AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi qeyd edilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov bu əlamətdar gün münasibətilə əməkdaşları təbrik edərək, Dünya azərbaycanlılarının birlik və həmrəyliyindən söz açıb. Qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində qeyd olunur. 31 dekabr - Azərbaycanlıların Həmrəylik Günü Dünyanın hər yerinə yayılan 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilib. Bu bayramın qeyd edilməsi dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rola malikdir.
Son günlərini yola saldığımız 2019-cu ilin də ötən illər kimi İnstitut üçün uğurlu olduğunu deyən akademik “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildinin çapdan çıxmasını əlamətdar hadisə kimi qeyd edib. O bildirib ki, türkdilli ölkələrin bir-birinin coğrafiyasını, tarixini, mədəniyyətini öyrənməsi, yaxşı tanıması onların bir-birinə daha da yaxınlaşmasında və birliyində əhəmiyyətli rol oynaya bilər.
Çıxışının sonunda direktor bu əlamətdar gün və Yeni il münasibətilə İnstitut əməkdaşlarını ürəkdən təbrik edib, hər birinə uzun ömür, möhkəm cansağlığı, firavan günlər və mehribanlıq arzulayıb.
Bu münasibətlə çıxış edən elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Luiza Salayeva və digərləri xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək onlar arasında birlik və həmrəylik yaratmağa xidmət etdiyini diqqətə çatdırıblar.