Coğrafiyaçı alimlər Azərbaycan televiziyasının qonağı olmuşlar 2019-06-24 18:38:00 / MÜHÜM HADİSƏLƏR

İyunun 22-də başda akademik Ramiz Məmmədov və c.ü.f.d. Şahin Pənahov olmaqla, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət Universitetlərinin müəllim-tələbə kollektivi Azərbaycan Dövlət Televiziyasının qonaqları olmuşlar. Aparıcı  coğrafiyaçı jurnalist Orxan Cabbarlının “Təhsil üçbucağı” verilişinə dəvət olunmuş akademik Ramiz Məmmədov, eləcə də digər iştirakçılar coğrafiyanın müxtəlif problemləri, gələcək inkişafı haqqında fikir mübadiləsi  aparmış, irad və təkliflərini bildirmişlər.

Coğrafiya elmi haqqında fikir bildirən akademik onun artıq özünün təsviri funksiyasını çoxdan  başa vurmuş və fundamental tətbiqi bir elmə çevrildiyini tamaşaçıların diqqətinə çatdırmışdır. Alim bildirmişdir ki, coğrafiyasız nə iqtisadiyyatı, nə də kənd təsərrüfatını təsəvvür etmək mümkün deyildir. Ancaq coğrafi biliklərin tətbiqi ilə bu və digər sahələrdə uğur əldə etmək mümkündür. İnkişaf üçün coğrafi məlumatlar zəruridir. R. Məmmədov ölkə coğrafiyaçılarının əldə olunmuş nailiyyətlərə görə üç dəfə  Azərbaycan Dövlət Mükafatına layiq görüldüyünü xüsusilə vurğulamışdır.  Coğrafiya dərsliklərinə münasibət bildirən natiq müəlliflərin təkcə coğrafiyanın bilicisi olmağın  kifayət etmədiyini, onların həm də hərtərəfli biliklərə malik olmalarını vacib hesab edib. “Güclü dövlətlərdə ölkənin idarə olunmasında coğrafiyaçıların rolu böyükdür”, - deyən R.Məmmədov  Rusiya Coğrafiya Cəmiyyəti prezidentinin ölkənin müdafiə naziri, Cəmiyyətin Qəyyumlar Şurası sədrinin isə Rusiya prezidenti V. Putinin olduğunu xüsusi qeyd edib.

Bir saata  yaxın davam edən verilişdə müasir coğrafiyaya yeni baxış, coğrafiyanı necə öyrətməli və öyrənməli, coğrafiyanın xalq təsərrüfatının inkişafında rolu, coğrafiya fənninin ali və orta məktəblərdə tədrisi, elmlə tədrisin vəhdəti, təhsil ocaqlarında coğrafiyaya olan münasibət, kadr hazırlığı, coğrafi informasiya vasitələrinin tətbiqi ilə Xəzər dənizinin öyrənilməsi, coğrafi biliklərin həyatımızda – kənd təsərrüfatında və iqtisadiyyatda tətbiqi, coğrafiya elminin gələcək inkişafı və s. kimi məsələlər yer alıb.

https://igaz.az/az/videogallery/81