Coğrafiyaçı alim Kəlbəcərlə bağlı təkliflər irəli sürüb 2021-01-18 16:02:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “azpolitiko.info” saytında “Kəlbəcərdə hava limani üçün haranı seçməli?...” adlı məqaləsi dərc olunub. 

   Müəllif məqaləsində 40 il öncə Kəlbəcərdə, Murovdağda tədqiqat işləri ilə əlaqədar, o yerlərə bələd olan bir mütəxəssis kimi, Qarabağın inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb, ənənəvi olaraq bir sıra maraqlı təkiflər irəli sürüb.

Bölgənin dirçəlişi ilə bağlı genişmiqyaslı layihələrin həyata keçirildiyindən bəhs edən alim Şuşaya dəmiryol xəttinin çəkilməsini və Füzulidə, eləcə də Kəlbəcər və ya Laçın rayonunda beynəlxalq aeroportun tikintisini qürur hissi ilə dilə gətirir.

R.Fətəliyev çox çətin relyefdən keçən Toğanalı-Kəlbəcər yolunun inşasından söz açarkən,  onun Göygöl Milli Parkı ərazisindən salınmasını məqsədəuyğun hesab etmir və alternativ yol təklif edir. O qeyd edir ki, bu yolla gecə-gündüz tikinti materialları daşıyan və müxtəlif  təyinatlı ağır maşınların hərəkəti Azərbaycan təbiətinin incisi sayılan Göygölün ekoloji mühitinə, bitki və heyvanat aləminə, eləcə də turizm əhəmiyyətinə ciddi fəsadlar törədə bilər: “Söyüdlü (Zod) qızıl və digər faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar, Kəlbəcərin ölkəmizdə dağ-mədən hasilatının mərkəzi olan Daşkəsənlə birbaşa əlaqəsinin yaradılması məqsədilə gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi də Kəlbəcərin
 ümumi iqtisadi potensialının dəfələrlə artmasına səbəb olacaq”.

Alimin Kəlbəcərlə bağlı, turizmin sürətli inkişafına təkan verə biləcək, eləcə də gələcəkdə  İstisu mineral suyunun xaricə ixracı məqsədilə  beynəlxalq limanın məhz İstisuda tikilməsi təklifi də böyük maraq döğurur.

Coğrafiyaçı alim işğaldan azad edilmiş torpaqlarımızın çiçəklənməsi, cənnətə çevrilməsi üçün hər kəsi bacardığı işin qulpundan yapışmağa, hamını bu ümumxalq işində səfərbər olmağa dəvət edir.