AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə Elmi seminarın növbədənkənar iclası keçirilib. İclas Bakıda qonaq olan, dünyanın 100 ən qabaqcıl universitetləri sırasına daxil olan Tümen Dövlət Universitetinin (TDU) Ekologiya və Təbii Resurslardan Səmərəli İstifadə ETİ-nin direktoru, b.e.d.,
Rusiya Federasiyasının əməkdar ekoloqu A.V.Soromotinin məruzəsinə həsr olunmuşdur.
R.Məmmədov qonağı iclas iştirakçılarına təqdim edərək bildirib ki, A.V.Soromotinin Tümendə yaratdığı institut coğrafi ekologiyanın tədqiqi ilə məşğul olur. Akademik bildirib ki, həmin müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün rus alimi İnstitutun Elmi seminarına dəvət edilib.
A.Soromotin “Sibirin şimalında ekoloji tədqiqatlar və təbii ehtiyatlardan səmərəli istifadə” mövzusundakı çıxışında qeyd edib ki, onun Bakı ilə sıx elmi əlaqələri olub və indi gəlməyinin də əsas səbəbi həmin əlaqələrin bərpası və rəhbəri olduğu ETİ-də aparılan elmi tədqiqat işləri barədə təcrübə mübadiləsi aparmaqdır.
Məruzəçinin vurğuladığına görə, fəaliyyətində qabaqcıl Avropa institutlarının təcrübəsinə əsaslanan bu müəssisə qalib gəldiyi 3 milyon dollar dəyərində qrant vəsaiti hesabına zəngin səyyar laboratoriya bazası, 25 km. əraziyə uçuş edə bilən təyyarə tipli pilotsuz aparat, günün istənilən vaxtında və istənilən hava şəraitində 2.5 min km. radiusda peyk məlumatlarını qəbul edən УниСкан™ 24 yerüstü stansiyası, və s. əldə etmişdir. Bu avadanlıqlar tədqiq edilən zonada müntəzəm müşahidə aparmağa imkan verir.
Sonda akademik R.Məmmədov maraqlı məruzəyə və iclas iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırdığına görə Rusiyalı alimə Coğrafiya İnstitutu əməkdaşları adından təşəkkürünü bildirib.