AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi rəşadətli Ordumuza, onun Ali Baş Komandanı İlham Əliyevə dəstək olaraq yığıncaq keçirib.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, sentyabrın 27-sində Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək ölkəmizin cəbhəboyu ərazilərinə hücumlar ediblər. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlamaqla İkinci Qarabağ müharibəsinə qoşulmağa vadar edilib. Xalqımız ordumuzun gücünə və qeyrətinə arxalanaraq bu müqəddəs Vətən Müharibəsinin başlanması xəbərini böyük sevinc və qələbəyə inam hissləri ilə qarşılayıb. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz döyüşlərin ilk günlərindən əks-hücum əməliyyatına başlamış, bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad edərək, coğrafi sərhədlərimizi dəyişməyə can atan işğalçı ordunu addım-addım geri çəkilməyə məcbur etmişdir. İndi hər birimizin ən böyük arzusu qələbədir, deyən M.Həsənov bu şərəfli və ağır günlərdə bütün xalqımız kimi İnstitutumuzun kollektivinin də cəbhədən gələn xəbərləri həyəcanla izlədiyini, rəşadətli ordumuzun işğal altındakı torpaqları mənfur düşməndən azad edəcəyi günü səbrsizliklə gözlədiyini xüsusilə vurğulayıb.
M.Həsənov onu da bildirib ki, İnstitut əməkdaşları ölkəmiz üçün həlledici, vacib olan bu günlərdə baş verən hadisələrdən kənarda qalmaq istəmədiklərini, ordumuza bilavasitə dəstək olmaq arzusunda olduqları haqda rəhbərliyə müraciət ediblər. Bunu nəzərə alaraq, direktor müavini işçilərin gələn ayın maaşının 10 faizini Silahlı Qüvvələrə yardım Fonduna ianə keçirməyi təklif edib. Təklif razılıq hissi ilə işçilər tərəfindən qəbul edilib.
Sonra İnstitut həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, coğrafiya üzrə elmlər doktorları Səid Səfərov və Hüseyn Xəlilov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev, coğrafiya üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov və digərləri öz ürək sözlərini dilə gətirərək xalqımızın Milli Ordumuzla fəxr etdiyini, onunla qürur duyduqlarını, cəbhədən gələn sevincli xəbərlərin xalqımızda qələbəyə olan inamı daha da artırdığını diqqətə çatdırıblar, ərazimizin bütövlüyünü dəstəkləyən qardaş Türkiyə və Pakistanın yanımızda olmasını dərin minnətdarlıq hissi ilə qeyd ediblər. Alimlər Vətənimizin bu şanlı, taleyüklü tarixi dönəmində xalqımızın milli qürurunun, vətənpərvərlik hissinin daha da güclənməsində, yüksək amal uğrunda həmrəyliyin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edən musiqi əsərlərinin müəlliflərinə, ifaçılarına və onlarıın yayılmasını gerçəkləşdirən media işçilərinə xalqımız adından minnətdar olduqlarını dilə gətiriblər.
“Eşq olsun xalqımıza! Eşq olsun ordumuza! Eşq olsun Prezidentimizə!” şüarları ilə çıxış edən coğrafiyaçılar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə və həlak olan dinc sakinlərimizə Allahdan rəhmət diləyib, bu zəfər yürüşündə qüdrətli ordumuza və Ali Baş Komandana böyük qələbə sevinci arzulayıblar.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!