İyunun 23-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Cİ əməkdaşları, SNC Azərbaycanın üzvləri - coğrafiya üzrə fəlsəfə doktorları Natəvan Cəfərova, Elnur Səfərov və Rövşən Kərimovun, eləcə də Aytən Poladovanın milli ekspertlər, Fuad Bağırovun isə layihə koordinatoru qismində iştirakı ilə Azərbaycan Milli Təşəbbüs Qrupunun (SNC Azərbaycan) regional dialoqun və əməkdaşlığın inkişafı və planlaşdırılması ilə bağlı növbəti üçüncü görüşü keçirilib.
Görüşün əsas məqsədi Qafqaz dağ bölgəsinin davamlı inkişafı yolunda mövcud problemlərin aradan qaldırılması üçün akademik sektor və praktiklər arasında əməkdaşlığı gücləndirmək, əməkdaşlıq mexanizmlərini və ortaq sistemli tədbirləri müzakirə etmək olub.
Tədbirdə elmi, qeyri-hökumət, beynəlxalq təşkilatların, özəl sektorun və icra orqanlarının nümayəndələri iştirak ediblər.
İlk əvvəl iştirakçılar iyun ayının əvvəlində dünyasını dəyişmiş mərhum SNC-mt sədri, akademik Ramiz Məmmədovun xatirəsini hörmətlə yad ediblər, onun Qafqaz Dağ Bölgəsi Elmi Şəbəkəsinin (SNC-mt) dəyərli bir üzvü və dəstəkçisi olduğunu qeyd edib, bu yolda verdiyi görkəmli töhfələrinə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Milli Təşəbbüs Qrupunun fəaliyyəti, Qafqaz dağ bölgəsindəki sığorta tariflərinin hesablanması üçün risklər və Qafqaz dağlarında şabalıd ağacının itmə təhlükəsi, İqlim dəyişikliyi problemləri və Azərbaycandakı əlaqəli layihələr, binaların enerji səmərəliliyi məsələləri və enerji modelləşdirmə metodunun tətbiqi, enerji qənaətinə dair sosial məlumatlılığın aşağı səviyyədə olması və s. kimi məsələlər müzakirə edilib.
İclas iştirakçıları – Milli Məclis Aparatının sektor rəhbəri Şamil Hüseynov və BMT-nin əməkdaşı Çingiz Məmmədov layihənin həyata keçməsində dəstək olacaqlarına görüş iştirakçılarını əmin ediblər.
Qeyd edək ki, görüş İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən "Cənubi Qafqazda İqlimə Uyğunlaşma Tutumlarının Gücləndirilməsi" (SCAC) layihəsi çərçivəsində keçirilib