Türk alimlərilə görüş 2016-02-15 10:00:00 / MÜHÜM HADİSƏLƏR

  Bu gün türk okeanoloqları – Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsinin icraçı direktoru, professor Dr. Mustafa Ergün və Dəniz Elmləri və Texnologiya İnstitutunun (Dokuz Eylül Universitəsi) professoru  Dr. Günay Çifçi  AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

  Qardaş ölkənin alimlərini Bakıya gətirən əsas səbəb müsəlman islam dövlətlərinin Okeanoqrafik Məlumatlar Mərkəzinin yaradılması, bu məqsədlə Azərbaycanın  digər islam ölkələri ilə iqtisadi, siyasi, ticarət, turizm əlaqələrinin genişləndirilməsi və onun İslam Ölkələri İş Birliyi Təşkilatına qoşulması məsələləridir.

  Okeanoloqlar əvvəlcə müəssisə rəhbərləri - akademik Ramiz Məmmədov və AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə görüşüb, fikir mübadiləsi aparıblar. Qonaqlar  Coğrafiya İnstitutu, onun fəaliyyət istiqamətləri, burada aparılan elmi tədqiqatlar haqqında məlumatlar alıb, təəssüratlarını bölüşüblər. Sonra onlar İnstitutun elmi seminarında iştirak ediblər. Dr. Mustafa Ergün “Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsi” mövzusunda, Dr. Günay Çifçi  isə Dəniz Elmləri və Texnologiya İnstitutu haqqında məruzələr ediblər. Okeanın, dənizin insanların həyatında oynadığı əhəmiyyətli rolundan, bu istiqamətdə islam ölkələrinin fəaliyyətinin nədən ibarət olmasından və onların bundan nə kimi faydalana biləcəklərindən danışıblar.

  İnstitut rəhbəri, akademik Ramiz Məmmədov müzakirə olunan məsələlərə öz müsbət münasibətini bildirərək, orta məxrəcə gəlmək üçün identik bir layihənin yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Yekunda akademik maraqlı məruzələrə görə türk alimlərinə öz təşəkkürünü bildirib.

Sonda tərəflər arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020