AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov su təminatı il əlaqədar videokonfrans formatında təşkil edilmiş görüşdə iştirak edib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Energetika Nazirlikləri, “Azərsu” və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətləri, AMEA-nın Coğrafiya, Geologiya və Geofizika İnstitutları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri görüşün iştirakçıları olublar. Tədbirdə su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi, elədə də mövcud su anbarları sututmunun bərpa edilməsi ilə bağlı məsələlər müzakirə edilib, uyğun təkliflər irəli sürülüb.
Görüşdə çıxış edən Məhərrəm Həsənov ölkədə labüd hal almış su qıtlığının və su itkisinin qarşısını almaq üçün suya qənaətin yeganə çıxış yolu olduğunu bildirib. O, eləcə də mövcud su anbarlarının lildən təmizlənməsinin zəruriliyini və yeni su anbarlarının yaradılması üçün ərazi relyefinin dəqiq seçilməsinin vacibliyini qeyd edib.