AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov Azərbaycan Universitetinin müəllim - tələbə heyəti üçün təşkil olunan “Su həyatdır” vebinarında məruzə ilə çıxış edib.
Akademikin “Azərbaycanın su ehtiyatlarının və iqlim dəyişmələrinin dayanıqlı inkişafa təsiri” mövzusuna həsr olunmuş məruzəsi iqlimin istiləşməsinin yaratdığı təhlükələr, təbii kataklizmlər, biomüxtəlifliyə zərbə, içməli suyun qıtlığı, aclıq və epidemiya, dünya okeanının səviyyəsinin qalxması, iqlim istiləşməsinə alternativ baxışlar, iqlimi formalaşdıran əsas proses və amillər, iqlim dəyişmələrinin nəzəri əsasları, proqnoz modelləri, Coğrafiya İnstitutunun apardığı iqlim tədqiqatları kimi mövzuları əhatə edib.
Vebinar müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı birgə maairifləndirmə tədbirləri çərçivəsində təşkil olunub.