AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadənin “Respublika” qəzetində “İçməli su və suvarma suyu ilə təminat yüksək səviyyədə olmalıdır” adlı məqaləsi dərc edilib.
Yazıda ölkə başçısı, Prezident İlham Əliyevin Respublikada su qıtlığı, quraqlıq, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, yağıntıların və çaylarda sululuğun azalması, suvarma işlərinin vəziyyəti, əlavə su mənbələrinin müəyyən edilməsi, su ehtiyatlarının qiymətləndirilməsi və s. bu kimi məsələlərlə əlaqədar fikirləri və eləcə də Coğrafiya İnstitutunun su ilə bağlı fəaliyyəti yer alıb.
Bildirilir ki, əhalinin su ilə təminatı məsələləri ölkə başçısının həmişə diqqət mərkəzindədir. “Azərbaycanda insanların sağlamlığına, eləcə də kənd təsərrüfatının inkişafına təsir edən içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”, deyən su idarəçiliyi sahəsində geniş məlumatlı olan Prezident cavabdeh şəxslərdən həyat, inkişaf və təhlükəsizlik rəmzi olan su təminatına böyük məsuliyyətlə yanaşmağı tələb edir.
Məqalədə həmçinin deyilir ki, Azərbaycanda su problemləri, iqlim dəyişiklikləri, quraqlıq, çayların vəziyyəti, dəniz səviyyəsinin tərəddüdləri, ekoloji tarazlıq, yağıntılar, ətraf mühitin mühafizəsi, torpaq sürüşmələri, daşqın, sel təhlükələri və s. bu kimi əhalini daim düşündürən və narahat edən məsələlər uzun illərdir ki, Coğrafiya İnstitutunun alimləri tərəfindən tədqiq edilir. Hələ təkcə 2013-2014-cü illərdə Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda su problemlərinə həsr olunmuş 2 Beynəlxalq elmi-praktiki konfrans və “Dəyirmi masa”, forum, eləcə də bu günə qədər onlarca elmi seminar keçirilmişdir. Akademik R.Məmmədovun təşəbbüsü ilə 2018-ci ildə sudan istifadə sahəsində maarifləndirmənin təşkilinə, mütəxəssislərin biliklərinin artırılmasına kömək məqsədilə “Sudan İstifadə sahəsində mütəxəssislər” İctimai Birliyi yaradılıb ki, bura Azərbaycan Respublikasının şirin su resurslarına səlahiyyətli təşkilat və nazirliklərinin aparıcı mütəxəssisləri cəlb olunub.