan Respublikasının ərazisinə düşməsinə baxmayaraq, hələ sovet dönəmində Söyüdlü yatağı heç bir hüquqi əsas olmadan Ermənistan Əlvan Metallurgiya İdarəsinin balansına verilmiş, 1977-ci ildən yatağın sənaye işlənməsinə başlanılmış və 1989-cu ilə qədər bu yataqdan 27,6 ton qızıl çıxarılmışdır. Sonralar, işğal dövründə yatağın istismarına müxtəlif xarici ölkələrin, o cümlədən, ABŞ, Böyük Britaniya, Kanada və Hindistanın  filizçıxarma şirkətləri cəlb edilmişdi. Onların qanunsuz fəaliyyətləri nəticəsində yataq vəhşicəsinə talan edilmiş və külli miqdarda qızıl əldə edilmişdir. Təkcə 2002-2006-cı illərdə “First Dynasty Mines” (“FED”) şirkəti tərəfindən yataqdan 14,3 ton qızıl çıxarılmış, Ermənistan və separatçı rejimin büdcəsinə vergi qismində xeyli vəsait köçürülmüşdür. Üstəlik, yatağın açıq üsulla istismarı nəticəsində Kəlbəcər rayonunun 500 hektardan çox ərazisi tamamilə yararsız hala salınmış, filizin saflaşdırılmasında sianid üsulundan istifadə edilməsi isə torpaqların və su mənbələrinin çirkənmsinə səbəb olmuşdur.

İşğal dövründə yatağı qanunsuz istismar edənlərin sonuncusu Rusiyaya məxsus “GeoProMining” Ltd. şirkətidir ki, bu şirkət 2007-ci ildə “FED”-in bütün səhmlərini alaraq yatağa tam sahibliyi ələ keçirmişdir.

Qızılbulaq (Drmbon) qızıl-mis yatağı da Söyüdlü yatağının aqibətini yaşamışdır. Rayonun şərq hissəsində (keçmiş Ağdərə rayonunda) yerləşən yatağın ehtiyatları hələ 1990-cı ildə SSRİ-nin Dövlət Ehtiyatları Komissiyasında 13.6 ton qızıl, 47,9 min ton mis və digər metallar (gümüş, selen, tellur) olmaqla təsdiq edilmişdi.  Amma çox təəssüf ki, bu yataq da  separatçı rejimin  bölgəyə dəvət etdiyi “Base Metals” Ltd. (Avstraliya) şirkəti tərəfindən vəhşicəsinə istismara məruz qalmış və ehtimal ki, nəticə etibarılə ehtiyatları tükənmişdir.

Mənbələrindən məlum olur ki, separatçı rejimin büdcə gəlirlərinin çoxunu məhz həmin yataqları amansızlıqla talan edən Ermənistanın və xarici şirkətlərin ödənişləri təşkil etmişdi. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, işğal dövründə Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərmiş bütün  şirkətlər taladıqları sərvətlərə və vurduqları ekoloji zərərə görə təzminat ödəməlidirlər, əks təqdirdə, onlar beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar.

Kəlbəcər rayonunda qızıla perspektivli olan daha iki filiz sahəsi (Ağduzdağ və Tutxun) mövcuddur və onların vəziyyəti haqqında hələlik rəsmi məlumatlar olmasa da  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Xidmətinin mütəxəssisləri tərəfindən Qarabağdakı bütün faydalı qazıntı yataqlarının, o cümlədən bu iki yatağın da qiymətləndirilməsi işlərinə başlanılmışdır.

Digər filiz (metal) yataqlarından Kəlbəcər ərazisində civə, sürmə (Ağyataq, Şorbulaq, Lev), xromit (Göydərə, Kazımbinə), mis-molibden (Teymuruçandağ)  yataq və təzahürlərini qeyd etmək olar.

Kəlbəcərin mineral və termal suları ayrıca bir söhbətin mövzusudur. Hələ sovet dönəmində İstisu kurortu müalicə-sağlamlıq ocağı kimi bütün İttifaqda tanınırdı. Tərtər və Tutqun çaylarının dərələrində nə qədər belə mineral və termal bulaqlar (Aşağı İstisu, Mozçay, Keşdək və s.) mövcuddur, amma təəssüf ki, təkcə İstisuda bir sudoldurma zavodu vardı, qalan bulaqların suyu axıb çay sularına qarışır. Mineral, xüsusən də termal suların bolluğu ərazidə geniş yayılmış və yerin dərin qatalarına gedib çatan iri tektonik çatlarla, qırılmalarla əlaqədardır. Bəziləri qeyzer tipli olan bu termal bulaqlar çox böyük balneoloji və turizm potensialına malikdir.

Kəlbəcərdə başqa nə kimi yeraltı sərvət var?- Çox şey, məsələn ölkəmizdə yeganə obsidian, perlit və listvenit yataqları buradadır. Nəhəng Keçəldağ perlit yatağının ehtiyatları 4,5 mln.kub metrdir. Perlitin qeyri-adi şişmə xassəsinə görə bir çox sahələrdə, o cümlədən sənayedə, tikintidə, kənd təsərrüfatında geniş istifadə edilir.  Əlvan daşlardan gözəl görünüşə malik oniks və nefritoid yataqlarını, bir neçə üzlük  və tikinti daşı yatağını, Keşdək gil, Çəpli qum-çınqıl və nəhəng ehtiyatlara malik (11 mln. kub m.) Kilsəli mişar daşı yatağını misal göstərə bilərik. Bu tikinti materialları yataqlarının ehtiyatları təkcə Kəlbəcərin deyil, bütün Qarabağın bərpa-quruculuq işləri üçün çox önəmli yerli xammal mənbəyidir.

İndi Qarabağın digər rayonları kimi, Kəlbəcər də azaddır, biz özümüz bu yerüstü və yeraltı sərvətləri, illərdir həsrətini çəkdiyimiz doğma Qarabağımızın dağıdılmış infrastrukturunun, iqtisadiyyatının bərbasına, öz dədə-baba yurd yerlərinə qayıdacaq vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılması üçün istifadə etməliyik.

Rəşid Fətəliyev
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent
Bakı, 05.05.2021

Modern.az