AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın iclası keçirilib.
Mərhum direktor, akademik Ramiz Məmmədovun dünyasını dəyişməsilə əlaqədar İnstitutun direktoru vəzifəsini icra edən, f.ü.f.d., dosent Rüstəm Rüstəmov Coğrafiya İnstitutu Elmi şurasının müvəqqəti olaraq sədri vəzifəsinə təyin edilib.
İclas iştirakçıları 1 dəqiqəlik sükutla akademikin xatirəsini hörmətlə yad ediblər, məhrumun ruhuna dualar edilib.
İclasa sədrlik edən dos. R.Rüstəmov gündəlikdə duran məsələləri elan etdikdən sonra İnstitutun Elmi şurasının yeni tərkibi məsələsinə baxılıb və təsdiq edilib.
İclasın sədri gündəlikdə duran ekspedisiyalarin təşkili və hesabatların təqdim edilməsi məsələsini müzakirəyə çıxarıb, çöl ölçmələrinin elmdə əhəmiyyətini və əldə olunan nəticələrin reallığı əks etdirməsinin vacibliyini önəmə çəkib, ekspedisiya rəhbərləri tərəfindən yazılan təqdimatların elmi katibə ünvanlanmasını və adı çəkilən məlumatların hesabatda əks olunmasının mütləq olduğunu diqqətə çatdırıb.
Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov AMEA Rəyasət Heyətinin elmi müəssisələrinin yeni strukturu haqqındakı qərarına uyğun olaraq, Coğrafiya İnstitutunun yeni strukturu ilə iştirakçıları tanış edib.
Təhsillə reallaşdırılan magistratura və doktorantura məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov şöbənin problemləri haqqında söz açıb, magistrantların 2020/2021-ci tədris ilinin yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurduqlarını diqqətə çatdırıb. Sədr R.Rüstəmov Təhsil şöbəsinin elmi katibliklə sıx təmasda olmasının və şöbədə aparılan işlərin elmi katibin nəzarəti altında aparılmasının önəmi haqqında danışıb, gələcəkdə işlərin operativ şəkildə reallaşdırılması üçün prosedur və proseslərin işlənməsi barədə tapşırıqlar verib.
C.ü.f.d. E.S.Səfərovun İsveçrə ölkəsi tərəfindən ayrılan təqaüd hesabına adı çəkilən ölkəyə bir il (sentyabr 2021 – avqust 2022) müddətinə ezam olunması məsələsinə baxılıb və aylıq məvacibi saxlanılmaqla İsveçrənin Jeneva şəhərinə ezam edilməsinə qərar verilib.
İclasda həmçinin, Əlif Hacıyev adına elmi-tədqiqat qəmisi ilə Xəzər dənizinə ekspedisiyaların təşkili, “Qarabağın coğrafiyası” adlı monoqrafiyanın hazırlanmasının vəziyyəti, İnstitutun qəzet və elmi jurnallarına abunəlik və s. məsələlər də müzakirə edilərək müvafiq qərarlar verilib.