AMEA Coğrafiya İnstitutunun əməkdaşı Zahid Əhmədov yanvarın 27-də faciəli şəkildə dünyasını dəyişib.
Zahid Məhəmməd oğlu Əhmədov 1939-cu il noyabrın 15-də Gürcüstan SSR Dmanisi rayonunun Şorşeled kəndində anadan olmuşdur.
1958-ci ildə Dmanisi rayonu Kiromisi kənd orta məktəbini gümüş medalla bitirmiş və həmin ilin noyabr ayında ordu sıralarına çağrılmışdır. 1961-ci ildə hərbidən tərxis olunandan sonra Bakı şəhərinə gəlmiş, Yeni Bakı Neftayırma zavodunda fəhlə işləmişdir. 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunmuş və 1967-ci ildə oranı bitirmişdir.
1967-1969-cu illərdə Azərbaycan SSR Qasım İsmayılov (indiki Göranboy) rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində ingilis dili müəllimi işləmişdir.
1969-cu ilin oktyabr ayından ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdir, Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalına redaktorluq etmişdir.
Zahid Əhmədov bədii yaradıcılıqla, elmi redaktorluq, tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, bir sıra publisistik yazı və hekayələrin müəllifi olmuş, “Yarımçıq hekayələr” hekayələr toplusunu çap etdirmişdir. “Toxunulmaz müqəddəslər”, “Qəribə dünyamız, sirli dünyamız”, toplularını, yaponiyalı Reiko Ucidanın “Tufandan qabaq”, “Yamanlığın kökü”, “Ürəyini harayla” əsərlərini ingilis dilindən Azərbaycan dilinə, akademik Budaq Budaqovun “Avrasiyanın türk toponimləri” əsərini isə Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Bu kitabın nəşrini görmək onun arzularından biri olub.
Özünün yazdığı kimi, onun maraq dairəsi – mütaliə, tərcümə, insan mənəviyyatı ilə bağlı publisistika, ən böyük istəyi – Azərbaycanı həmişə azad, və bütöv, insanlarını halal, məğrur və ləyaqətli görmək olub.
AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi iş yoldaşları Zahid Əhmədovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə, dostları və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!