Yer Elmləri Bölməsinin mayın 18-də keçirilən növbəti büro iclasında Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə Prezidentinin "Azərbaycan Respublikasının fövqəladə hallar atlasının nəşri barədə 2 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Bildirib ki, atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir. Akademik rəhbərlik etdiyi qurumun ilkin mərhələdə 20 atlas hazırladığını diqqətə çatdırıb, bu məqsədlə dövlət başçısı tərəfindən təsdiqlənən redaksiya heyəti üzvlərinin görüşünün keçirilməsinin zəruriliyini vurğulayıb.
İclasda Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi üzrə vakant yerlərə müsabiqədə iştirak edən namizədlərin çıxışları dinlənilib. Nəticədə akademik Ramiz Məmmədov Xəzər dənizinin səviyyə problemləri şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru, do-sent Zaur İmrani Turizm və rekreasiya coğrafiyası şöbəsinin, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Tibbi coğrafiya şöbəsinin, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzər dənizinin monitorinqi şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Geoinformatika və kartoqrafiya şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev isə Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər.
İclasda həmçinin dosent Məhərrəm Həsənovun Rəyasət Heyəti qarşısında Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə qərar verilib.
Bundan əlavə, AMEA "Xəbər-lər” jurnalının Yer Elmləri seriyasının redaksiya heyətində edilən dəyişikliyə əsasən coğrafiya elmləri doktoru Zakir Eminov redaksiya heyətinin yeni üzvü seçilib.