Sentyabrın 20-də Azərbaycan Respublikası ETSN və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərinin Baş plan layihəsində nəzərdə tutulan su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı Beynəlxalq məsləhətçi şirkət tərəfindən təqdim edilən təkliflərin müzakirəsinə həsr edilmiş videokonfrans keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrası ilə əlaqədar təşkil edilib.
Konfransda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Hidrologiya şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Hafiz Səmədzadə iştirak ediblər.
Akademik R.Məmmədov söz alaraq Bakının Baş planının hazırlanmasında yeraltı suların istifadə imkanlarının, Xəzərin səviyyə dəyişməsinin nəzərə alınmasının vacibliyini göstərib, Xəzər səviyyəsinin Bakıda və Abşeron yarımadasında qrunt sularının səviyyəsi üçün indikator polunu oynadığını qeyd edib.
Elmi İşlər üzrə direktor müavini M.Həsənov çıxışında Bakının Baş planının tərtibində su ilə təchizata xüsusi fikir verilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, özünün təbii su ehtiyatı olmayan Abşeron yarımadasında və Bakı şəhərində yağış sularının toplanaraq yay aylarında yaşıllıqların suvarılmasında və digər texniki mərhələlərdə istifadəsi çox məqsədəuyğundur. Alim Bakı şəhərində atmosfer yağıntılarının idarə olunması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını bir daha yada salaraq qeyd edib ki, Bakıya bir ildə təqribən 230-250 mm yağıntı düşür ki, bu da bir ildə 0,5 kub. km su deməkdir. Onun yarısı toplanaraq istifadə edilə bilsə içməli suya xeyli qənaət edilmiş olar.
Həm akademik Ramiz Məmmədovun, həm də Məhərrəm Həsənovun təklifləri tədbir iştirakçılarının böyük diqqətinə səbəb olub.