Elmi seminarda Xəzər hövzəsinin Plio-Pleystosen dövründə öyrənilməsinə dair məruzə dinlənilib 2017-11-29 15:24:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının noyabrın 27-də keçən iclasında Paleocoğrafiya şöbəsinin  elmi işçisi Elşən Abdullayev “Mikropaleontoloji, mineroloji və geokimyəvi məlumatlar əsasında Xəzər hövzəsinin Plio-Pleystosen dövründə paleoşəraitin öyrənilməsi” mövzusunda məruzə edib.

Bildirilib ki, eyni adlı qrant layihəsi üzrə aparılan bu iş TUBİTAK,  Muğla Sıtkı Koçman Universitetinin elmi fondu, AMEA ak. H.Ə. Əliyev ad. Coğrafiya İnstitutu, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin dəstəyi və Muğla Universitəsi ilə Coğrafiya İnstitutunun birgə əməkdaşlığı əsasında aparılmışdır. İşin əsas məqsədi mikropaleontoloji, mineroloji və geokimyəvi analizlər nəticəsində Akcagil və Abşeron dövründə Xəzər hövzəsinin Rus platformasında iqlim dəyişmələrni,  Xəzər hövzəsində dəniz səviyyəsinin dəyişməsini və suyun duzluluğunu müəyyən etmək, şimal yarımkürəsində baş vermiş buzlaşma dövrü ilə Xəzər dənizi səviyyəsinin dəyişmələrini araşdırmaqdır. Tədqiqatın nəticələrinə əsasən məlum olmuşdur ki, Akçagil və Abşeron dövründə Xəzər hövzəsinin su səviyyəsinin dəyişmələri Şimal yarımkürəsində iqlim dəyişmələri ilə əlaqədardır.