AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov 31 mart - 9 aprel tarixlərində ETSN, AMEA və SOCAR-ın mütəxəssisləri ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində təşkil etdiyi kompleks tədqiqatlar və monitorinqlərdə iştirak edib.
Xəzər dənizinə təsirlərin müəyyənləşdirilməsi və ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlarda “Bahar”, “Ələt-dəniz”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” kimi dənizdə yerləşən bir sıra neft-qaz yatağıının ətrafında aparılıb.
İnstitut əməkdaşı ekspedisiya zamanı əsas hidrometeoroloji parametrlər olan küləyin sürəti və istiqamətini, havanın temperaturunu, nisbi rütubətliliyi, həmçinin, dəniz suyunun şəffaflığını müəyyən etmək üçün seçilmiş nöqtələrdə ölçmələr aparıb. Göstərilən hidrometeoroloji parametrlərin ölçmələri müəyyən zaman kəsimlərində, gəminin hərəkətsiz vəziyyətində 10 dəqiqə intervallarla həyata keçirilib. Dəniz suyunun şəffaflığı isə hər nöqtədə bir dəfə olmaqla ölçülüb. Tədqiqatın növbəti mərhələsində ekspedisiyada əldə edilmiş nəticələrin müvafiq peyk məlumatları ilə müqayisəli analizi aparılacaqdır.