AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İntitutunun əməkdaşı və Vikipediya qrupunun rəhbəri Aida Aslanova 12-13 avqust tarixlərində Vikimedia Fondunun dəstəyi, Azərbaycan Vikimedia Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə Qax rayonunun İlisu kəndində keçirilən Azərbaycan vikipediyaçılarının yay düşərgəsində iştirak edib.
Düşərgənin təşkilində əsas məqsəd Vikipediyaya yeni istifadəçilər cəlb etmək, təcrübə mübadiləsi aparmaq, Vikipediyanın kütləviləşdirilməsini aktuallaşdırmaq, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək və ölkəmiz haqqındakı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xarici dillərdə yazılan məqalələrin sayının artırılmasına stimul yaratmaqdır.
Düşərgədə iştirak etmək üçün 130-dək müraciət daxil olub və onların arasından 30 nəfər iştirakçı seçilib.
Tədbirdə Vikipediyada tətbiq edilən müxtəlif qadcetlər, onların faydaları, şablon yaratmağın metodologiyası və bu sahədə səmərəli fəaliyyətlə bağlı müxtəlif mövzularda təqdimatlar keçirilib. İştirakçılar dünya vikipediyaçılarının həyata keçirdikləri layihələr barədə məlumatlar alıblar, düşərgə müddətində məqalələrin yaradılması, fotoşəkillərin vikianbara yüklənilməsi, onlardan viki-məqalələrdə istifadə və s. kimi işləri həyata keçiriblər. Düşərgə dövründə çəkilən yüzlərlə fotoşəkil Vikianbara yüklənərək gələcəkdə həm məqalələrdə istifadə edilə biləcək, həm də ölkəmiz barədə fotoşəkillər axtaran şəxslərin məlumatlanmasına xidmət edəcəkdir.
Səmərəli və maraqlı 2 günlük səfər zamanı vikipediyaçılar eyni zamanda İlisu kəndində yerləşən Sumuq qalası, Qum kəndində yerləşən, V əsrə aid məbəd, Qaxingiloy kəndində yerləşən Müqəddəs Georgi kilsəsi, İlisu şəlaləsi, Hamamçay və Qax rayonunun digər tarixi abidələri ilə də tanış olublar.
Vikidüşərgədə iştirak edən 30 peşəkar və yeni istifadəçinin bütün maliyyə xərclərini Təşkilat Komitəsi öz üzərinə götürüb.