Cİ-nin ilk magistri uğurla müdafiə edib 2018-06-07 18:10:00 / ELMİ İCLASLAR

Azərbaycan Milli Elmlər Akademiyası ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun ilk magistri dissertasiya işini müdafiə edib.

2016-2017-cı tədris ilində institutun magistraturasına qəbul olunmuş Zeynəb Mirzəyeva “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə  “Azərbaycanda ümumi məhsul istehsalının regional paylanma xüsusiyyətləri” mövzusunda apardığı tədqiqat işinin yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında təqdim edib.

Dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçən iclasda coğrafiya üzrə elmlər doktorları  Zakir Eminov və Nəriman Paşayev, coğrafiya üzrə fəlsəfə doktorları  Nizami Əyyubov (sədr müavini) və  Samirə Ələkbərova (elmi katib), Təhsil şöbəsinin rəhbəri, c.ü.f.d. Müseyib Yunusov, c.ü.f.d. Günəş Ağakişiyeva iştirak ediblər.

M.Həsənov magistrin  hazırlıq və bilik səviyyəsini xüsusi qeyd edərək, onun tədqiqatlara əsil mütəxəssis kimi yanaşdığını  vurğulayıb,  magistratura təhsili üzrə uğurlu fəaliyyətin gələcəkdə elmi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynayacağını bildirib. 

Dissertasiya işinin elmi rəhbəri Z.Eminov, eləcə də magistrə dərs demiş Şuranın digər  üzvləri – N.Paşayev, N.Əyyubov, M.Yunusov və G.Ağakişiyeva Z.Mirzəyevanın tədqiqat işini yüksək qiymətləndirib, iddiaçının hazırlıq səviyyəsindən razı qaldıqlarını bildirdilər.

Zeynəb Mirzəyeva magistrlik dissertasiyasını əla qiymətlə müdafiə edib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024