"Vətənin əbədiyaşar övladları" 2021-02-03 01:20:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayilovun  “Respublika” qəzetində "Vətənin əbədiyaşar övladları" adlı məqaləsi dərc edilib.

Məqalədə İkinci  Vətən müharibəsi şəhidi, ixtisasca tarix müəllimi olan vətənpərvər, cəsur zabit, kapitan Elnur Cəbrayılovdan söhbət açılır. Bildirilir ki,  vətənə olan sevgisi, düşmənə isə nifrəti onu 8 il işlədiyi müəllim peşəsindən imtina edərək, ömrünün qalan 8 ilini hərb işinə həsr etməyə yönəldir.

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərən E.Cəbrayılov tabeliyində olan əsgər yoldaşlarına əsl nümunə olur. Oktyabr ayının əvvəllərindən Vətən savaşına qoşulan zabitimiz düşmən mövqelərinə doğru əks-hücum əməliyyatlarında şərəfli döyüş yolu keçir.  Aprel döyüşlərinin iştirakçısı olur, Lələtəpə yüksəkliyi və ətraf bölgələrin düşməndən azad edilməsində xüsusi şücaət göstərir, həmin qələbədən sonra tabor komandirinin müavini vəzifəsinədək  yüksəlir.

Qısa həyat kəsiyində nümunəvi tarix yazan şəhidimizin, yaşasaydı, iki aydan sonra  40 yaşı tamam olacaqdı.  Şərəfsiz düşmən onun nəşini belə verməkdən imtina etmiş, 93 gündən sonra kapitanın cəsədi tapılaraq torpağa  tapşırılmışdı.

Doğma əmisi oğlu Elnurun gözəl şer yazmaq qabiliyyəti olduğunu qeyd edən müəllif yazısını onun Şuşaya həsr etdiyi şerindən bir bəndlə bitirir:

Yağılar əlindən inləyən Şuşam,

Qanadı yaralı qartalam, quşam.

Sıldırım dağlardan qopan bir daşam,

Yaralar sızlarkən yatmaq olarmı?

https://www.youtube.com/watch?v=Py8oPuBY06E