AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Pirsaat su anbarını tədqiq etmək üçün Hacıqabul ərazisində ezamiyyətdə olub.
Səfər AR Prezidenti İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyəti araşdırmaq məqsədini daşıyıb.
Mütəxəssis bildirib ki, Pirsaatçay dərəsində yerləşən su anbarı 1964-cü ildə istismara verilib. Onun suyu ilə Qubalı Baloğlan, Rəncbər, Navai, Qızılburun və Atbulaq kəndlərinin əkin sahələri suvarılır. Layihə üzrə su anbarının tam həcmi 16.9 mln. m3 olduğu halda hazırda yatağının təxminən 70-75%-i lilləndiyindən anbarda cəmi 3-4 mln.m3 su toplana bilir ki, bu da kənd təsərrüfatını su ilə tam təmin edə bilmir. Pirsaatçay ildə təxminən 290 min ton qırıntı materialı nəql edir ki, daşqınlı dövrdə bu kəmiyyət dəfələrlə artır. Digər tərəfdən, anbarın yerləşdiyi ərazilərdə arid iqlim şəraiti hökm sürdüyünə görə anbardakı su yüksək buxarlanmaya məruz qalır ki, bu səbəbdən də itən suların miqdarı artır.
Alim anbarın uzun illər ərzində toplanmış lil-qum çöküntülərindən təmizlənərək layihədə nəzərdə tutulmuş dərinlikləri (su həcmini) bərpa etmək məqsədilə bir sıra kompleks tədbirlərin həyata keçirilməsini təklif edib. Xüsusi lil sovuran nasoslarla anbar yatağının qum və lillərdən azad edilməsi, çayın anbara daxil olduğu yerdən bir neçə yüz metr yuxarıda çay yatağında 2 (iki) kiçik ölçülü sudurulducu hovuzun tikilməsi, su anbarının yatağının yuxarı hissələrində cəngəllik kimi formalaşan qamış və s. kimi bitkilərdən anbarın azad edilməsi, çay hövzəsinin yuxarı hissələrində sudan istifadənin inteqrasiyalı idarə olunması və s. tədbirlər təklif olunanlar sırasındadır.